Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:22

20 minlik şəhərin kanalizasiya dərdi


Dəniz kənarında tikilən yeni binalar
Dəniz kənarında tikilən yeni binalar

Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhərinin 20 minə yaxın sakini var. Şəhərin ərazisində beynəlxalq gömrük idarəsi də fəaliyyət göstərir. Orada gecə-gündüz maşınlar hərəkət edir. Yay aylarında əhalinin sayı turistlərin hesabına daha da artır. Son illərdə şəhərin ərazisində 9-mərtəbəli yaşayış binası da inşa edilib. Dəniz sahillində mehmanxanalar, restoranlar, ailəvi istirahət yerləri salınıb. Şəhər genişlənir. Lakin Astarada kanalizasiya problemi neçə illərdir həllini tapmır. Köhnə kanalizasiya xətlərinin dağıldığı bildirilir.

Şəhərin mərkəzində yerləşən 11 çoxmərtəbəli yaşayış binasının bir neçəsinin zirzəmiləri çirkab suları ilə doludur. S.Vurğun küçəsində yerləşən 7 nömrəli 5-mərtəbəli yaşayış binasının sakinləri zirzəmidən qalxan iydən əziyyət çəkdiklərini deyirlər.

Yaşayış binasının zirzəmisi
Yaşayış binasının zirzəmisi

"Hər üç-dörd ildən bir mənzilləri təmir edirik"

Adının çəkilməsini istəməyən sakinlərdən biri söyləyir ki, birinci mərtəbədə yaşayanlar "cəhənnəm əzabı çəkirlər". Onun sözlərinə görə, rütubət divarları korlayır: "Xəstəliklər tüğyan edir. Gecəmiz-gündüzümüz yoxdur. Hər üç-dörd ildən bir mənzilləri təmir edirik. Şikayət edəndə gəlib çirkab suyunu çəkirlər. Bir-iki günə zirzəmi yenidən dolur. Bezmişik!".

Binanın sakini Bəhruz Abdullayev dəfələrlə müvafiq orqanlara müraciət etdiyini dilə gətirir: "İlin bütün aylarını belə zülm çəkirik. Mən yuxarı mərtəbədə yaşayıram. Pis iy gəlməsin deyə, pəncərələri bağlayırıq. Vaxtilə bu yaşayış binasının zirzəmisi mülkü müdafiə üçün istifadə edilirdi, təmiz və quru idi. İndi elə gündədir ki, deyiləsi deyil. Qurbağa, ilan, müxtəlif həşəratlar zirzəmidə yuva salıblar".

"Zirzəmidən keçən borular dağılıb"

Binanın yaxınlığında, yardımçı tikilidə nasos qoyulub. Burada işləyən bir nəfər deyir ki, çirkab sularını xəttə vururlar: "Çirkab suları bu anbara tökülür. Sonra nasosla xəttə vururuq. Zirzəmidən keçən borular dağılıb. Ona görə də çirkab suların müəyyən hissəsi zirzəmiyə axır".

O, xəttə vurulan çirkab sularının hara axdığı barədə məlumatının olmadığını deyir.

Dənizə axan çirkab suyu
Dənizə axan çirkab suyu

Sular dənizə axır

Xəzər dənizin sahilində üç yerdə suyun axdığını gördük. Dənizkənarı park salınarkən köhnə xətti saxlayıblar. Lakin bu xətlərin heç biri öz gücü ilə işləmir. Xətlər dağılsa da, suların müəyyən hissəsi süzülərək dənizə axır.

Dəniz sahilinə yaxın inşa edilmiş mehmanxanaların, restoranların, yaşayış binalarının hər biri üçün anbar tikilib. Çirkab suyu anbara axır, oradan da maşınlar məlum olmayan yerlərə daşıyırlar.

Fərdi evlərdə də eyni qayda ilə çirkab suları üçün anbar tikilir.

Şəhər sakini Nəcməddin Məmmədov deyir ki, anbarı təmizləmək üçün maşına 60-70 manat pul verirlər: "İndi hansı zəmanədə yaşayırıq?! Şəhərin mərkəzində oluram. İndi köhnə qayda ilə çirkab sularını anbardan təmizlətdiririk. Payızda, qışda yağışlar yağır, suyun səviyyəsi qalxır. Artezian quyularının suyu çirkab sulara qarışır. Bir çarə qılmaq lazımdır".

"Çirkab suyu çaya axır"

Çirkab sularının axdığı əsas xəttin uzunluğu 10 kilometrdən çoxdur. Xətt Xəzər dənizinə axan Kələdəhnə çayından keçir. Orada yaşayan sakinlər bildirdilər ki, çayın üstündən keçən xətt partlayıb, çirkab suyu çaya axır.

Çirkab suyu çaya axır
Çirkab suyu çaya axır

İxtisasca mühəndis olan Asən Həşimli deyir ki, Astara şəhərində kanalizasiyanın olmaması gec partlayan minanı xatırladır: "Şəhərin əksər yerində üfunət iyi gəlir. Xətlər o qədər bərbaddır ki, deyiləsi deyil. Sovet vaxtı belə deyildi. O vaxtı bu sahədə mühəndis işləmişəm. Dəniz kənarında iki ədəd çirkab suyu təmizləyən qurğu quraşdırılmışdı. Xəzər dənizi qalxdı, qurğular suyun altında qaldı, sırıdan çıxdı. Baxımsızlıq ucbatından kanalizasiya xətləri də yararsız hala düşdü".

Onun dediyinə görə, Astara şəhərində kanalizasiya xəttinin çəkilməsi barədə çoxdan söhbət gedir: "10 il bundan əvvəl mətbuatdan oxumuşdum ki, Lənkəran və Astara şəhərlərinə su xətti çəkiləcək, kanalizasiya xətti inşa ediləcək. Su xətləri çəkilib, lakin kanalizasiya qalıb. Nəzərdə tutulmuşdu ki, şəhərdə yaranan tullantı sularının idarəedilməsi üçün 70.5 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək. Bu xəttə 27 kənd də qoşulmalı idi. Kanalizasiya xəttinin yenidən qurulmasına 2014-cü ildə başlanılmalı idi. İndi bu barədə heç danışılmır".

Rəsmi qurumlardan cavab

Astara rayon İcra Hakimiyyəti Aparatından bildirdilər ki, Astara şəhərində kanalizasiya xəttinin yenidən bərpa edilməsi nəzərdə tutulub: "Kanalizasiya xəttinin yenidən bərpası investisiya proqramında var. Bununla yanaşı, Nazirlər Kabinetinə də müraciət etmişik. Dənizə axıdılan sular qrunt sularıdır".

Rayonda bu sahəyə cavabdeh qurumlardan habelə bildirirlər ki, əslində çoxmərtəbəli yaşayış binalarının zirzəmiləri vaxtaşırı təmizlənir. Həmçinin, əlavə etdilər ki, hazırda binaların zirzəmilərində təmir işləri aparırlar.

XS
SM
MD
LG