Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:17

'Azərbaycanla bağlı rüşvət məsələsi araşdırılsın'


Avropa Şurası
Avropa Şurası

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) korrupsiya faktına göz yummaqda günahlandırılır. Səbəb qurumun keçmiş vitse-prezidenti – italiyalı siyasətçi Luca Volontè-nin Azərbaycan rəsmilərindən 2.4 milyon avro məbləğində rüşvət almasıyla bağlı ittihamlardır. Avropa Şurası (AŞ) bu ittihamların AŞPA–nın nüfuzuna xələl gətirəcəyindən qorxur və məsələylə bağlı təcili araşdırma aparılmasını istəyir. «The Guardian» qəzetində bu haqda geniş məqalə dərc olunub.

İttihamlara görə, L.Volontè Azərbaycan rəsmilərindən ölkədəki seçkilərin saxtalaşdırılmasına yardım etmək, siyasi məhbuslarla bağlı sənədlərin qəbuluna əngəl olmaq əvəzində rüşvət alıbmış.

GÜNƏŞ VƏ YAĞIŞ

Korrupsiya faktıyla bağlı təcili araşdırma, həmçinin Assambleyanın davranış kodeksinə yenidən baxılmasını tələb edən qətnamənin müəlliflərindən biri, danimarkalı parlamentari Pieter Omtzigt-dir. «The Guardian»a müsahibəsində P.Omtzigt deyib ki, Azərbaycandakı seçkilər haqda materiallar çox şübhəli olur, ona görə də rüşvət məsələsiylə bağlı tez və detallı tədqiqat aparılmalı və nəticələrin ictimaiyyətə açıqlanması təmin edilməli, həm də bu iş hansısa müstəqil quruma həvalə olunmalıdır.

Buna da bax-Avropalı deputatlar Azərbaycanla bağlı korrupsiya məsələsinə bir də qayıdacaqlar

«Avropa Şurası Azərbaycana 2010, 2013, 2015-ci illərdə müşahidəçi göndərib və hər dəfə də bu parlamentarilər qayıdanda, orada günəşin şəfəq saçdığını söyləyiblər. Halbuki başqaları yağış yağdığını deyirdilər. Onlar hər dəfə azad və ədalətli seçkilərdən danışırdılar… ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli seçki müşahidəçiləri isə çox böyük problemlərin olduğunu bildirirdilər». Bunu isə Cənub-Şərqi Avropa və Qafqaz üzrə ixtisaslaşmış tədqiqat mərkəzi olan Avropa Stabillik Təşəbbüsünün (European Stability Initiative) rəhbəri Gerald Knaus deyir. Onun sözlərinə görə, AŞ parlamentariləri korrupsiyayla bağlı açıq suallar verə bilmirlər. Halbuki AŞPA məruzəçilərinin Azərbaycandakı seçkiləri tərifləməsi çoxdan suallar doğurmalıydı.

Gerald Knaus
Gerald Knaus

Avropa Şurası 1949-cu ildə, demokratiyanı qorumaq və qanunun aliliyini təmin etmək məqsədilə yaradılıb. Azərbaycan quruma 2001-ci ildə qoşulub.

QƏTNAMƏ LAYİHƏSİ HAZIRLANIB

«The Guardian» qəzeti yazır ki, müşahidəçilər qurumun bu üzvünə – neftlə zəngin Azərbaycana insan haqlarının pozulması, seçki saxtakarlıqlarına göz yummasıyla bağlı narahatlıqlarını öncə də dilə gətiriblər. İnsan haqları təşkilatları qurumun Bakıya gələn qonaqlarının qarşısına tökülən qızıl və gümüşdən, ipək xalça və balıq qonaqlıqlarından, «kürü diplomatiyası»ndan danışıblar. 2016-cı ilin noyabrında isə İtaliyanın ictimai yayımı –RAI L.Volontè haqda bilgini açıqlamaqla AŞPA-da çaxnaşmaya səbəb oldu.

Buna da bax-Əcaib siyasət: Avropa Şurası, futbol və 'kürü diplomatiyası'

Parlamentərilərin çoxu hesab edir ki, ittihamın müstəqil araşdırılmaması quruma etimadı sarsıda bilər. «Başqalarına açıq və şəffaf olmağı məsləhət görənin özünün seçki saxtakarlıqları haqda ittihamları araşdırmaması ağlabatan şey deyil, etibar doğurmur», – P.Omtzigt belə deyib. Onun irəli sürdüyü qətnamə layihəsini AŞPA parlamentarilərinin 1/5-i imzalayıb (AŞPA-nın 324 üzvü var). Onların arasında Böyük Britaniya, Fransa, Almaniya, Skandinaviya və Baltikyanı ölkələr, Yunanıstan, Ukrayna daxil olmaqla, 25 ölkə təmsilçisi var.

ARAŞDIRMANI KİMLƏR APARACAQ

Avropa Stabillik Təşəbbüsünün rəhbəri G.Knaus bu rəqəmlərin heç də ürəkaçan olmadığını bildirir. Onun fikrincə, Assambleya liderləri məsələyə həddən artıq laqeyd yanaşırlar. «Avropa da insan haqları prinsiplərini qoruya bilmirsə, daha kimə ümid bağlamaq olar ki...», –deyə G.Knaus təəssüfünü bildirir.

AŞPA-nın sədri Pedro Agramunt əvvəl tələblərə qarşı çıxsa da, keçən həftə müstəqil araşdırma təklifinə razılıq verib. İndi müşahidəçiləri araşdırma qrupunun kimlərdən ibarət olacağı maraqlandırır. G.Knaus Azərbaycan hökumətinin maraqlarını müdafiə edən qrupları nəzərə alaraq, «kürü koalisiyası»na etibar etməyə əsas olmadığını deyir. Ancaq ümidsiz də deyil.

AŞPA prezidenti məsələyə münasibətini, hələ ki, bildirməyib. Ancaq «The Guardian» qəzeti qurum liderinin Avropa Şurası baş katibinin təzyiqi altında olduğunu vurğulayır. Katib Thorbjørn Jagland ittihamlar haqda danışarkən qurumun korrupsiya məsələsində tolerant olmadığını qəti ifadə edib.

Azərbaycan tərəfi indiyədək oxşar ittihamları rədd edib, AŞPA-da səslənən fikirlərin «ölkəni sevməyənlərin işi» olduğunu söyləyib.

XS
SM
MD
LG