Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:36

Astarada traktorçu: 'Kasıblar uşağını məktəbə göndərə bilmirlər'


Rauf Əliyev
Rauf Əliyev

"Traktor yenə sınıb"

Astara rayonunun Suparibağ kənd sakini Rauf Əliyev, deməsinə görə, 25 ildir ki, "Belarus" markalı təkərli traktor sürür. Traktor atasından qalıb, 1987-ci ilin istehsalıdır.

O, ailəsini, əsasən, bu traktorla dolandırdığını bildirir. Əlavə edir ki, indi traktor onu yox, o, traktoru saxlamaq məcburiyyətində qalıb: "İldə üç-dörd dəfə təmir edirəm. Bu ilin may ayında təmir etmişdim. Traktor yenə sınıb. Traktorun işlənmiş hissələrini tapmaq çətindir, həm də bahadır. 850 manat təmirə verdim, bankdan kredit götürdüm. Bank daha mənə pul vermir. Deyir, əvvəlkini qaytar, sonra. Görürəm ki, ildən-ilə ziyana gedirəm, borcum artır. Neçə nəfərdən borc götürmüşəm. O borclar da qalıb. Küçəyə çıxa bilmirəm".

Sökülmüş traktor
Sökülmüş traktor

"Krediti necə ödəyərəm?"

R.Əliyev sökülmüş traktoru həyətdə saxlayır. Traktorda qaynaq yerləri aydın görünür. Əli ilə traktorun sökülmüş hissələrini göstərib deyir ki, bahadır, ala bilmir: "Bir ədəd təkərin qiyməti 950 manatdır. Haradan gətirim pulu? Traktorun təzəsi 40 min manatdır. Onu kim mənə verər? Tutaq ki, götürdüm. İlin bütün aylarında iş olmur. Kənd təsərrüfatı can verir. Mövsümdən-mövsümə iş tapa bilirəm. Kəndli çalışır ki, xərci az çıxsın, traktorun işini əl ilə görür. Krediti necə ödəyərəm?".

"Sərhədlər bağlı olmasaydı,..."

O, evini göstərib deyir ki, 10 ildir ev tikir, başa çatdıra bilmir: "Kənddə də işsizlikdir. Gənclər iş dalınca qərib ölkələrə gedirlər. Sərhədlər bağlı olmasaydı, Rusiyaya tanışların yanına gedərdim. Türkiyədə bir il işləmişəm. O vaxtları Türkiyədə iş var idi, bir az pul qazandım". (2020-ci ildən koronavirus səbəbi ilə ölkənin quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb-red.)

Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər.
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

R.Əliyev deyir ki, üç uşağı var: "İnanın ki, çörək almağa çətinlik çəkirəm. Belə biabırçılıq olar?! Sovet dövründə atam o traktorla rahat beş uşaq saxlayıb, mən üç uşağı saxlaya bilmirəm. Kəndin gözoxşayan məktəbi var, amma kasıblar uşağını məktəbə göndərə bilmirlər. Mən də oğlanlarımı məktəbə göndərə bilmirəm. Dərs ləvazimatlarını, məktəbli formasını almağa pulum yoxdur. İqtisadi vəziyyətimlə bağlı lazım olan yerlərə müraciət etmişəm. Dedilər, adında traktor var, sənə ünvanlı sosial yardım düşmür".

"İşığın, qazın pulunu nə ilə verəcəyəm?"

O, kommunal ödənişlərdən gileylənir: "Qazpulu yığılmışdı, 180 manat. Bu yayda qazandım, ödədim. İndi təzədən borc yığılır. Fikirləşirəm ki, işığın, qazın pulunu nə ilə verəcəyəm? Verməyəndə gəlib kəsirlər, baxmırlar evdə uşaq, qoca var. Kənddə mənim kimi dörd traktorçu var, onlar da köhnə traktorlarını işlədə bilmirlər. Bu traktorlar da sıradan çıxsa, kənddə texnika olmayacaq. Dövlət dəstək olmalıdır".

Traktorun hissələri bahadır
Traktorun hissələri bahadır

"İş yoxdur axı"

O, sonda da sual edir: "Haçan yaxşı gün görəcəyik? Deyəndə ki, neftimiz, qazımız var, məmur deyir ki, kənddə yaşayırsan, neftin, qazın sənə dəxili yoxdur. Mənə deyirlər ki, traktor qazanc vermir, onu at, başqa işə keç. İş yoxdur axı".

R.Əliyevin dilə gətirdiyi şikayətləri ilə bağlı, hələlik, rayon rəsmilərinin münasibətini öyrənmək mümkün olmayıb. Amma rəsmilər işsiz insanlara, bir qayda olaraq, məşğulluq idarəsinə üz tutmağı məsləhət bilirlər.

XS
SM
MD
LG