Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:36

Astara gömrüyündə «15 gün» qadağası


Astara keçid məntəqəsi
Astara keçid məntəqəsi

-

Astara keçid məntəqəsinin önündə bəzi adamların qanı qaradır. İrana getmək istəyənlər keçid qapısının açılmasını səbirsizliklə gözləyirlər. Qapının önündə çoxlu adam toplaşıb. Onların arasında əl arabasında İrana getmək istəyən xəstə də var. Xəstəni aparan qadın narazılığını gizlətmir. Deyir ki, ayaqları iflic olan uşağını İrana həkimə aparır. Burda isə növbə gözlənilmir. Kimin gücü var, o da özünə yol açıb qapıdan içəri keçir:

«Saatda bir qaydalar dəyişir. Gəlib deyirlər ki, keçən həftə İrana getmiş adamlar bu gün buraxılmayacaqlar. Kimi istəyirlər içəri buraxırlar, kimi istəmirlər buraxmırlar. Buranın sahibi yoxdur».

«ONA GÖRƏ 15 GÜNDƏN BİR GETMƏK QAYDASINI QOYUBLAR Kİ...»

Nəzarətçi isə deyir ki, hər bir Azərbaycan vətəndaşını həftədə bir dəfə İrana buraxırdılar. İndi 15 gündən bir buraxacaqlar:

«Biləsuvar keçid məntəqəsində təmir gedir. Həm də İrana 6 kiloqram olan qablaşdırılmış yükü aparırlar. İldə bir dəfə icazə verilir. Yükü İran Astarasında təhvil verib 15 manat pul alırlar. Buna görə İrana gedənlərin sayı artıb. Ötən gün min nəfərdən çox adam İrana keçdi. Bayrama qədər belə olacaq, sonra azalacaq. Adamları növbəyə düzürük, kənardan çıxan adam qaydanı pozur. Yenə dəyirlər bir-birinə. Polisin də gücü çatmır. Ona görə 15 gündən bir getmək qaydasını qoyublar ki, adamlar İrana rahat gedə bilsinlər».

«TƏKİ ƏLİN CİBİNDƏ OLSUN»

Adamlar arasında İranla alış-veriş etməklə ailəsini saxlayanlar çoxluq təşkil edir. Mərifət adlı şəxs deyir ki, ailəsinin 6 üzvi var. Ailədə heç kim işləmir:

«Məcburam, İrana gedirəm. Həftədə bir dəfə gedirdim, 5-6 manat mənim üçün qalırdı. İndi vaxtı uzadıblar. Balalarımı necə dolandıracağam? Elələri var ki, hər gün gedir. Təki əlin cibində olsun. Buranın öz qaydaları var».

Astara şəhər sakini Həsənağa Məmmədov isə yeni qaydanı doğru addım hesab edir:

«Bilmirəm bu qanuna uyğundur ya yox? Ancaq bu qayda sərhəddə xeyli sakitlik yaradacaq. İnsanlar o taya rahat gedib- gələ bilərlər».

Astara keçid məntəqəsi
Astara keçid məntəqəsi

«TAKSİ İLƏ ÇÖRƏK QAZANMAQ BİR MÜSİBƏTDİR»

Astara keçid məntəqəsindən Bakıya sərnişin daşıyan taksi sürücülərin deməsinə görə, onların bazarı gündən-günə ölür. Adının çəkilməsini istəməyən bir sürücü də deyir ki, müştərilərin sayı azalıb:

«Əvvəlki kimi deyil. İndi ayda adama 150-200 manat qalsa, böyük işdir. Əvvəllər İran vətəndaşları çox gələrdi. İndi azalıb. Türkiyədən, ərəb ölkələrindən gələrdilər. İş adamları, tələbələr çox idi. İndi yoxa çıxıblar. Səbəbini bilmək olmur. Taksi ilə çörək qazanmaq bir müsibətdir».

«GÖRƏSƏN BU İXTİYARI ONLARA KİM VERİB?»

Astara şəhər sakini Mirhəsən Əliyev isə bu mövzuya özünün Facebook səhifəsində toxunub:

«Azərbaycanla İran arasında imzalanan memorandum, sən demə, Astara gömrük idarəsinə və sərhədçilərə sərf eləmir. Sən demə, onların öz qanunları var. Görəsən bu ixtiyarı onlara kim verib? İstədikləri vaxt vətəndaşların gediş-gəliş vaxtlarını uzada bilirlər».

Ölkə prezidenti ötən ilin oktyabrında «Gömrük sahəsində nəzarətin həyata keçirilməsi haqqında» fərman imzalayıb. Həmin fərmanda deyilirdi ki, 18 yaşına çatmış hər bir şəxs ölkəyə gömrük rüsumu ödəmədən 10 min manat dəyərində (istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan) mal gətirə bilər.

Bir müddət keçəndən sonra elə yenə prezidentin sərəncamı ilə bu məsələ ləğv edildi . Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə KİV-ə müsahibəsində hər bir Azərbaycan vətəndaşının qonşu ölkədən şəxsi istifadə üçün 10 kiloqram mal gətirə biləcəyi barədə açıqlama vermişdi. Astara gömrüyü isə yeni qayda tətbiq edərək hər bir vətəndaşa qonşu ölkədən 15 kiloqram yük gətirməyə icazə verir. O da 15 gündən bir. Biləsuvar keçid məntəqəsində isə tamamilə fərqli qaydalar var.

Sabiq gömrük işçisi Elman Hüseynov
Sabiq gömrük işçisi Elman Hüseynov

GÖMÜRÜK İDARƏSİ TELEFONU QAPADIR...

Bunun səbəbini öyrənmək üçün Astara Gömrük İdarəsi ilə əlaqə saxladıq. Növbətçi hissəsində bildirdilər ki, hər bir Azərbaycan vətəndaşı 15 gündən bir qonşu ölkəyə gedə bilər. Lakin bu qaydanın səbəbini soruşduqda telefonu qapatdılar.

Gömrük Komitəsinin «Cağrı Mərkəzi»nə də müraciət etdik. Oradan da sualımıza cavab ala bilmədik.

Sabiq gömrük işçisi Elman Hüseynov deyir ki, Azərbaycanın gömrüyündə qanunsuzluqlar kifayət qədərdir:

«Nazirlər Kabinetinin 2013-cü il oktyabrın 14-də verdiyi 305 saylı qərarı var. Qərara əsasən, xaricdən gələn hər bir Azərbaycan vətəndaşı şəxsi istifadə üçün 1500 dollar dəyərində hər şeydən 2 ədəd gətirə bilər. Hər bir vətəndaş xaricə 10 kiloqramlıq mal apara bilər».

«BU, DÖVLƏTİMİZƏ, ÖLKƏMİZƏ, XALQIMIZA HÖRMƏTSİZLİKDİR»

Elman Hüseynov düşünür ki, Astara gömrüyündə baş verənlərin analoqu yoxdur:

«İndi Azərbaycan vətəndaşının 15 gündən bir İrana buraxılması heç bir qanuna əsaslanmır. Aydın Əliyev deyir ki, 10 kiloqram gətirsinlər. Aydın Əliyev qanun deyil. Sərhəddə belə qaydalar qonşu ölkə arasında bağlanmış memoranduma əsasən müəyyənləşməlidir. Kimsə nə isə dedi, bu, iş deyil. Bu, dövlətimizə, ölkəmizə, xalqımıza hörmətsizlikdir».

İran 2010-cu il fevralın 1-də Azərbaycanla birtərəfli qaydada viza rejimini ləğv edib. Hər bir azərbaycanlı İranda 30 gün qalmaq imkanına malikdir. Verilən məlumatlara görə, İrana il ərzində bir milyona yaxın Azərbaycan vətəndaşı gedir.

Həmçinin bax - AzadlıqRadiosu Youtube kanalında izləyin

XS
SM
MD
LG