Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:33

Astara sakini: 'Soyuducuda heç nə yoxdur, söndürmüşük'


Pəri Dadaşova
Pəri Dadaşova

Astara şəhər sakini 70-yaşlı Pəri Dadaşova deməsinə görə, aldığı 267 manat pensiyanı tək özünə xərcləyə bilmir. O vurğulayır ki, pensiyanı uşaqlarına verir: "Oğlumun, qızımın ailələri və mən bir həyətdə yaşayırıq. Hamımız bir yerdə 11 nəfərik. Həmin 11 nəfər mənim pensiyamla yaşayır. Pensiya heç çörəyə də çatmır. Gəlsinlər, vəziyyətimizə baxsınlar, hamı işsizdir. Şəhərdə yaşadığımız üçün bizə payıbəlli torpaq verilməyib, torpağımız yoxdur. Olsaydı, orda işləyib vəziyyətdən çıxardıq".

"İş istəyirik..."

Yanında duran oğlunu göstərib deyir ki, üç anasız uşaq böyüdür: "Oğlum Samir işsiz kimi qeydiyyatdadır. Ona demişdilər ki, özünüməşğulluq proqramı çərçivəsində mal-qara verəcəyik. Borc edib tövlə tikdik, inək vermədilər. İndi də o borc qalıb. Nə edim?! Burdan səsimizi eşitmirlər. Rayon icra hakimiyyətinə getmişik. Adamı dinləyirlər, heç nə etmirlər. İdarələri gəzib, kömək istəyirik. Biz istəmirik ki, nə isə versinlər. İş istəyirik, iş versinlər".

"Bu evi sovet dövründən bəri tikirik"

O, çətinliklə danışır, nəfəsi təngiyir. Yaşadığı evi göstərib sözünə davam edir: "Bu evi sovet dövründən bəri tikirik. Hələ başa çatdıra bilməmişik, 40 ildir. Həyat yoldaşımın sağlığında dolana bilirdik. Dülgərlik edirdi, az-çox qazancı olurdu. O, rəhmətə gedəndən sonra çətinə düşdük. Televiziyaya baxırıq, eşidirik dövlətimiz varlı dövlətdir. Qazı, nefti var. Bəs ölkədəki bu sərvətdən bizə nə üçün pay çatmır? Gündən günə də pisliyə doğru gedirik".

"40 ildir ev tikirik"
"40 ildir ev tikirik"

P.Dadaşovanın qızı Nərmin Dadaşova evin arxasında inşa edilmiş yarıtikilinin onlara məxsus olduğunu bildirir. Deyir ki, əri pul qazanan vaxtı buranı inşa edib: "Ərim və mən anamın himayəsində yaşayırıq. Xəcalət çəkirik. Anam qoca bir adamdır, ona dərman, qayğı lazımdır. Pensiyanı alır, bizə xərcləyir. Həm ərim, həm də mən işsizik. Məşğulluq idarəsinə müraciət etmişəm, icra aparatında olmuşam. İki ildir sürünürük. Bildiriş verirlər, iş vermirlər. Sosial yardım da vermirlər".

"Apteklərə, mağazalara borcluyuq"

Onun yanında azyaşlı uşaqlar durub. Solğun bənizləri var... N.Dadaşova deyir ki, uşaqlarıdır, səhər onlara quru çörək və şirin çay verib. Əlavə etməsinə görə, tez-tez xəstələnirlər: "Bu üç uşaq məktəblidir, dördüncü körpədir. Yoldaşımın belində yırtığı var. Mən yalvarıram ki, mənə süpürgəçilik verin. Bu yaxınlarda Lənkərana 15 saylı Ərazi Məşğulluq İdarəsinə getmişdim. Dedilər, vakansiya yoxdur. Dörd ildir növbədəyik. Apteklərə borcluyuq. Apteklərin birindən nisyə dərman aldım, ikinci dəfə nisyə dərman vermədi. Getdim başqa aptekdən nisyə dərman aldım. Mağazalara borcluyuq...".

Fərid Məhərrəmov
Fərid Məhərrəmov

"Gedirsən iş istəməyə, deyirlər ki..."

N.Dadaşovanın əri Fərid Məhərrəmov söhbətə qoşulur: "Koronavirus pandemiyasından qabaq yaxşı idi. İşləyirdim, pul qazanırdım. İki-üç ildir ki, iş tapa bilmirəm. Əvvəllər çörək 30 qəpik idi, indi olub 50 qəpik. Ət yemirik, yaddan çıxartmışıq. Qaza görə 230 manat borcluyuq. Tanışların hamısına borcluyam. Gedirsən iş istəməyə, deyirlər ki, ali təhsilin yoxdur. Ali təhsilli atam işlə bağlı müraciət edib, deyir, yaşın keçib. Gəlin baxın, soyuducuda heç nə yoxdur, söndürmüşük".

"Növbəyə durubsa, işlə təmin olunacaq"

Astara rayon İcra Hakimiyyəti Aparatından deyirlər ki, vətəndaşları işlə təmin etmək üçün Məşğulluq Mərkəzləri fəaliyyət göstərir: "Regional idarələr Lənkəranda yerləşir. Müraciət etsinlər onlara".

İcra hakimiyyətindən həmin ailəyə kömək edəcəklərini də bildirirlər.

Lənkəran şəhər Məşğuluq Mərkəzindən isə bildirirlər ki, vətəndaş növbəyə durubsa, işlə təmin olunacaq: "Astarda nümayəndəmiz var, ona yaxınlaşıb problemlərini danışsınlar. Dəqiqləşdirmək lazımdır".

XS
SM
MD
LG