Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

'3 aydır pul vermirlər' - Astarada aksiya


Astarada aksiya
Astarada aksiya

Bu gün, dekabrın 22-si, səhər saatlarında Astarada su çəkilişində iştirak edən bir qrup fəhlə etiraz aksiyası keçirib.

Fəhlələr Astara şəhərinin ərazisində yerləşən «Relax» İstirahət Mərkəzin giriş və çıxış qapılarını bağlayıblar. Nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Fəhlə Orxan Kazımov deyib ki, aylardır gördükləri işin pullarını ala bilmirlər:

«Əsas təşkilat «Azərsu» ASC-dir. İşi «Kaspi Yıldız» götürüb. Bizi də «Kaspi Yıldız» işlədib. Bizlə müqavilə bağlanmayıb. Günəmuzd işləmişik. Hər iş gününə görə bizə 15 manat pul verməlidirlər. «Kaspi Yıldız»ın da idarəsi «Relax»ın həyətində yerləşir. Məcbur olub yolu bağlamışıq».

Başqa bir fəhlə isə deyib ki, bu barədə yerli icra orqanlarına da şikayət ediblər:

«İcra hakimiyyətinə getmişik, polis şöbəsinə getmişik. Dedilər, ayın 15-də veriləcək, sonra dedilər, 20-si, indi deyirlər, 25-i, süründürürlər. Ondan əvvəl 2 ay almışıq. İndi 3 aydır pul vermirlər».

Astarada aksiya
Astarada aksiya

«10 manat verib evimə gedə bilmirəm»

Adının çəkilməsini istəməyən bir işçi isə narazılığını belə ifadə edir:

«Başqa briqadalar da var. Elə briqadalar var ki, ümumiyyətlə, heç nə almayıblar. Mühəndislər, ümumiyyətlə, pul almayıblar. Ayyarımdır işi saxlamışıq. Süründürülər, gəlib çıxmışıq bura. Yeni il qabağıdır. Gəncədən gəlmişəm, kirayə ev tutmuşam. Ev sahibi məni atıb çölə. Evimə gedə bilmirəm. 10 manat verib evimə gedə bilmirəm. «Kaspi Yıldız»dan deyirlər ki, «Azərsu» ASC pulu köçürtmür. Tutaq ki, «Azərsu» ASC pulu köçürtmür, bizi nə üçün işlədirdilər? Deyilənə görə, «Azərsu» ASC 4 aydır pulu köçürtmür».

«Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, bu məsələnin onlara aidiyyəti yoxdur:

«Podratçı təşkilatla dəqiqləşdirin», - deyə oradan vurğulayıblar.

«Kaspi Yıldız» müəssisəsindən isə hələlik işçilərin etirazına münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG