Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 13:24

'Bağçanı qışda odun sobası ilə qızdırırlar'


Suparibağ kənd körpələr evi-uşaq bağçası
Suparibağ kənd körpələr evi-uşaq bağçası

Astara rayon Rudəkənar kənd sakini Ellada İsmayılova Suparibağ kənd körpələr evi-uşaq bağçasında üç ildir ki, aşpaz köməkçisi işlədiyini söyləyir. Onun deməsinə görə, maaşı çörəyə güclə çatır: "Nəyə görə bağçada 32 nəfər işçinin 24 nəfəri yarımştat cədvəli üzrə çalışır? Bir uşağım var, 160 manatla necə dolanım?".

"Uşaqları nəzarətsiz qoyub gedirlər"

Azərbaycanda hazırda minimum əməkhaqqı 345 manatdır. O aldığı maaşla dolanmağın çətin olduğunu söyləyir: "Bağçada intizam da zəifdir. Tərbiyəçi müəllimlər istədikləri vaxtda uşaqları nəzarətsiz qoyub gedirlər".

Ellada İsmayılova əlində mənfi hallarla bağlı faktların olduğunu deyir. Onun bildirməsinə görə, bu faktları lazım olan yerlərə təqdim edib: "Bağçanı qış aylarında odun sobası ilə qızdırırlar. Əyləncə yeri də dağıdılıb".

"Məni susdurmaq istəyirlər..."

O deyir ki, bağçada uşaqların sayı ildən-ilə azalır: "Mehriban xanım Əliyevaya, prezident köməkçisi Fuad Ələsgərova, Baş prokurora məktubla müraciət etmişəm. Yerli orqanların da bu barədə xəbərləri var. Məktubuma əsasən ilin əvvəlində Lənkəran-Astara Təhsil şöbəsinin nümayəndələri bağçada olublar. İşçilərdən burdakı vəziyyətdən razı qaldıqları barədə ərizə alıblar. Məni susdurmaq istəyirlər, işdən çıxartmaqla hədələyirlər".

Onun deməsinə görə, heç kimlə şəxsi ədavəti yoxdur, məqsədi bağçada ədalətin bərpa olunmasıdır: "Ən qəribəsi budur ki, bağçaya yoxlamağa gələnlər yazmış olduğum faktların üstünə xətt çəkirlər. Deyirlər ki, burada qanun pozuntusu yoxdur".

Müdir: "Onun dedikləri düz deyil"

Suparibağ kənd körpələr evi- uşaq bağçasının müdiri Leyla Mirzəyeva da iddiaları qəbul etmir: "Onun dedikləri düz deyil. Maaşlar yanvarda artandan sonra Ellada İsmayılova gəlib dedi ki, saatımı artırın. Belə bir imkan olmadı. Saatları mən vermirəm, uşaqların sayına görə verirlər. Başqa bağçalarda necədir, bizdə də elə. Saat məsələsi ilə bağlı yoxlama gəldi, gördülər ki, mümkün deyil. Başladı müxtəlif yerlərə müraciət etməyə".

Leyla Mirzeyeva əlavə edib ki, o, burda təzə işləyir: "Mən buraya gələndə əyləncə yeri yox idi. Rayon prokurorluğundan, Lənkəran-Astara Regional Təhsil Şöbəsindən yoxlamalara gəliblər. Yoxlamalardan məlum oldu ki, deyilənlər düz deyil. Bizdə yarım ştatla işləyənlər var. Bağçada qrup artsa, ştatlar da, saatlar da artar. Qrup kəsilsə, ştatlar da kəsiləcək. Qrup artmayıb. Qış mövsümündə uşaq az gəlirdi, indi sayları artıb. Bağçanı odun sobası ilə qızdırırıq. Sistemdə 70 uşaq var. Ola bilər, bəzən az gəlsinlər".

Yazıda yer alan şikayətlərlə bağlı Lənkəran-Astara Təhsil Şöbəsi və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

XS
SM
MD
LG