Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:41

'Beta' çayı istehsal edən şirkət bağlanır?


Satışda olan çaylar
Satışda olan çaylar

Azərbaycanda çay bazarının 45-50 faizinə nəzarət edən «ASSAM» şirkəti ləğv olunduğunu kreditorlara elan edib.

Lənkəranın Sütəmurdov kəndində çay paketləməsi ilə məşğul bu şirkətin Bakıdakı ofisində onun qəfil bağlanması barədə AzadlıqRadiosu-nun suallarına cavab verməkdən boyun qaçırsalar da, “Beta” şirkətinin Azərbaycandan getmədiyini bildiriblər: «Belə bir şey yoxdur».

Daha öncə «OVA» bağlanmışdı

Bu, Türkiyənin «Beta Qida Sənaye və Ticarət A.Ş.» şirkətinin Azərbaycanda qurduğu şirkətlərin ilk müəmmalı bağlanma olayı deyil.

«ASSAM» MMC 2014-cü ilin yayında yaranıb. Bunadək Lənkəranda «Beta» markalı çayları qablaşdıran başqa bir şirkət – «OVA» MMC fəaliyyətini dayandırdığını bildirmişdi. O zaman yerli media bunu çay bazarında rəqabətin nəticəsi kimi qiymətləndirmişdi. Həmin şirkətin də qurucusu sözügedən Türkiyə şirkəti idi.

Buna da bax:​ Pürrəngi çayın yeni adı: Korrupsiya bulantısı

Dəyişən təkcə ad idi

«OVA» MMC-nin meydandan çəkilməsi, əslində, heç nəyi dəyişməmişdi: Lənkəran çay fabrikində elə həmin «Beta tea» məhsulları («Champion», «Earl Gray», «Bayce», «Beta OPA», «XAZAR» və s.) qablaşdırılır, təkcə istehsalçı artıq başqa ad daşıyırdı.

Hüquqşünaslar şirkətlərin bir-bir sıradan çıxmasının pərdəarxası səbəbləri barədə müxtəlif fikirdədirlər.

Ekspert: «Vergi yoxlaması ilə bağlı ola bilər»

Hüquqşünas Xəyal Məmmədxanlı fəaliyyətini dayandırmayan bir istehsal müəssisəsini yönəldən şirkətlərin tez-tez dəyişməsini vergi yoxlamalarına bağlayır:

«Yeni yaranmış şirkətdirsə, o zaman ehtimal etmək olar ki, səyyar vergi yoxlamasının vaxtı çatıb. Tez-tələsik bir şirkət bağlanır və yeni şirkət «ağ səhifədən» işə başlayır».

Buna da bax:​ Azərbaycan çayının qara günləri...

«Şirkətin başqalarına borcu ola bilər...»

Başqa bir hüquqşünas – Ramil Süleymanov problemin kreditor borclarından qaynaqlandığına daha çox inanır. «Bir qayda olaraq, ləğv edilən şirkət borcu olan təşkilatlara borcun tələb olunmasına 60 gün vaxt verir. Şirkət nizamnamə kapitalı və aktivində olan əmlakı ilə həmin borca cavabdehdir. Onların satışından əldə olunan vəsait əmlak borclarının bağlanmasına gedir. İşdir, bu vəsait yetməzsə, təsisçi yerdə qalan öhdəliklərə görə cavabdeh deyil».

AzadlıqRadiosu müəyyənləşdirib ki, ASSAM MMC-nin dövlət büdcəsi qarşısında borc öhdəliyi yoxdur.

«Beta» Azərbaycana 2000-ci ildə gəlib

Vergilər Nazirliyinin məlumatına görə, «Beta Qida Sənaye və Ticarət A.Ş.» Azərbaycanda rəsmən 2000-ci ildən təmsil olunur. Onun burada qurduğu «Beta» firmasına Hasan Uğur rəhbərlik edir. Firma Azərbaycan-Türk İş adamları Birliyinin (ATİB) üzvüdür. ATİB-in məlumatında (https://goo.gl/feJFb0) deyilir ki, şirkətin Bakı ofisinə Mehmet Ali Uğur başçılıq edir.

«Beta Qida Sənaye və Ticarət A.Ş.»ni 1987-ci ildə Adanada Uğurlar ailəsi çayın topdan satışı məqsədilə qurub. «Beta» çayları Azərbaycanda 1994-cü ildən satılır. Şirkətin Azərbaycandakı korporativ saytında onun fəaliyyəti barədə heç bir bilgi verilmir.

Buna da bax:​ Azərbaycanda qiymət artımından sonra İrana alış-verişə gedənlər çoxalıb

Həm fermerdən alır, həm də xaricdən

«Beta» firmasının Lənkərandakı çay paketləmə fabrikində 400-dən çox işçinin çalışdığı bildirilir. Fabrik həm yerli çay yarpağının emalı, həm də qablaşdırılması ilə məşğul olur. Çay, əsasən, Şri-Lankadan və Cənub-Şərqi Asiya ölkələrindən gətirilir. Müəssisənin ayda 500 tonluq istehsal gücü var.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda çayın emalı və qablaşdırılması ilə «Astara Çay» MMC (Astara rayonu, Çayoba kəndi), «Tüədo Çay» MMC (Lənkəran rayonu, Tüədo kəndi), «Sun Tea Çay Fabriki» MMC (Bakı şəhəri, Astara rayonunun Qum, Lənkəran rayonunun İstisu kəndləri) məşğul olurlar.

XS
SM
MD
LG