Ötən gecə cənub bölgəsində əsən güclü külək fəsadlar törədib. Astara və Lerik rayonlarının kəndlərində işıq olmayıb.
Lənkəran rayonunun Gəgiran, Masallı rayonunun Təklə kəndlərinə də külək xeyli ziyan vurub.
«KÜLƏK MƏKTƏBİN DAMINI APARIB»
Təklə kənd sakini Səmədağa Həsənovun deməsinə görə, külək kənd məktəbinin damını aparıb:
«Güclü külək gecə vaxtı qalxdı. Ondan sonra işıqlar söndü. Səhər gördük ki, külək məktəbin damını aparıb. Kəndə işıq yanmır».
Külək Masallı rayonun Ərkivan qəsəbəsində də bir evin damına ziyan vurub.
İKİ NƏFƏRİN ÜSTÜNƏ AĞAC AŞIB
Astara rayonunda ağacın aşması nəticəsində iki nəfər xəsarət alıb. Motlayataq kənd sakini Şəfa Əliyeva və Etibar Bağırovun üstlərinə ağac aşıb. Hər iki şəxsin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi açıqlanıb.
Rayonun Səncərədi kəndində və Ərçivan qəsəbəsində də köməkçi tikililərə ziyan dəyib. Külək Səncərədi kəndində fərdi evin dam örtüyünün bir hissəsini aparıb.
BƏZİ KƏNDLƏRDƏ ELEKTRİK ENERJİSİ BƏRPA OLUNUB
Astara Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov isə deyir ki, əksər kəndlərdə elektrik enerjisi bərpa olunub:
«Külək, əsasən, dağ kəndlərində güclü əsib. Elektrik təsərrüfatına ziyan dəyib. Meşə ərazisində ağaclar da aşıb. Gecə saatlarında kəndlərin əksəriyyətində işıq olmayıb. Hazırda kəndlərin 50 faizində işıq bərpa olunub. Səncərədi kəndində fərdi evə dəyən ziyan da aradan qaldırılıb».
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov da elektrik təsərrüfatına ziyan dəydiyini deyir:
«İşıqları söndürdük ki, başqa fəsadlar olmasın. Elektrik dirəkləri aşıb. Briqada qəza xəttində işləyir. 50-dən çox kənddə işıq bərpa olunub. Günün sonuna kimi bütün elektrik xətləri nəzərdən keçiriləcək».