Sahibkar Rafiq Cəfərov-la vədləşdiyimiz yerdə, ona məxsus iş yerində görüşdük. Rafiq Cəfərov obyektləri göstərib deyir ki, iş dayanıb:
“Burda 50-60 adam çalışardı, həyat qaynayardı. Görürsünüz, indi heç kim yoxdur.”
O, təəssüf hissi ilə bildirir ki, ümidləri də puça çıxıb:
“Astara rayonunda 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. İstehsal sahələrini artırmışdım. Çörək bişirmə sexi, düyü, un dəyirmanlarım, yanacaqdoldurma məntəqəm var. Neqativ hallarla rastlaşdığım üçün bu istehasal sahələrini bağlamışam, fəaliyyət yoxdur. Səbəb birdir. Sahibkarlığın inkişafı üçün şərait yoxdur. İmkan vermirlər.”
O başına gələnləri belə nəql edir:
“Özüm Ərçivan qəsəbəsi-ndə yaşayıram. Rayonun və qəsəbəin xeyr, şər işlərində iştirak etmək, əl tutmaq mənim borcumdur. Lakin bunları edə bilmirəm. Özümü aciz hiss edirəm, sahibkar hiss etmirəm. Xarici ölklərdə çox olmuşam. Görmüşəm ki, oralarda sahibkarlara böyük hörmət var...”
“MƏHSULUN DƏYƏRİ ARTIQCA ALICLARIN SAYI AZALIR”
O bizi meyvə bağlarına dəvət edir. Deyir ki, yeganə qazanc yeri meyvə bağlarıdır:
“Naringi, limon, portağal, feyxoa sahəm var. Cəmi 6 hektardır. Bu sahədə günəmuzd işləyən fəhlənin hər birinə 15-20 manat pul ödəyirəm. Sahəni saxlamaq üçün ildə 20-25 min manat xərc çəkirəm. Həmin pulu da meyvədən qazanıram. Gübrəyə, fəhləyə pul xərclənir. Fəhlələr bağa əl gəzdirməsə 1-2 ilə meşəyə dönər. Meyvənin satılmasında da problemlərlə üzləşirik. Məhsulun maya dəyəri artıqca alıcıların sayı da azalır. Alıcı tapmaq şox çətin olur. Nəticədə meyvənin müəyyən hissəsi sahələrdə çürüyür...”
“ƏN BÖYÜK ZƏRBƏNİ 2015-Cİ İLDƏ ALDIM”
Sahibkar istehsal sahələrinin dayandırlmasının səbəblərini belə izah edir:
“Ən böyük zərbəni 2015-ci ildə aldım. dolların məzənnəsi birdən birə yuxarı qalxdı ( 2015-ci ildə Azərbaycanda baş verən devalvasiyalar nəticəsində manat dollar qarşısnda iki dəfə dəyər itirdi-R). Manatın bu qədər dəyərdən düşməsi yerli sahibkarların belini qırdı. Əvvəllər fəhlə günə 10-15 manata işləyirdisə ində məndən 25-30 manat tələb edir. Bahaçılqdır. O vaxtları rəsmilər bildirmişdilər ki, manat sabit qalacaq. İnandıq. Sonra da dedilər ki, manat “üzən məzənnə”yə keçir. Nəticədə 1 ABŞ dolları 1 manat 70 qəpik oldu. O vaxtları neft ucuz idi, manat düşdü. İndi neft bahadır. Onda nə üçün manat bahalaşmır? Əhalinin aldığı kreditlər var. Mən o vaxtları 156 min dollar kredit götürümşüdüm. Bu günə kimi 300 min manata qədər banka pul ödəmişəm.Bankın dediyinə görə hələ 70 min manat da ödəməliyəm. Belə çxır ki, ömrümün qalan hissəsini banka işləməliyəm? Mənim uşaqlarım, nəvlərim işləyib bu pulu verməlidirlər? Qonşu ölkələrdə də böhran oldu. Amma dövlət xalqın ziyanını ödədi. Təkcə sahibkarlar deyil, vətəndaşlar da ziyana düşdülər... ”
“HAMI BANKLARA FAİZ VERİR”
Onun fikrincə sahibkarlığın inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır:
“Birinci növbədə korrupsiya və rüşvətxorluq yığışdırmalıdır. Sosial ədalət prinsipi olmalıdır. Monopoliya aradan götürülməlidir. Azad söz və ədalətli məhkəmə olmalıdır. 2002-ci ildə Heydər Əliyevin ( keçmiş prezident-r) sahibkarlarla keçirdiyi görüşdə mən də var idim. O vaxtları sahibkarların nüfuzu xeyli qalxdı. İş və söz sahibi oldular. Bir neçə il keçəndən sonra vəziyyət birdən-birə dəyişdi. Bölgədə böyük kapitalı olan yüzlərlə sahibkar var idi. İndi yoxdur. Çoxları banklara faiz verir. Banklar onlar özlərinin əsrinə çeviriblər.”
RƏSMİLƏR NƏ DEYİR?
Azərbaycan rəsmiləri isə ölkədə sahibkarlara dövlət dəstəyi məqsədi ilə ciddi addımlar atıldığını bəyan edirlər. Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyev bunları demişdi:
“Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilib, keçən il isə 160 milyon manat. Sevindirici haldır ki, kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər hesabına verilir. Yəni, büdcə bu məsələyə pul xərcləmir... Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik. Sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox ölkələrə ixrac missiyaları təşkil olunur. Biz kömək edirik, bu işlərə büdcədən vəsait ayırırıq. Biz sərgilərdə, xüsusilə ərzaq məhsullarının təbliği ilə bağlı sərgilərdə dövlət hesabına iştirak edirik. Sahibkarları oraya cəlb edirik ki, onlar öz məhsullarını xaricə daha rahat sata bilsinlər. Ticarət evləri yaradılır. Artıq Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan Ticarət evləri açılıb...”