Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:11

Astarada 4 namizədin şikayəti...


T.Əliyev
T.Əliyev

77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış 4 namizədin seçki prosesinin gedişindən narazı qaldıqları bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumatı həmin dairədən namizədliyi qeydə alınmış, müxalifətdə olan Müsavat Partiyasının üzvü Tarif Əliyev verib. O qeyd edib ki, dairədə 15 nəfər seçki marafonunu davam etdirir.

T.Əliyevin sözlərinə görə, özü daxil olmaqla, 4 namizəd qanun pozuntusu ilə bağlı dairə seçki komissiyasına (DSK) müraciət edib:

«Guya bu vəzifəli şəxslər öz hesablarına məzuniyyət götürüblər»

«Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Rəşad Mahmudovun təşviqatında inzibati resurslardan istifadə edilib. O, özünün Facebook səhifəsində keçirdiyi tədbirdən şəkillər yerləşdirib. Həmin şəkillərdə olan adamları özünün vəkili kimi təqdim edir.


Həmin adamlardan bəziləri Astara rayon İcra Hakimiyyətində vəzifə daşıyır, kitabxananın, təhsil şöbəsinin müdirləridir və, eyni zamanda, müxtəlif idarələrdə işləyən rəhbər şəxslərdir. Müşahidələrimiz göstərir ki, onlar iş başındadırlar. Seçkidə səlahiyyətlərindən istifadə edirlər. Bu, seçki qanununun kobud sürətdə pozulmasıdır. Vəzifəli adamların YAP nümayəndəsinin ətrafında birləşməsi seçkinin nəticələrini şübhə altına ala bilər. Mən bunu psixoloji cəhətdən seçiciyə təzyiq kimi qiymətləndirirəm. DSK-ya şikayət vermişdik. Onlar gülməli cavab veriblər. Biz məsələni qaldırandan sonra sənədləşmə gedib. Guya bu vəzifəli şəxslər öz hesablarına məzuniyyət götürüblər. DSK-nın qərarı ilə razı deyilik. Mərkəzi Seçki Komissiyasına (MSK) bu qərardan şikayət vermişik».

Onun sözlərinə görə, indi MSK-nın cavabını gözləyirlər: «Cavab bizi təmin etməsə, növbəti addım atılacaq»

77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizədlər
77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizədlər

«Müraciətləri əsassız olduğundan təmin edilməsin»

77 saylı Astara dairə seçki komissiyasının həmin şikayətlə bağlı qəbul olunan qərardan: «77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizədlər Bağırov Rövşən Tofiq oğlunun, Həsənov Rəşad Əlövsət oğlunun, Əliyev Tarif Vəli oğlunun, Əliyev Nurməmməd Mirhüseyn oğlunun müraciətləri əsassız olduğundan təmin edilməsin».

«İcra aparatı seçkilərə müdaxilə etmir»

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov YAP-ın namizədinin vəkilləri arasında onların da işçilərinin olduğunu təsdiq edir. Lakin o, bunu qanun pozuntusu hesab etmir:


«Seçki Məcəlləsi var. Yeni Azərbaycan Partiyası öz namizədini veribsə, o, partiyanın səlahiyyətli nümayəndəsi də olur. Bu səlahiyyətli nümayəndə də var. Partiyanın şura üzvləri və digər üzvlər namizədə vəkillik edə bilərlər. Qanunda da göstərilir ki, vəkillərin sayı 10 nəfərə kimi ola bilər. Onlar da bununla bağlı həm MSK-ya, həm də DSK-ya müraciət ediblər. Belə olduqda, vəzifəli şəxslər işlədikləri yerdə öz hesablarına məzuniyyət götürürlər. Onlar da götürüblər. Bunun üçün MSK, DSK var. Qoy araşdırsınlar, bu, nə qədər qanunudur. İcra aparatı seçkilərə müdaxilə etmir...».

A.Mahmudov YAP-ın namizədi R.Mahmudovun qardaşıdır.

Namizədin vəkili: «Qanun buna icazə verir»

Bütün bu şikayətlə bağlı R.Mahmudovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Amma onun vəkili Muxtar Şiriyev deyib ki, burda qanun pozuntusu yoxdur: «Qanunda var ki, vəkil olmaq istəyən şəxs vəzifədən kənarlaşdırılmaqla seçkidə iştirak edə bilər. Ona vəkil olmuş şəxslərin hamısı YAP-ın üzvləridir. Doktor Rəşad Mahmudov YAP-ın namizədidir. Vəzifədə olan vəkilləri öz hesablarına məzuniyyət götürüblər. Orada təxminən 3-4 nəfər vəzifəlidir. Qanun buna icazə verir. Əgər onlar vəzifədə qalsaydılar, bu, qanunazidd olardı».

Müsavatçı ona süni maneələrin yaradıldığını deyir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

«Komissiya ərizələrdə göstərilən faktları diqqətlə yoxlayıb»

77 saylı DSK-nın sədri Hikmət Əkbərov da verdikləri qərarla bağlı bunları deyib: «Komissiya ərizələrdə göstərilən faktları diqqətlə yoxlayıb. O vəzifəli şəxslərin adlarını çəkirlər, onların öz hesablarına məzuniyyətə çıxdıqları barədə ərizələri var. Qərardan narazıdırlarsa, MSK-ya şikayət verə bilərlər».

Məsələyə, hələlik, MSK-dan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam verib.

Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan Partiyasına aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədi ilə izah etmişdilər.

Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifətdən Milli Şura və bəzi qüvvələr bu seçkiləri boykot edir. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG