Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:20

Fermeri aldadanlar tutulsa da, ona dəyən ziyan ödənmir


Rəşad Mədətov
Rəşad Mədətov

Astara rayon Şahağacı kəndinin sakini, gəmi kapitanı Rəşad Mədətov neçə illərdir ki, onu aldadan məmurlarla mübarizə apardığını, haqqı olanı almağa çalışdığını deyir: "20 ildir dənizçi işləyirəm. Hazırda gəmi kapitanıyam. Bu illər ərzində topladığım vəsaiti kənd təsərrüfatının genişlənməsinə sərf etmək qərarına gəldim. Gördüm ki, kəndimizə bitişik olan qonşu Şiyəkəran kəndində boş torpaqlar var. Bununla bağlı rayon icra hakimiyyəti başçısının Şiyəkəran kənd icra nümayəndəsi Tofiq Əliyevə, bələdiyyə sədrinə müraciət etdim. 52 min manat ödədikdən sonra mənə 40 hektar əkin sahəsi verdilər. Mənə dedilər ki, torpaqlar hərrac yolu ilə sənədləşdirilib".

O, bundan sonra qollarını çirmələyərək işləməyə başlayıb, ona verilən ərazidə taxıl əkib, 50 baş mal-qara üçün tövlə tikib, qoz bağı salıb.

"Yararsız olan əkin sahələrini yaxşı vəziyyətə gətirdim. Fikirləşirdim ki, işlərim qaydasına düşür", - Rəşad Mədətov belə deyir.

R.Mədətov ikinci il subsidiya almaq üçün müvafiq orqanlara müraciət edir və aldığı torpağın sənədlərini tələb olunan yerlərə göndərir. Dediyinə görə, elə bu zaman da gözlənilməz cavabla qarşılaşır:

Qoz bağları salınıb
Qoz bağları salınıb

"Subsidiya vermədilər. Dedilər ki, bu torpaqlar kənd sakinlərinindir, payı bəlli torpaqlardır. Halbuki, mənə verilən torpaqların sənədlərinə qol çəkilib, möhür vurulub. Məmurlar məni aldatmışdılar. Pulun qaytarılmasını tələb etdim, vermədilər. Şikayət etdim. Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin şəxsləri cəzalandırdı - Tofiq Əliyevə 8 il 6 ay həbs verdilər. Məhkəməyə şahid kimi dəvət olunmuşdum. Halbuki, zərərçəkən idim. Pulumu qaytarmadılar, ziyanımı ödəmədilər...".

"Yarı yoldan qayıtmaq istəmirəm"

Onun sözlərinə görə, böyük məbləğdə - 200 min manat ziyana düşüb. Amma ruhdan düşməməyə çalışıb: "Sıfırdan başlamalı oldum. Torpağın bir hissəsini pulumla yenidən almışam, çox hissəsi isə qalıb. Mənə ziyan vuranların restoranları, mehmanxanaları var. Fikirləşirdim ki, məhkəmə yolu ilə satışa çıxarılacaq, ziyanımı ödəyəcəklər. Etmədilər".

AzadlıqRadiosunun əməkdaşı R.Mədətovun əkin sahəsinə də baş çəkib. O, yonca, taxıl əkib: "Üç nəfər işçim var. Onlardan biri çobandır, digər iki nəfərsə əkin sahələrinə baxır. Hər ay əməkhaqqı verirəm. Hələ ki, qazanc yoxdur".

R.Mədətov əldə etdiyini təsərrüfatın genişlənməsinə sərf etdiyini deyir: "Aylarla dənizdə oluram. Oradan aldığımı da bura sərf edirəm. Bilirəm ki, kənd təsərrüfatında böyük qazanc yoxdur. Yarı yoldan da qayıtmaq istəmirəm".

Fermada kamera quraşdırılıb
Fermada kamera quraşdırılıb

O, dövlət qurumlarının kənd təsərrüfatına dəstək olmadığını, əksinə, hər addımda problemlərlə üzləşdiyini söyləyir: "Bu işləri xarici ölkələrdə görə bilərdim. İstəmədim. Mənə subsidiya vermirlər, deyirlər ki, sənədlərini qaydaya sal. Su arxları, kanallar var, amma su yoxdur. Kanallarda quyular qazmışıq, oradan suyu vururuq sahələrə. Yenicə əkilmiş qoz tingləri gərək həmişə suvarıla. Su olmadığına görə məhsuldarlıq aşağı olur. Taxıl sahəmi yandırmaq istədilər. Fermada hər yerdə kamera qoymuşam. Saxtakarlığa görə həbs edilmiş adamlar həbsxanada da dinc qalmırlar".

R.Mədətov qarşılaşdığı problemlərlə bağlı dəfələrlə rayon icra hakimiyyətində olduğunu bildirir. Onun sosial şəbəkələrdə prezidentə müraciəti də yayımlanıb.

Rəsmilər nə deyir

Astara rayon Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Etibar Abbasov R.Mədətovun torpaqla bağlı sənədlərində problemin olduğunu bildirir.

"Onun əkdiyi torpaq sahələri ayrı-ayrı adamlarındır. Ona həmin torpaqları qanunsuz vermişdilər. Ona başa salmışıq - torpaq sahibləri ilə alqı-satqı etməlidir, ya da icarə müqaviləsi bağlanmalıdır. O, sahələrin hamısını əkmir. Bu il 5 hektarda taxıl əkib, qoz bağı salıb, yonca əkib. Halbuki, 40 hektar torpağı var. Alqı-satqı etdiyi torpaqları əkibsə, ona həmin sahələrə görə subsidiya verilə bilər. Sənədləri təqdim etməlidir",- E.Abbasov belə deyir.

Kanallarda su yoxdur
Kanallarda su yoxdur

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov sözügedən məsələnin məhkəmə yolu ilə həll edildiyini bildirir: "Sosial şəbəkələrdən bilirik ki, guya, onun taxıl sahəsində yanğın törətmək istəyiblər. Deyir ki, 200 ton taxıl istehsal edib. Statistikada belə bir məlumat yoxdur. Bizim rayon taxılçılıq rayonu deyil. Bizdə məhsuldarlıq aşağı olduğuna görə taxıl əkmirlər. Hər bir bölgənin özünün spesifik əkin növləri var. Bizdə dağa yaxın ərazilərdə sitrus və subtropik bitkilər əkilib becərilir. Digər yerlərdə, əsasən, tərəvəz əkirlər".

İcra başçısının müavini bütün əkin sahələrinə su verildiyini söyləyir: "Bizə əkin sahələrinə suyun verilməməsi barədə məlumat daxil olmayıb".

R.Mədətovsa artıq əkdiyi taxılı biçməklə məşğuldur. O, çətinliklərə rəğmən planlarını yarıda qoymaq istəmir.

XS
SM
MD
LG