Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:48

Astarada mal-qara fermasının sahibi: 'Tövbə elədim'


İnəklər küçələrdədir
İnəklər küçələrdədir

Astara rayon sakini Sahib Həsənov deyir ki, fərdi təsərrüfatlarda mal-qara saxlamaq çətinləşib. O, örüş yerlərinin azalmasından şikayətlənir: "Mal yemi də bahadır. İnəyi hazırlanmış mal yeminin hesabına saxlamaq çətindir. Nə qədər inəyə arpa verərlər? Süni yemlər ətin və südün keyfiyyətini, dadını dəyişir".

Onun sözlərinə görə, rayonda fərdi təsərrüfatlarda mal-qaranın sayı sürətlə azalır: "Beş baş inəyim var, onun ikisi baladır. Artırmaq istəyirəm, şərait yoxdur. İndi ət, süd yaxşı qiymətə gedir. Fərdi təsərrüfatda 10 başa yaxın inək olsa, beş-altı nəfərdən ibarət ailə yaxşı yaşayar. Qonşularımın hamısı mal-qara saxlayırdı, indi mal-qara saxlayanı barmaqla saymaq olar. Elə kənd var ki, süd, ət, göyərti üçün şəhər bazarına gedirlər".

"Belə getsə, tamamilə ətin idxalından asılı olacağıq"

Mal-qara saxlayan başqa Astara rayonu sakini Mikayıl Əhmədov da son illərdə problemlərlə üzləşdiyini deyir. Vurğulamasına görə, Azərbaycanın müstəqilliyinin (1991) ilk dövrlərində fərdi təsərrüfatında 50 baş mal-qara olub: "İnək, camış, qoyun saxlayırdım. Tərəvəz məhsullarını toplayandan sonra əkin sahələrini mal-qaranın üzünə açırdılar, ilin əksər aylarında mal-qara oradan qidalanardı. Həm də ucuzluq idi, ot, mal yemi əlçatan idi. İndi çətindir. Örüş yerləri daraldıqca, mal-qaranın sayını azaldıram. Payı bəlli torpaqları hasara alırlar, mal-qaranın qidalandığı ərazilər daralır. İndi 10 başdan da az mal-qaram var. Belə getsə, tamamilə ətin idxalından asılı olacağıq".

Mikayıl Əhmədov
Mikayıl Əhmədov

O deyir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı olduğuna görə ət bazarda qalır: "Hər kəs ət ala bilsə, ölkədə ət qıtlığı yaranacaq. Hər il milyonlarla pul verib xaricdən ət gətirirlər. Şərait yaratsınlar, əti ölkədə istehsal edək. Həm iş yeri olar, həm də kənd camaatı dolanar".

"Mal-qaraya aid dərmanlar da bahadır"

Əhmədovun xatırlamasına görə, əvvəllər kənddə hamı, hətta müəllimlər də mal-qara saxlayırdı: "İndi azalıb. Vaxtilə süd və yağ satan indi bazardan süd, yağ alır. Kənd yerlərində saxlanılan inəyin südünə, yağına ehtiyac böyükdür. Örüş olmadığına görə inəklər küçələrdə gəzir. Mal yemi bahadır. Mal-qaraya aid dərmanlar da bahadır. Zəhmət çəkirsən, saxlayırsan, axırda da ziyana düşürsən".

"Yenidən qayıtdım alış-verişə"

Adının çəkilməsini istəməyən bir sahibkarın deməsinə görə isə, mal-qara fermasını bağlayıb: "Əlimdə pulum var idi. Getdim ferma təsərrüfatı yaratdım. Beş ay çəkdi. İşçi qüvvəsi, ot, mal yemi, dərmanlar bahadır. 10-15 min manat ziyana düşdüm. Yenidən qayıtdım alış-verişə. Rayonda elə kəndlər var ki, orada mal-qara saxlamaq sərf edir. Malın otlaması üçün geniş yerlər var, qışa ərazidən ot tədarük edə bilirlər. Mən isə bunların hamısına pul xərcləyirdim. Tövbə elədim".

Rayonda mal yemi, quş dəni satan mağazalara da baş çəkirik. Satıcılar deyir ki, quş dənin çeşidləri çoxdur, satılır, amma mal yeminin çeşidləri azalıb: "İndi üç çeşiddə mal yemi satılır. Standart kökəltmə yeminin bir kiloqramı 65 qəpik, 18 kiloqramlıq kəpəyin bir kisəsi 5 manata, 30 kiloqramlıq pambıq dənəsinin bir kisəsi 12 manatdır. Alıcı azdır".

Torpaqlar hasarlanıb
Torpaqlar hasarlanıb

"Eləsi var ki, bir ildə qiyməti 50 faiz artıb"

Baytarlıq aptekində isə bildirdilər ki, mövsümi dərmanlar satılır: "İlin bu vaxtında daha çox quş dərmanları alırlar. Mal-qara, qoyun üçün dərmanlar da satılır. Dərmanlar, əsasən, xarici ölkələrdən gəlir. Elə dərman var ki, qiyməti yerində qalıb. Eləsi də var ki, bir ildə qiyməti 50 faiz artıb".

Rəsmilər...

Astara rayon Baytarlıq İdarəsindən heyvanlara xidmətin pullu olduğunu vurğuladılar: "Amma pulsuz xidmət də var. Xüsusi təhlükəli xəstəliklərin müalicəsini dövlət maliyyələşdirir. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndlər vurulanda vətəndaşdan pul tələb olunmur. Xidmət baha deyil, Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləridir. Elə dərmanlar var ki, bahadır. Baxır hansı dərmandır".

Astara rayon İcra Hakimiyyətindən isə deyirlər ki, dağlıq ərazilərdə yaylaqlar var, onlardan örüş yeri kim istifadə edilir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarında iribuynuzlu mal-qara sayı 2 milyon 510 min, qoyun və keçi isə 7 milyon 6 min baş olub. Bir neçə ayda iribuynuzlu heyvanların sayı 23 min, qoyun və keçi sayı isə 163 min azalıb.

XS
SM
MD
LG