Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:31

Ata Abdullayev Təzəxan Mirələmlinin həbsini tələb etdi


T.Mirələmli
T.Mirələmli

Özünü̈ videobloqer kimi təqdim edən Ata Abdullayev "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin həbs olunmasını tələb edir. O, mayın 21-də Xətai Rayon Məhkəməsində bu məsələni qaldırıb.

Məhkəmədə elə A.Abdullayevin şikayəti əsasında xuliqanlıq ittihamıyla cinayət məsuliyyətinə cəlb edilən T.Mirələmlinin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə prosesini izləməyə gələn jurnalistlər, hüquq müdafiəçilərinin heç biri zala buraxılmayıb.

T.Mirələmli barəsində ilkin istintaq dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. A.Abdullayev isə onun barəsində qətimkan tədbirinin dəyişdirilməsini, həbs olunmasını istəyib: "Bunlar "5-ci kolon"durlar, terrorçudurlar. Bu yaxınlarda da sübut edildi. Həbs olunmasa, xaricdəki havadarlarının yanına qaça bilər".

A.Abdullayevin bu şifahi vəsatətinə hakim Fərid Yaqubov münasibət bildirməyib.

Həbslə hədələyir

Məhkəmədə məlum olub ki, T.Mirələmli ittiham aktını almayıb. Prokuror məhkəmə iclasının davam etdirilməsini istəsə də, T.Mirələmli buna etiraz edib. Bu üzdən məhkəmə iclası mayın 22-nə təxirə salınıb.

T.Mirələmli barəsində qətimkan tədbirinin dəyişdirilib-dəyişdirilməməsi məsələsi də mayın 22-də məlum olacaq.

A.Abdullayev məhkəmə binasından çıxanda da media qarşısında T.Mirələmlinin dəmir barmaqlıqlar arasına salınmasına nail olacağını bildirib: "Mən onu dəmir barmaqlıqlar arasına saldıracam. Hanı Əli Kərimlisi (AXCP sədri Əli Kərimlini nəzərdə turur – red.), niyə gəlməyib...".

T.Mirələmliyə qarşı CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, fevralın 26-da - Xocalı faciəsinin ildönümüylə əlaqədar anım mərasimində A.Abdullayevə xəsarət yetirməkdə suçlanır.

T.Mirələmli özünü təqsirli bilmir.

CM-in 221.1 maddəsində 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

T.Mirələmli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. AXCP onun cinayət məsuliyyətinə cəlb edilməsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını bildirir.

XS
SM
MD
LG