Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Naringi, feyxoa iki-üç dəfə bahalaşıb, amma sahibkar narazıdır...


Günəmuzd işləyən fəhlələr feyxoa toplayırlar
Günəmuzd işləyən fəhlələr feyxoa toplayırlar

Astara rayonunun Ərçivan qəsəbə sakini, sahibkar Rafiq Cəfərovun meyvə bağlarında məhsul yığımıdır. Feyxoa bağında məhsul yığan qadınlardan biri deyir ki, onlar günəmuzd işləyirlər: "Hər birimizin əkin sahələrimiz var. Amma öz torpaqlarımızı əkə bilmirik. Pulumuz yoxdur. Ona görə də gəlib burda günə 15-20 manata işləyirik. Üzü qışa gedir, ölkədə bahalaşma var. Amma bu pulla ev tikmək, uşaq oxutdurmaq, yaxşı yaşamaq mümkün deyil. Halbuki sahibkar çalışır ki, bizi razı salsın. Yaxşı ki, bu iş var. Qəsəbədə işsizlikdir".

"Biz təbiətin əlinə baxırıq"

Meyvə qablaşdırılandan sonra sifarişçiyə verilir. Sahibkar R.Cəfərov problemlərdən danışır: "Tam olaraq keçmişəm kənd təsərrüfatına. Kənd təsərrüfatında işləyənlərə ilişmirlər. Feyxoa, naringi, kinkan, alma və digər meyvə bağlarım var. Ümumi sahə 5.5 hektardır. Bu il naringi və feyxoa məhsulları azdır. Çiçək açan ərəfədə güclü yağış yağdı, məhsuldarlıq aşağı düşdü. Biz təbiətin əlinə baxırıq. Keçən il feyxoanın 1 kiloqramı 30-40, naringi 50 qəpiyə idi. Bu il isə feyxoanın 1 kiloqramı 1 manata, naringi 1 manat 50 qəpiyədir. Hələ ki, alıcı var".

Rafiq Cəfərov
Rafiq Cəfərov

"Təkcə çəltikdə 10 min manat itirdim"

Onun deməsinə görə, Azərbaycanın düyüyə ehtiyacı var və satışda problem olmur. Ona görə də bu il çəltik də əkib: "Bu il 3 hektarda da çəltik əkmişəm. Yağış oldu, məhsul gec yığıldı. Məhsulu toplamaq üçün də texnika vaxtında olmadı, məhsulun 60 faizi itkiyə getdi. Təkcə çəltikdə 10 min manat itirdim".

Sahibkarın sözlərinə görə, texnikaları vaxtında əldə etmək olmur: "İri şirkətlərin, fermerlərin texnikaları, hər təminatları var. Kiçik sahibkarların buna imkanı yoxdur. Çəltik yığımına az qalmış texnikalar hazır olmalıdır. Amma müraciət edəndə deyirlər ki, texnika nasazdır. Rayonda kənd təsərrüfatı idarəsinin möhtəşəm binası var, amma dəstək görmürük".

Feyxoa qablaşdırılıb
Feyxoa qablaşdırılıb

"Kredit verilməsində problem..."

R.Cəfərov hesab edir ki, kəndlərdə yaşayanlara ciddi dəstək olsa, Bakıya və xarici ölkələrə axın dayanar. Onun vurğulamasına görə, SSRİ dönəmində respublikanın ən böyük tərəvəz istehsal edən sovxozlarından biri də Ərçivan qəsəbəsində olub: "Sovxoz ildə 10 min tona yaxın kənd təsərrüfatı məhsulu istehsal edərdi. Sovxozların özlərinin kənd təsərrüfatı texnikası olardı. Texnika əllərin altında olub, çünki kənd təsərrüfatında işlər hava şəraiti ilə bağlıdır. Görürsən ki, iki saat yağış yağır, günün ikinci yarısında hava əlverişli olur. Onda texnikanı çıxardıb işlədirsən".

Sahibkar torpaqla işləyənlərə kreditin verilməsində də problemin olduğunu deyir. Onun sözlərinə görə, kredit üçün bir qalaq sənəd istəyirlər: "Beş-altı il bundan əvvəl 150 min manat kredit götürmüşdüm. Əvəzində 350 min manat ödədim. Kredit ABŞ dolları ilə idi. Manat ucuzlaşdı, çox pul ödəməli oldum. Qabağa düşmək əvəzinə ziyana düşdüm. Gözüm qorxub. Risklidir. Həm də vaxt aparır. Subsidiya alıram, gübrələrin, dərmanların alınmasında güzəştlər var. Bundan narazılığım yoxdur".

Naringi bağları
Naringi bağları

O belə hesab edir ki, torpaq sahiblərinin problemlərinə diqqət vermək vacibdir: "Qarşılaşdığım problemlərlə bağlı müxtəlif instansiyalara onlarla məktub yazmışam. Heç birisi reaksiya vermir. Biz aqrar ölkəyik, aqrar rayonda yaşayırıq. Kəndlinin işi məhsul yetişdirməkdir, bazar deyil. Bazarı müvafiq qurumlar tənzimləməlidir. İndi sitrus meyvələrimiz Ukraynaya, Polşaya gedir. Keçən il də qazancım o qədər də böyük deyildi. Amma zərər etmədim. Amma bu il mənim üçün uğurlu olmadı...".

İH: "Sahibkarlara həmişə yüksək diqqət var"

Sahibkarın şikayətləri ilə bağlı Astara rayon Kənd Təsərrüfatı İdarəsi ilə danışmaq mümkün olmadı. Amma Astara rayon İcra Hakimiyyətindən (İH) qısaca bildirdilər ki, rayonda sahibkarlara həmişə yüksək diqqət var.

XS
SM
MD
LG