Britaniya məhkəməsi Wikileaks saytının yaradıcısı Julian Assange-ın onun barəsindəki həbs orderinin ləğvi üçün qaldırdığı vəsatəti rədd edib. Beləliklə, son beş ildə Londondakı Ekvador səfirliyinə sığınmış Assange-ın oradan çıxmaq ümidi doğrulmayıb.
Reuters agentliyi xəbər verir ki, bu hökmün ardınca Assange-ın vəkilləri ayrıca arqument irəli sürüblər. Onlar bildirirlər ki, Britaniya hakimiyyət orqanları ictimai maraqlara uyğun gəlmədiyinə görə Assange-ın zamin şərtlərini pozması ilə bağlı təqibi dayandırmalıdır.
46 yaşlı Assange İsveçin tələbi ilə bu ölkəyə ekstradiya edilməmək üçün Ekvadorun Londonun zəngin Naytsbric rayonundakı səfirliyinə sığınmışdı. O İsveçdə zorlamaya görə ittiham olunurdu. Assange bu ittihamları rədd edirdi. Sonradan İsveçdəki ittihamlara xitam verilmişdi.
Assange bildirirdi ki, o İsveçə ekstradisiya edilərsə, oradan da Birləşmiş Ştatlara təhvil verilə biləcəyindən qorxur. Assange ABŞ-ın məxfi hərbi və diplomatik sənədlərini Wikileaks saytında dərc etmişdi.
Öz tərəfdarları üçün Avstraliya doğumlu Assange hökumətin öz səlahiyyətlərini aşmasına qarşı çıxan kiberqəhrəmandır. Tənqidçiləri isə onu Qərbin təhlükəsizliyini pozmuş cani hesab edirlər. Bir sıra Britaniya ekspertləri Assange-ı Rusiya və Putinin aləti olmaqda günahlandırırlar.
Tərəfdarları deyirlər ki, Assange səfirlikdə keçiridiyi qapalı həyat şəraitində sağlamlığını itirib. Onun depressiya, stomatoloji və çiyin ağrısı kimi problemləri var.
Hazırkı vəziyyətdə Assange Ekvador səfirliyini tərk edən kimi həbs olunacaq. Çünki o zamin şərtlərini pozaraq İsveçə ekstradisya olunmaq üçün polisə gəlmək əvəzinə Ekvador səfirliyində gizlənib.
Onun vəkilləri iddia edirlər ki, İsveçdə Assange-a qarşı ittihamlar ləğv olunandan sonra onun həbsi üçün heç bir hüquqi əsas qalmır. Lakin hakim Emma Arbuthnot bu iddiaları rədd edib.
O hökmü oxuduqdan sonra Assange-ın vəkilləri hakimdən ictimai maraq arqumentinin nəzərə alınmasını xahiş ediblər.
İndi bu vəkillərin yeganə ümid yeridir. Amma hətta hakim ictimai maraqları nəzərə alaraq orderi ləğv etsə belə, Assange Ekvador səfirliyini dərhal tərk edə bilməyəcək.
O narahatdır ki, bu halda ABŞ ona qarşı ittihamları qaldıracaq, Britaniya isə Vaşinqtonun ricası ilə onu yenidən həbs etməli olacaq.