Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:20

ABŞ Minsk qrupuna yeni həmsədr təyin edib?


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə bürosu Twitter-də bildirir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri iyunun 28-də həmkarları ilə “Dağlıq Qarabağın gələcəyini” müzakirə edib.

Tvitdə təəssüflə qeyd olunur ki, rusiyalı həmsədr İqor Xovayev bu müzakirəyə dəvətdən imtina edib...

Bu arada Turan agentliyinin ABŞ Dövlət Departamentinin rəsmisinə istinadən verdiyi xəbərdə Minsk qrupuna yeni amerikalı həmsədrin təyin olunduğu bildirilir.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə bürosunun tvitində həmsədrin adı çəkilmir.

Məlumatda deyilir: “Biz Minsk qrupunun işini davam etdirəcəyini göləyirik”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Vaşinqtondan səslənən bu bəyanata baxmayaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Bakıya səfəri bəyan edib ki, Minsk qrupu artıq danışıqlar formatı kimi mövcud deyil.

Lavrovun sözlərinə görə 44 günlük müharibədən sonra münaqişə nəticələrinin aradan qaldırılması üçün yeni proseslər başlanıb.

Nazir vurğulayıb ki, bu yeni proseslərin əsasını Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci ilin 9 noyabrında imzaladıqları üçtərəfli bəyanat təşkil edir.

Azatuyun qeyd edir ki, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ukrayna ətrafında bütün fikir ayrılıqlarına baxmayaraq Vaşinqtonun ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində Moskva ilə əməkdaşlığa hazır olduğunu demişdi.

Paşinyan Lavrovun bəyanatını “qəribə” adlandırıb

Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Lavrovun sözü gedən bəyanatını “qəribə” adlandırıb.

O deyib ki, onun aprelin 19-da Moskvada prezident Vladimir Putinlə imzaladığı birgə bəyanatda bu barədə tamam başqa sözlər deyilir.

Həmin sənəddə “ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun onun beynəlxalq mandatına uyğun olaraq potensial və təcrübəsindən istifadənin vacibliyi” vurğulanıb.

Paşinyan “ATƏT-in Minsk qrupu mövcuddurmu” sualına cavab verərkən deyib ki, bu qrupun üç həmsədri öz mandatlarına sadiq olduqlarını bildiriblər:

“Rusiya bunu birgə bəyanatın formatında edib. Fransa bu barədə dəfələrlə bəyanat verib. ABŞ bu barədə bəyanatlar verib. Minsk qrupunun özü bəyanat verməyib ki, o artıq mövcud deyil”.

Minsk qrupunun ABŞ-dan olan həmsədri dəyişir

Bu arada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunda Amerika Birləşmiş Ştatlarından olan həmsədrin dəyişdiyi bildirilir.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə iyunun 28-də Dövlət Departamentinin nümayəndəsi bildirib:

"Endryu Şofer öz vəzifəsini yerinə yetirdi və indi Lora Okla ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədridir".

Xəbərə görə,həmin mənbədən daha sonra bunlar bildirilib:

“İyunun 21-də xanım Okla Ermənistan və Azərbaycan üçün davamlı sülhün bərqərar olması ilə bağlı Avropa İttifaqı və fransalı həmkarları ilə görüşmək üçün Brüsselə gedib. O, iyunun 27-də Minsk Qrupunun fransalı həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə telefonla danışıb. Təəssüf ki, rusiyalı həmsədr Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün onun dəvətini qəbul etməyib.”

Lora Okla 2022-ci ildən Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru vəzifəsində çalışıb.

O, əvvəllər Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru vəzifəsində işləyib.

ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda uzun illər vasitəçilik edib. 1997-ci ildən ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il də trərflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Ötən ilin sonundan isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları əsasən Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG