AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Brüsseldən Yerevana Avropa Sülh Fondundan (European Peace Fund - EPF) ölümcül olmayan silahlarla hərbi yardıma dair əldə olunmuş ilkin razılaşmanın mətni ilə tanış olub.
Azatutyunun yazdığına görə sənəd göstərir ki, Avropa İttifaqı Ermənistana yardım məqsədilə 30 ay müddətində 10 milyon avro ayırmaq istəyir.
Bu yardımların verilməsinə sözü gedən razılaşma təsdiq ediləndən sonra başlanmalıdır.
Sənəddə deyilir ki, Ermənistanda bir batalyon ölçüsündə səyyar səhra düşərgəsinin yaradılması nəzərdə tutulur. Bu düşərgənin tibbi müalicə və başqa müvafiq bölümləri olacaq:
“Bu yardım tədbirindən məqsəd Ermənistan Respublikası Silahlı Qüvvələrinin milli təhlükəsizliyi və sabitliyi qorumaq qabiliyyətinin və onun müdafiə sektorunun dayanıqlığının gücləndirilməsinə töhfə verilməsidir”.
EPF kimlərə yardım edir?
Azatutyunun yazdığına görə sənəddə daha sonra qeyd olunur:
“Yardım tədbirindən məqsəd Ermənistan Respublikası Silahlı Qüvvələrinin əməliyyat effektivliyinin artırılmasına, onun İttifaq standartlarına uyğunlaşdırılmasının sürətləndirilməsinə, beləliklə də vətəndaşların böhran və fövqəladə vəziyyətlərdə daha yaxşı müdafiə olunmasına dəstək verilməsidir”.
EPF fondu 2021-ci ildə sülhün müdafiəsi, münaqişələrin önlənməsi və dünya boyunca beynəlxalq təhlükəsizliyin gücləndirilməsi məqsədilə ölümcül olmayan silahların alınması məqsədi ilə yaradılıb.
Fonddan indiyədək Gürcüstana, Ukraynaya və Moldovaya yardımlar edilib.
Bu ölkələrin hamısının Aİ üzvlüyünə namizəd statusu var.
Qeyd olunmalıdır ki, EPF fondundan yardım almaq üçün Aİ üzvlüyünə namizəd statusu tələb olunmur. Bu fond habelə Konqo, Benin və Qana da daxil bir sıra başqa ölkələrə də yardımlar edib.
Məsələ hələ ki, müzakirə olunur
Azatutyun yazır ki, Ermənistan EPF fondundan yardım almaq üçün 2023-cü ildə müraciət edib. Ötən oktyabrda Fransanın xarici işlər naziri Katerin Kolonna demişdi ki, Ermənistanın müraciəti ilə bağlı şəxsən özü Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı ilə danışıb.
Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti xidmətinin əsas sözçüsü Peter Stano Azatutyuna müsahibəsində demişdi ki, Ermənistana yardım məsələsi müzakirə edilir, lakin qərarın qəbul edilməsi üçün bütün üzv ölkələrin razılığı lazımdır.
Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Danışıqlarda Ermənistana birlikdə toplam 356 milyon dollarlıq yeni yardım vəd edilib.
Bu yardım, elan olunduğuna görə, Ermənistanın dayanıqlığını artırmalı və onun Rusiyadan asılı olan iqtisadiyyatının şaxələndirilməsinə kömək etməlidir.
Ölümcül olmayan silah nədir?
Ölümcül olmayan və ya qeyri-letal silahlar adi istifadə zamanı düşmənin ölümünə və ya ona ağır xəsarət verilməsinə səbəb olmamalıdır.
Belə silahlardan istifadənin əsas məqsədi düşmənin məhvi yox, neytrallaşdırılmasıdır.
Bu silahlardan istifadə zamanı hədəf olan insanın sağlamlığına minimum ziyan dəyməsi tələb olunur.
Bununla belə mediada “humanist silahlar” adlandırılan belə silahlardan hərbi texnikanın və silahların, məsələn dronların vurulması, avtomobil nəqliyyatının dayandırılması məqsədilə də istifadə oluna bilər.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib.
Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.
Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.