Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:26

'Astara rayonundan 17 Azərbaycan vətəndaşı İrana gəlin gedib'


İrana gedən yol
İrana gedən yol

Tehranda Azərbaycan səfirliyinə silahlı basqın ölkənin cənub bölgəsində hələ də müzakirə edilməkdədir. Bir çox sakinlər bir nəfərin həlak olması və iki nəfərin yaralanması ilə nəticələnən həmin hadisəni İranın Azərbaycanla bağlı yürütdüyü siyasətin məntiqi nəticəsi kimi görürlər.

A.Həşimli
A.Həşimli

"İldə 1 milyon vətəndaşımız İrana gedirdi..."

İranla sərhəddə yerləşən Astara şəhərinin sakini, ictimai fəal Asən Həşimli hesab edir ki, qonşu ölkə ilə münasibət dəyişməlidir: "İran həmişə bizdən xeyir görüb. İldə 1 milyon vətəndaşımız İrana gedirdi, orada pul xərcləyirdilər. İranın sərhəd şəhərləri Azərbaycanın hesabına inkişaf edib".

O, eyni zamanda, qeyd edir ki, İran Astarasının əhalisi ilə Azərbaycan Astarasının əhalisi arasında qohumluq əlaqələri də var. Onun vurğulamasına görə, təkcə Astara rayonundan 17 Azərbaycan vətəndaşı İrana gəlin gedib.

"İndi onlar bunları yaddan çıxardıblar"

Astara şəhərinin 77-yaşlı sakini Həbib Rəsulov isə deyir ki, İranın ağır vaxtlarında Azərbaycan həmişə ona kömək əlini uzadıb. O, 1990-cı il iyunun 20-də İranda baş verən zəlzələni yada salır: "O vaxtları Astara rayonunda rəhbər şəxslərdən biri idim. Nazirlər Kabineti İrana yardım göstərmək üçün komissiya yaratmışdı. Mən də komissiyanın üzvü idim. İrana yardım etmək Azərbaycanın təşəbbüsü idi. Təkcə Astara rayonu indiki qiymətlə 2 milyon ABŞ dolları dəyərində İrana yardım etdi".

Onun sözlərinə görə, zəlzələnin baş verdiyi şəhərlər, kəndlər dağılmışdı: "Rudbar dağılmışdı. Onu bərpa etmək üçün tikinti materiallarının xeyli hissəsini biz vermişdik. Zəlzələ zonasında yaşayış məntəqələri yerlə- yeksan olmuşdu. Onlar hamısı köməyə görə Azərbaycana minnətdarlıq etdilər. İndi onlar bunları yaddan çıxardıblar. İndi İranda hakimiyyətdə olanlar başqa siyasət yeridirlər. İndiki İran rəhbərliyi papağını qarşısına qoyub fikirləşməlidir".

N.Feyziyev
N.Feyziyev

"Onlarla alış-veriş edirdik. Bunun nəyi pis idi?!"

Astara şəhərinin digər sakini Novruzəli Feyziyev də 33 il əvvələ qayıdır: "Azərbaycanın hər yerindən İrana yardımlar edilirdi. Halbuki özümüz ehtiyac içində idik. Əhali yükləri yola salmaq üçün sərhədə toplaşırdılar. Eşidəndəki İranda səfirliyimizin əməkdaşını öldürüblər, məyus olduq. Belə olmaz".

Sözügedən tarixdə yük maşınında sürücü işləyən Nürəddin Nüsrətoğlu da deyir ki, İran Astarası Azərbaycanla ticarət nəticəsində inkişaf edib: "Onlarla alış-veriş edirdik. Bunun nəyi pis idi?! Orada baş verən istənilən təbii fəlakətə həssaslıqla yanaşmışıq...".

İran İslam Respublikasında 1990-cı ilin iyununda baş verən zəlzələ nəticəsində 40 minə yaxın insanın həlak olduğu açıqlanmışdı. Gilan, Zəncan əyalətlərində 100 mindən çox insanın isə xəsarət aldığı bildirilirdi.

Amma İran rəsmiləri də zaman-zaman Azərbaycana yardımdan danışırlar. Onlar da deyirlər ki, 1993-cü ildə Azərbaycanın köçkün əhalisi üçün Qızıl Aypara Cəmiyyətinin xətti ilə çadır şəhərciyinin salınmasında iştirak ediblər.

Xatırlatma

Bu il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki əməkdaş isə yaralanıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyində çalışanlar təxliyə ediliblər. Ondan bir gün əvvəl, yanvarın 28-də isə İran prezidenti İbrahim Rəisi prezident İlham Əliyevə zəng edərək həmin olayla bağlı başsağlığı verib. Rəisi həmçinin bəyan edib ki, "İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahlarının təsiri altına düşməsinə imkan verməyəcəklər". Rəisinin sözlərinə görə, cinayət hərtərəfli və tam araşdırılacaq.

XS
SM
MD
LG