Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:54

Astarada 'Ulduz' filminin çəkildiyi ləm dağılıb


 Əsədulla Musayev
Əsədulla Musayev

Astara rayonunun Ərçivan qəsəbəsində, 1964-cü ildə kütləvi baxışa təqdim edilən "Ulduz" filmində bəzi səhnələrin çəkildiyi deyilən tarixi tikili, yay istirahət evi- ləm dağılıb.

Bu ləm Bakı-Astara yolunun üstündə yerləşir. Onun damı tam uçub. Keramikdən olan dam örtüyü yararsız hala düşüb.

"Mədəniyyət və Turizm Nazirliyinə teleqrama vurmuşdum"

Tikilinin yerləşdiyi həyətin sahibi Əsədulla Musayevin sözlərinə görə tarixi abidənin təmirə ehtiyacı var idi: "23 oktyabrda, günorta saatlarında dam çökdü. Dəfələrlə bu barədə müvafiq orqanlara bildirmişdim. Mədəniyyət və Turizm Nazirliyinə (2020-ci ildən Dövlət Turizm Agentliyi) teleqrama vurmuşdum. Bildirmişdim ki, qəsəbədə 150 il yaşı olan yay istirahət evi tarixi abidə- ləm və 19 əsrin yadigarı hamam var. Bu abidələr təmir olunmalıdır. Mənə nazirlikdən məktub gəldi ki, tarixi abidələr şəxsi mülkiyyətdə olduğu üçün vətəndaş özü onu təmir etməlidir".

"Yumurta sarısından istifadə olunub"

O da vurğulayır ki, "Ulduz" filminin bəzi səhnələri bu ləmdə çəkilib: "Rayona gələn ən çox turistlər buraya baş çəkirlər. Bura mənim həyətimdir. Buraya gələnləri öz qonağım hesab edirəm. Çaya, yeməyə dəvət edirəm. Amma ləm dövlətə, xalqa məxsus idi. Dayaqları möhkəmdir. Yumurta sarısından istifadə olunub. Bu, tarix idi, qalmışdı".

Keramikdən olan dam örtüyü yararsız hala düşüb.
Keramikdən olan dam örtüyü yararsız hala düşüb.

"Məmurun tum puludur"

Ə.Musayev deyir ki, maddi vəziyyətin çətinliyindən ləmi təmir edə bilməyib: "İnanın, gücüm çatmadı ki, onu təmir edim. Özüm 40 il mədəniyyət sahəsində işləmişəm, indi pensiyadayam. İşləyənim yoxdur, ailə mənim pensiyamla dolanır. Bunun təmiri 2 min manatdan da az pul götürərdi. Məmurun tum puludur. Ləm dağıldığına görə elə bilirəm ki, nə isə itirmişəm. Belə biganəlik olar?".

"Gələcək nəsillərə nə göstərəcəyik, nə deyəcəyik?"

Ərçivan qəsəbə sakini, ictimai fəal Vaqif Əhmədoğlu isə tikilinin dağılmasını biabırçılıq adlandırır: "Tarixi abidənin üstündə lövhə var. Orada yazılıb ki, tarixi abidə dövlət tərəfindən qorunur. 4091 nömrəli inventardır. Kəndimizdə tarixi abidə sayılan hamam var, o da dağılır. Tarixi abidələrin təmiri böyük məbləğ istəmir. Əgər bizim tarixi abidələrimiz dövlət tərəfindən belə qorunursa... Gələcək nəsillərə nə göstərəcəyik, nə deyəcəyik?".

Bilgəhdəki tarixi abidə partlaya bilər...
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

"Şəxsi mülkiyyətdir..."

Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov isə deyir ki, mülkiyyətçi özü tarixi abidəni təmir etməlidir: "Şəxsi mülkiyyətdir, dövlət onun üçün heç nə etməyəcək. Onu vaxtında sığorta etsəydi, yenidən təmir edə bilərdi. Son 15 ildə səkkiz ləm var idi. Şahağacı kəndində biri dağıldı. Hazırda rayonda yeddi ləm qalıb. Abidələr haqqında qanunun 25-ci maddəsində deyilir ki, şəxsi mülkiyyətdə olan abidə mülkiyyətçi tərəfindən təmir edilir. Nazirliklə razılaşma şərti ilə. İstisna hal olaraq Astara rayonunun tarixində ilk dəfə 2007-ci ildə Ərçivan qəsəbəsində olan ləm təmir edilib".

Xatırlatma

Belə tikililər yayda istidən qorunmaq və istirahət etmək üçün inşa edilib. Onlar dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Ləmlər, tarixçilərin bildirməsinə görə, XVIII-XIX əsrlərdə geniş yayılıb. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçüblər. Onların aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Ləmlər Azərbaycan Respublikasının cənub zonasının spesifik tikililəridir…

XS
SM
MD
LG