Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:38

Qazaxıstanda prezidentlik müddəti və paytaxtın adı dəyişdirilir


Astana şəhərinin adı 2019-cu ildən Nur-Sultan olmuşdu
Astana şəhərinin adı 2019-cu ildən Nur-Sultan olmuşdu

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə paytaxtının adınının Nur-Sultandan Astanaya dəyişdirilməsinə razılıq verib

Qazaxıstan parlamenti sentyabrın 16-da iki oxunuşda Konstitusiyaya düzəlişləri qəbul edib.

Qəbul edilmiş qanuna görə prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılır, lakin prezidentə yalnız bir müddətə seçilmək imkanı verilir.

Bu qanunla habelə Qazaxıstan paytaxtına onun əvvəlki adı – Astana adı qaytarılır.

Paytaxt 2019-cu ildə birinci prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılmışdı.

Konstitusiyanın 5 maddəsinə düzəlişlərdən ibarət qanunun layihəsini ölkə parlamentinin hər iki palatasına ədliyyə naziri Kanat Musin təqdim etmişdi.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə paytaxtının adınının Nur-Sultandan Astanaya dəyişdirilməsinə razılıq verib.

Tokayevin sözçüsü Ruslan Jeldıbay sentyabrın 13-də özünün Facebook səhifəsində yazıb ki, prezidentin bu razılığından sonra bu təklif konstitusiyaya hazırda işlənməkdə olan dəyişikliklər haqqında qanuna əlavə ediləcək.

Sentyabrın 2-də parlamentdəki Yeni Qazaxıstan fraksiyası ölkənin birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə paytaxta verilmiş Nur-Sultan adının dəyişdirilməsinə və şəhərin əvvəlki Astana adının qaytarılmasına dair təklif vermişdi.

Tokayev paytaxta Nur-Sultan adının verilməsi barədə qərarı 2019-cu ildə, ölkəyə 30 ilədək avtoritar rəhbərlik etmiş Nazarbayev istefasını elan edəndən və Tokayevin onun varisi olduğunu bildirəndən bir gün sonra qəbul etmişdi.

Nazarbayev rejimi

Nazarbayev rəsmən istefa versə də, Təhlükəsizlik Şurasının sədri kimi qalmaqla geniş hakimiyyət səlahiyyətlərini özündə saxlamışdı.

O habelə “millətin lideri” – Elbası titulunu daşıyırdı.

Bir çox vətəndaşlar Nazarbayev hakimiyyətinin repressiyalarından narazı idilər.

Nəhayət bu ilin əvvəllərində yanacaq qiymətlərinin kəskin artımına qarşı aksiyalar ölkəni bürüyən geniş etiraz dalğasına çevrilmişdi.

Bir çoxları bu etirazların əslində Nazarbayev rejiminə, onun ailəsinin və yaxınlarının korrupsiya əməllərinə qarşı olduğunu deyirdilər.

“Tarixi fakt”

Bu hadisələrdən sonra Tokyaev Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırmış və bu vəzifəni öz üzərinə götürmüşdü.

Bunun ardınca Nazarbayevin bəzi qohumları vəzifələrindən azad edilib və onlardan bəziləri həbs olunub.

Bu ilin iyununda Tokayevin təşəbbüsü ilə keçirilmiş referendumla Nazarbayevin adı konstitusiyadan çıxarılıb və onun Elbası titulu ləğv edilib.

Bəzi qazax tənqidçilər bildirirlər ki, Tokayevin təşəbbüsləri əsasən kosmetik səciyyə daşıyır və avtokratik rejimin təbiətini qoruyub saxlayır.

Məhz bu sistem illərlə davam edən korrupsiya və qohumbazlığa meydan açıb.

Jeldıbay sentyabrın 13-də Facebook səhifəsində yazıb:

"Eyni zamanda prezident Qazaxıstanın müasir dövlətçiliyinin möhkəmləndirilməsində və paytaxtın qurulmasında Nazarbayevin rolunu həlledici hesab edir və tarixi fakt sayır”.

XS
SM
MD
LG