Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:36

Əhali inəklərini, camışlarını satır


İsgəndər Həsənov
İsgəndər Həsənov

«İqtisadi böhran, bahalaşma ailə heyvandarlıq təsərrüfatlarına da ağır zərbə vurub. Belə heyvandarlıq təsərrüfatların sayı ildən ilə azalır».

Heyvandarlıqla məşğul olan Astara rayon sakini İsgəndər Həsənov belə deyir. O, öz fikirlərini belə əsaslandırır: «Ailəmiz 60-cı illərə qədər camışçılıqla məşğul olub. Camışçılıq ağır zəhmət istəyir. Rayonda tərəvəzə keçdilər, gölləri qurutdular, camış saxlamaq mümkünsüz oldu. Atam rəhmətə gedəndən sonra inək aldım. Bu günə qədər ailə təsərrüfatında heyvandarlıq əsas yer tutur. 50 baş inək var idi, indi 30-u qalıb. Həyətyanı sahədə mal-qara saxlamaq gündən-günə çətinləşir».

O taxtadan düzəldilmiş iki talvarı göstərir. Talvarın damı yararsızdır. Deyir ki, yağış yağanda içəri damır. Talvarın altında inəklər bağlanıb. İnəyi sağan qadın darısqallıqdan şikayət edir. İsgəndər Həsənovun deməsinə görə, belə şəraitdə mal-qara saxlamaq qəhrəmanlıq istəyir:

TÖVLƏ YOXDUR

«Bir oğlum var, o da inək saxlamaqla məşğuldur, başqa işi yoxdur. Ağır təsərrüfatdır, lakin xeyirlidir. Bu sahədə günün bütün vaxtları məşğul olmaq tələb olunur. Mən pensiyaçıyam. Dolanmaq üçün başqa yol da yoxdur. Ailədə hamı işsizdir. Yaxşı ki, heyvandarlıq var. Pay torpaqlar veriblər. Bu, yaxşı haldır. Otu da həmin yerlərdən gətiririk. Siz görürsünüz. Malları saxlamaq üçün tövlə yoxdur. Belə yerdə saxlayıram. Belə şəraitdə mal da tez xəstələnir».

Buna da bax-Əti pambıq bahalaşdırır?

Onun fikrincə, heyvandarlıq təsərrüfatlarına ciddi yanaşmaq lazımdır:

AİLƏ TƏSƏRRÜFATLARI DAĞILIR

«Dünənə kimi təkcə qonşuluqda 5-6 belə təsərrüfat var idi. Hər ailədə 10-15 inək saxlanılırdı. Ətin və südün qiymətinin qalxmasının qarşısını da bu təsərrüfatlar alırdı. İqtisadi vəziyyət əhalini mal-qaranı satmağa məcbur edir. Buna görə təkcə bizim Giləkəran kəndində 3-4 belə təsərrüfat qalıb. Bu təsərrüfatlar da ağır vəziyyətdədir».

İsgəndər Həsənovun bildirməsinə görə, hökumət ailə heyvandarlıq təsərrüfatlarına dayaq olmalıdır. O, həyətyanı sahədə tövlələrin tikilməsində, cins mal-qaranın alınmasında yardıma ehtiyaclarının olduğunu deyir:

DAMAZLIQ PROBLEMİ

«İndi havalar soyuq keçir. İnəklər süd az verir. Südü özümüz istifadə edirik. Əti isə bazarda satdırırıq. Son zamanlar əhali kütləvi şəkildə mallarını satır. Belə getsə, ailə heyvandarlıq təsərrüfatlarının izi-tozu qalmayacaq. İri ixtisaslaşmış heyvandarlıq təsərrüfatlarına yardımlar edilir. Biz belə yardımlar görmürük. Bizim işdə ən ciddi problem damazlıqla bağlıdır. Qısır inəklər çoxdur. Bala verməyəndən sonra o inək mənim nəyimə lazımdır? Cöngə yoxdur».

Buna da bax-'Ətin kilosu 12-13 manat olacaq'

O deyir ki, İrana çəkilən dəmiryol xətti örüş yerlərini iki yerə bölüb. İnəklər dəmiryolu keçə bilmirlər, keçid qoymayıblar:

«QULAQARDINA VURURLAR»

«Yuxarı orqanlara demişik. Qulaqardına vururlar. Dedik ki, heç olmasa, bir keçid yeri saxlayın. Mal 2-3 kilometr yol gedir. Əhəmiyyət vermədilər».

Ailə heyvandarlıq təsərrüfatlarının azalması ilə bağlı yerli sakinlərdən Səttar Hüseynov da narahatlığını gizlətmir. O deyir ki, tövləsi həyətyanı sahədə yerləşir. Əvvəllər 40-50 baş iribuynuzlu heyvan saxlayıb. İndi onların sayı 20-yə enib:

«ÖRÜŞ YERLƏRİ AZALIR»

«Satıram, saxlamaq olmur. Əslində, bazarı süd və ətlə ailə heyvandarlıq təsərrüfatları təmin edir. İxtisaslaşmış heyvandarlıq fermaları azdır. Onlara hökumət kömək edir. Bizə heç kim kömək etmir. Sahələrdə əkilməmiş yerlər çox idi, malları otarırdıq. İndi həmin yerləri əkinə verirlər. Örüş yerləri də yox. Çox çətindir».

MAL ƏTİ 9 MANAT, YUMURTA 30 QƏPİK OLUB...

Astara Rayon İcra Hakimiyyəti aparatının saytında göstərilir ki, hər il dövlət büdcəsinin hesabına fiziki və hüquqi şəxslərə hər hektar əkin sahələrindən ötrü 80 manatdan çox subsidiya ödənilir. Saytda heyvandarlıq təsərrüfatlarına ayrılan vəsait barədə məlumata rast gəlmədik.

Astara rayonunda 45 mindən çox iribuynuzlu mal-qaranın olduğu bildirilir.

Rayon icra hakimiyyəti başçısının müavini Firudin Əhmədovun deməsinə görə, rayonda 10-dan çox ixtisaslaşmış heyvandarlıq təsərrüfatı var. Heyvandarlıq təsərrüfatlarında hər doğulan buzova görə 100 manat pul ödənilir.

Astara, Lənkəran, Masallı rayonlarının mərkəzi bazarlarında mal ətinin bir kiloqramı 7 manatdan 8-9 manata qalxıb. Yumurtanın bir ədədi 30 qəpiyə satılır. Soğan və almadan başqa, qalan kənd təsərrüfatı məhsullarının qiyməti 25-30 faiz artıb.

XS
SM
MD
LG