Astara Gömrük Məntəqəsinin önündə İrana keçmək istəyən yük maşınlarının böyük növbəsi yaranıb.
Növbədə olan yük maşınları, əsasən, Rusiyaya məxsusdur. Adının çəkilməsini istəməyən bir sürücünün deməsinə görə, iki gündür ki, növbə gözləyir:
«Biz Dağıstan sürücüləriyik. Sifarişə əsasən yük daşıyırıq. Rusiyadan İrana hər adda yük aparırıq. İrandan isə, əsasən, kənd təsərrüfatı məhsulları gətiririk .İndi durmuşuq burada. Deyirlər ki, günün sonuna kimi İrana keçəcəksiniz».
İrana gedən yük maşınları Astara terminalının ərazisindən keçir. Hər maşın burda pul ödəyir. Terminaldan aldığımız məlumata görə, İran tərəfi son iki gündə az sayda yük maşını qəbul edib. İrana məxsus yük maşınlarını isə heç yerdə saxlamırlar. Terminaldan onu da bildirdilər ki, gün ərzində 200-dən çox yük maşını İrana keçir. İrandan qayıdan maşınların sayı da bir o qədərdir.
«Maşınların İrana keçməsi sürətlənib. Gün ərzində bütün maşınlar İrana keçəcək», - deyə adının çəkilməsini istəməyən terminal işçilərindən biri vurğuladı.
Astara Gömrük Məntəqəsinin önündə əvvəlki illərdə də belə hallar baş verib.