Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:43

Məhsul bol olanda da problem olur, olmayanda da...


Astaranın Sərək kəndində feyxeoa yığımı, oktyabr 2019
Astaranın Sərək kəndində feyxeoa yığımı, oktyabr 2019

Astaranın Sərək kəndinə doğru uzanan yol asfalt olsa da kəndin ara yolları yaxşı vəziyyətdə deyil. Elə yerlər var ki, yağışda, qarda keçilməz olur...

Feyxoa bağları ilə məhşur olan bu kəndə girmək üçün yaxınlıqdakı çayın üstündə kustar qaydada düzəldilmiş “körpü”lərdən keçməlisən. Həmin “körpü”lərin birndən keçib feyxoa bağlarına giririk. Əhali əsas qazancını bu bağlardan çıxarsa da məhsul yığımı mövsümü olmasına baxmayaraq bağlarda elə də çox adam gözə dəymir. Yolda ara-sıra rast gəldiyimiz adamların dediyindən aydın olur ki, onların gözü ötən ilki kimi alıcı azlığından qorxur.

“Yaşayışımız feyxoadan aslıdır”

Rafiq Muradov
Rafiq Muradov

Çətir kimi yüksələn feyxoa ağaclarının arası ilə hərəkət edirik. Sahibkar Rafiq Muradov ağacın budağını əyib, yetişmiş meyvələri göstərir. Deyir hər gün yığılmalıdır ki, ağacda qalıb xarab olmasın.

“Yetişmiş meyvə hər gün dərilməlidir. Çox qalmır, dəriləndən 7-8 gün sonra qaralır, sonra isə çürüyür”.

Sahibkar 70-ci illərdə salınan feyxoa bağlarından indi böyük qazanc götürmək olmasa da müəyyən qədər ailəyə maddi dəstək olduğunu vurğulayır. Bu meyvənin sağlamlıq üçün faydasına da toxunur, deyir qan təzyiqi olan adamların feyxoa yeməyi məsləhətdir.

Azerbaijan, a woman collecting Feyhoa, Astara district 4 OKT 2019
Azerbaijan, a woman collecting Feyhoa, Astara district 4 OKT 2019

Feyxoa bağında məhsul yığanların çoxu qadınlardır. Bunun da bir özəlliyi var, gərək bu meyvə ilə nəzakətli davranasan, yoxsa yığım zamanı xırda zədələnmiş feyxonanı uzun müddət saxlamaq olmur.

Sahibkar feyxonaın digər kaprizlərindən də söz açır, deyir gərək bu ağacların dibində daima su olsun.

Gözoxşayan yaşıl feyxoa bağlarına sahiblənməsinə toxunan Rafiq Muradov deyir ki, 25 ilə yaxındır ki, bu bağlarda külüng çalır. Əvvəllər sovxoza məxsus olan bağları ona 1995-ci ildə əmlak payı kimi veriblər. Amma o bununla da kifayətlənməyib bir az da yan-yörədəki bağları alıb öz sahəsinə qoşub.

“Aldığım 200 manat pensiya ilə dolanmaq çətindir. Ona görə də əlavə qazanc yeri yaratmışıq. Yaşayışımız feyxoadan aslıdır. Əmlak payı kmi mənə bir hektara yaxın feyxoa sahəsi verilib və bir az da artırmışam. İldə 6-7 ton məhsul götürürəm. Oğlumun adınadır. 3-4 il idi az məhsul verirdi. Bu il məhsul var, ancaq xırdadır”.

Üzləşdikləri problemlərin bir çoxunun artıq arxada qaldığını deyən sahibkar bunu Rusiyaya mal aparmaq imkanlarına şamil etmir.

"Oraya məhsul aparamaq bir müsibətdir. Feyxoa bağları artıb. Kənd əhalisinin yarıdan çoxu feyxo ilə dolanır. Amma sata bilmirik. Adətən sərhəddə gömrük mane olur. Amma bu il, hələlik, maniələr yoxdur. İş ondadır ki, bu il məhsul bol olsa da Rusiyaya feyxoa aparanların sayı azalıb. İndi feyxoanın kiloqramını 50 qəpiyə veiririk. Sabah düşəcək 40 qəpik olacaq. Qiymət hər gün 10-15 qəpik aşağı düşür. Amma Rusiyanın bazarlarında feyxoanın qiyməti 4-5 dəfə bahadır. Elə Bakının özündə 1-2 manatadır. Məhsul getməsə meyvə ağacdan töküləcək, məhv olacaq. Necəki hər il məhsulun 20-30 faizi itkiyə gedir”.

Problem tək feyxoa ilə bağlı deyil

Kəndin ara yolu
Kəndin ara yolu

Rafiq Muradovun ürəyi doludur, tək dərdi, qayğısı feyxoa bağlarında qalan meyvənin satışı deyil. O, həm də kəndin illərdən bəri mövcud olan problemlərini də sadalayır.

"Ara yollarımızı da gördünüz. Elə yerlər var keçilməzdir. Kəndin başqa bir problemi örüş yerlərimizin olmamasıdır. Mal-qara kəndin küçələrində gəzir. Otu da pul ilə alırıq. Limon və naringi bağlarım da var. Bizdə deyirlər ki, limon tacirin malıdır. Pullu adam limon ağacını saxlaya bilir. Üstünü örtmək üçün polietilenin metrəsi 2 manata yaxındır. Limon, naringi bir az xərc çox aparır, amma sərfəlidir. Çünki məhsulları uzun müddət saxlamaq olur”.

Problemlərdən danışmayan adam

Alim Ibadov
Alim Ibadov

Məhsil tədarükü ilə məşğul olan kənd sakini Alim İbadov isə bu il elə bir problem yaşamadığını deyir.

“Özüm də bu kənddənəm. Sitrus meyvələrinin satışı ilə məşğuluq. Hazırda feyxoa tədarük edirik. Bu məhsul Rusiyaya gedir. Ölkəmizdə iri marketlər də var ki, sifarişlər veirirlər. Qiymət hər gün dəyişir. Məsələn, dünən 70 qəpikdən tədarük etmişdik, bu gün 50 qəpikdən. Söhbət keyfiyyətli məhsuldan gedir.”

Bu məktəblilərin hər gün gedib gəldiyi kənd yolu
Bu məktəblilərin hər gün gedib gəldiyi kənd yolu

Ara yolların təmiri nəzərdə tutulur

Feyxoa satışının düzələcəyi, qiymətlərin bahalaşacağı ilə bağlı hər hansı gözlənti olmasa da Sərək kəndinin ara yollarının təmir olunacağı ilə bağlı müəyyən ümidli fikirlər var. Kənd sakinləri arasında belə bir ümidi Şüvi bələdiyyəsinin sədri Nail Muradov yaradıb. O deyib ki, bələdiyyə ərazisi olan Sərək kəndinin ara yolları təmir ediləcək. Amma konkret nə vaxt? Bələdiyyə sədri bu qədər dəqiqliklərə getməyib.

Astara rayonunda sitrus meyvə bağlarının 4 min hektara yaxın olduğu,
il ərzində bu sahələrdən 40 min tona yaxın meyvə tədarük edildiyi bildirlir. Rəsmi məlumatlara görə, bu sahədə çalışanların sayı 3 min nəfəri ötüb. Ötən il “Azərbaycanda sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramı” da qəbul edilib.

Sahibkarın bir istəyi də var

Sahibkar Rafiq Muradov bütün bunları müsbət qiymətləndirir. Amma hesab edir ki, məhsul itkiyə getməsin deyə, sabit bazar və kənd ərazisində şirə və mürəbbə istehsal edən sexlər olmalıdır:

“Mürəbbə sexi vacibdir. İri feyxoalar satışda yaxşı gedir, xırdları qalır və atılır. İtki də əsasən bundan irəli gəlir. Mürəbbə sexi olsa itki azalar. Qazanc çox olar. Onda yolları da təmir edə bilərik. Hələlik,bunlar yoxdur”.

XS
SM
MD
LG