Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:54

Motlayataqlıları dilə gətirən sosial problemlər


Tibb məntəqəsi
Tibb məntəqəsi

Astaranın Motlayataq kəndinin sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə çəkib yolladıqları fotolar haqqında danışırlar. Fotolar kənddəki inzibati binalardandır. Sovet vaxtı inşa olunmuş birmərtəbəli binalar qəzalı və təmirsizdir.

«XƏSTƏ YOLLARDA CANINI TAPŞIRIR»

Kənd sakini Abdulla Əliyev kəndin sosial durumundan danışır. Deyir, qaz yerli dibli yoxdur, havalar soyuyanda işığa, isinəndə suya həsrət qalırlar. Ancaq kəndin problemləri bununla bitmir. Kənddəki inzibati binalar dağılmaq üzrədir. Görünüşcə tövlədən seçilməyən tibb məntəqəsinin qapısından həmişə qıfıl sallanır. Ancaq bu tibb məntəqəsi qapısı açıq olanda da, bir işə yaramır.

Abdulla Əliyev: «1-2 feldşer var, onları da ya məntəqədə tapmazsan, tapanda da onlar dərdinə çarə tapmaz. Məcbur qalırsan, azı, 50 manat xərc çəkib ağır xəstəni rayon mərkəzinə çatdırasan. Onda da yol səni peşman eləyər. O xəstə elə yollarda canını tapşırar».

«KƏNDDƏN KƏNARA ÇIXA BİLMƏDİK»

Kəndin yollarından söz düşmüşkən, iki il öncə prezident Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulmasına Ehtiyat Fondundan 5 milyon 500 min manat ayrılması haqqında sərəncam imzalayıb. Hər iki yol ümumilikdə 38 yaşayış məntəqəsini birləşdirir. Motlayataq kəndi də yolun Taxtanəkəran-Toradi qoluna düşür. İki il keçməsinə baxmayaraq, yolda təmir işlərinə başlanmayıb: «Bu ilin fevralında yol tamamilə bağlandı, günlərlə kənddən kənara çıxa bilmədik. Ümumiyyətlə, yay-qış dağətəyi təhlükəli yolu çətinliklə gedib gəlirik. İctimai nəqliyyat işləmir deyə, rayona getmək üçün 16 kilometrlik yolu taksiylə o tərəfə 8, bu tərəfə yenə 8 manat xərcləyirik».

Bələdiyyə binası
Bələdiyyə binası

Üstəlik də, iki aya yaxındır ki, yolda torpaq sürüşməsi baş verib, ağaclar yola yıxılaraq onsuz da çətin olan gediş-gəlişi bir az da əngəlləyib.

«TEXNİKAMIZ YOXDUR»

Kənd sakini Ramazan Əsgərov deyir, dağətəyi kənddə əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmalıdır. Ancaq adamlar çoxdandır ki, kənd təsərrüfatının hər iki sahəsindən məhrumdur: «Sovetdən sonra kolxoz, sovxozlar dağılanda əmlakları da kəndlilər arasında bölüşdürüldü. Kombaynlar, traktorlar... O vaxtdan bütün kənd əkin-biçin vaxtı elə həmin texnikalardan istifadə edirdi. Onlar da dağıldı getdi. İndi nə şumlamağa, nə əkməyə, nə də məhsul yığmağa texnikamız yoxdur».

Beləcə, kəndlilərə əkin-biçinə vacib sayılan texnika və suvarma suyu olmadığından hektarlarla bomboş pay torpaqlarına baxıb köks ötürmək qalır.

Kənddə uşaq bağçası da yoxdur. Bircə məktəb bu yaxınlarda əsaslı təmirdən çıxıb. Sakinlər gileylənir ki, 20 nəfərlik müəllim kontingenti olan məktəbdə də təhsilin keyfiyyəti ürəkaçan deyil.

Kəndin yolu
Kəndin yolu

«AVTOMOBİLLƏR TƏHLÜKƏSİZ HƏRƏKƏT EDİR»

Astara rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə əvvəlcə yolların təmiri ilə bağlı məsələyə münasibət bildirilib: «2015-ci ilin aprelində prezidentin həm Taxtanəkəran-Miki, həm də Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulmasına görə sərəncamı icra olunmaqdadır. Hazırda Taxtanəkəran-Miki yolunun qurulması işləri davam edir. Daha sonra Taxtanəkəran-Toradi yolu da yenidən qurulacaq. Taxtanəkəran-Toradi yolunda torpaq sürüşməsindən sonra təmir işləri aparılıb, avtomobillər tam təhlükəsiz hərəkət edir».

Kəndlilərin texnika və suvarma suyuna görə kənd təsərrüfatı ilə məşğul ola bilməmələrinə gəlincə, qurumdan bildirilib ki, kəndlilər rayonun «Aqrolizinq» şöbəsinə müraciət etməlidilər.

Motlayataq kənd icra nümayəndəliyinin binası.
Motlayataq kənd icra nümayəndəliyinin binası.

«Aqrolizinq» şöbəsindəsə hesab edirlər ki, əkin-biçin vaxtı texnika çatışmazlığı olur: «Düzdür, əkin-biçin vaxtı texnika çatışmazlığı ilə bağlı narazılıqlar bəzən haqlı olur, hamı eyni vaxtda sahə əkir, eyni vaxtda məhsul yığır, texnika çatışmazlığı başadüşüləndir. Bununla belə, çalışırıq ki, texnikanı kəndlilər arasında növbəli qaydada bölüşdürək».

XS
SM
MD
LG