Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Ata 25-yaşlı oğlunun ölümünə görə sığortanı ala bilmir


Hakim
Hakim

Lənkəran sakini, 7 saylı "Magistral Yolların İstismarı" MMC-nin 25-yaşlı əməkdaşı Vüsal Babazadə iş başında vəfat edib. Hadisə 2019-cu ilin aprelində Lənkəran və Lerik rayonları arasındakı yol çəkilişi zamanı olub. Bir ildən çoxdur ki, ailəsi onun ölümünə görə sığorta pulunu ala bilmədiyini deyir.

Bu barədə AzadlıqRadiosuna danışan atası Şaddıq Babayevin bildirdiyinə görə, Vüsal 2018-ci ildə ailə qurmuşdu, bir azyaşlı övladı var. Onun sözlərinə görə, oğlu geodeziya fəhləsi idi. Daş materiallarının həcmini hesablayanda əlindəki ölçmə aləti elektrik naqilinə toxunub, onu elektrik cərəyanı vurub.

Cinayət işinə xitam verilib

V.Babazadənin ölümüylə əlaqədar Lənkəran şəhər Prokurorluğunda CM-in 314.2 (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun işlədiyi qurumun vəzifəli şəxsləri də dindirilib. "Magistral Yolların İstismarı" MMC-də geodeziya mühəndisi olan Kamran İsparov hadisənin necə baş verdiyini də danışıb: "Lənkəran-Lerik rayonları arasında yol tikintisi layihəsi üzrə ölçmə işləri aparılırdı. Faiq Hüseynli və Vüsal Babazadəyə zavodun həyətində daş doğrayan qurğunun yanında ölçülməsi lazım olan ərazini göstərdim. Vüsal Faiqdən təxminən 100-150 metr aralıda işləyirdi. Saat 14:30 radələrində Faiq mənə zəng edərək elektrik naqillərində qığılcım olduğunu, Vüsalı cərəyan vurduğunu dedi. Təcili yardımın gec gələcəyini görüb Vüsalı öz maşınımla xəstəxanaya apardım. Xəstəxanada həkimlər onun artıq öldüyünü dedilər".

Araşdırmaların yekununda cinayət işinə xitam verilib. Belə nəticəyə gəliblər ki, bu işdə cinayət hadisəsi yoxdur. Lənkəran Rayon Məhkəməsinin qərarında göstərilib ki, bu hadisə istehsalat qəzasıdır.

"Magistral Yolların İstismarı" MMC ilə "Qala Sığorta" arasında 14 iyul 2017-ci ildə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsi" bağlanıb. Ş.Babayev deyir ki, bu üzdən oğlunun ölümünə görə onun ailəsinə sığorta ödənilməsi üçün şirkətə üz tutub. Amma sığorta şirkəti vəsaiti ödəməkdən imtina edib.

"Qala Həyat" sığorta şirkətinin İdarə Heyətinin sədr əvəzi Araz Əlizadə cavab məktubunda yazıb ki, baş vermiş hadisə üzrə şirkətin öhdəliyi yaranmayıb, ona görə də sığorta ödənilməyib.

"Süründürürlər"

Ş.Babayev bundan sonra Mərkəzi Banka üz tutub: "Mərkəzi Bankdan da cavab gəldi ki, ölümün iş vaxtı baş verdiyini təsdiqləyən sənəd təqdim edilsə, sığorta ödənilər. Biz də Lənkəran Rayon Məhkəməsinin qərarını təqdim elədik. Orada da yazılıb ki, bu işdə cinayət tərkibi yoxdur, istehsalat qəzasıdır. Şahid ifadələri də var. Bundan sonra dedilər ki, yox, şirkətin üzərinə sığortanı ödəmək öhdəliyi qoyan məhkəmə qərarı olmalıdır. Bu da o deməkdir ki, mən yenidən xərc çəkməliyəm, yollarda qalmalıyam, sığorta şirkətini məhkəməyə verməliyəm. Niyə məhkəməsiz ödəmirlər, başa düşə bilmirəm. Süründürürlər...".

Ş.Babayev onu da əlavə edib ki, sığortanın məbləği ailənin həyat şəraitinə uyğun hesablanacaq. Onun fikrincə, məbləğ təxminən 20 min manat ola bilər.

Prezident İlham Əliyevin ötən il noyabrın 28-də imzaladığı sərəncamla sığorta şirkətlərinə nəzarət Mərkəzi Banka həvalə olunub.

Vəkil Aqil Layıc deyir ki, əgər şəxsin iş başında vəfat etdiyi, hadisənin istehsalat qəzası olduğu prokurorluğun qüvvədə olan qərarıyla təsdiqlənibsə, bu, sığortanın ödənilməsi üçün yetərlidir: "Prokurorluğun qərarını məhkəmə ləğv etməyibsə, əksinə, qüvvədə saxlayıbsa, deməli, məhkəmə də təsdiqləyib. Bundan sonra sığorta şirkətini məhkəməyə verib, onun üzərinə öhdəlik qoydurmağa nə ehtiyac var? Sığorta şirkəti vəsaiti ödəməlidir. Bu tip işlərdə ekspertiza rəyi də əsas götürülür. İstehsalat qəzalarıyla bağlı Əmək Müfəttişliyi də rəy verə bilər".

A.Layıc əlavə edib ki, sənədlərə baxmayaraq, sığorta ödənişindən imtina olunursa, çıxış yolu sığorta şirkətini məhkəməyə verməkdir.

XS
SM
MD
LG