İlk dəfə olaraq Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələrinin Səmərqənddə yüksəksəviyyəli sammiti keçirilir. Sammitin AzadlıqRadiosunun əldə etdiyi layihə sənədinə görə, Aİ yeni ticarət və infrastruktur investisiyaları ilə yanaşı, Brüsselin regionla əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirməyi hədəfləyir.
"Qlobal və regional geosiyasi mənzərənin dəyişdiyi şəraitdə daha dərin əməkdaşlığa sadiqliyimizi bir daha təsdiq edərək Avropa İttifaqı və Mərkəzi Asiya arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəlmişik",– aprelin 3-4-də keçiriləcək sammitin yekunlarına dair birgə bəyannamənin Aİ tərəfindən hazırlanan layihəsində qeyd olunur.
Brüssel və Mərkəzi Asiya arasında siyasi əlaqələrin gücləndirilməsindən əlavə, (hələ üzərində dəyişikliklərin edilə biləcəyi) layihə sənədi Aİ-nin regionla tərəfdaşlığını dərinləşdirməyi nəzərdə tutur. Bu, su ehtiyatlarının idarə olunması, strateji əhəmiyyətli minerallar və rəqəmsal əlaqələnmənin inkişafına yönəlmiş əməkdaşlıq vasitəsilə həyata keçiriləcək.
Layihə sənədinə əsasən, Avropa iqtisadi bloku ticarət və investisiyaya daha çox diqqət yetirməyə və "Global Gateway" strategiyası çərçivəsində Mərkəzi Asiya üçün təklif olunan təşəbbüsləri bir araya gətirməyə çağırır. Aİ 2021-ci ildə "Global Gateway" strategiyasını elan edib və bu, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə alternativ olaraq görülən infrastruktur tərəfdaşlıq planıdır.
"Global Gateway"in Mərkəzi Asiyadakı ilk izi "Orta Dəhliz" kimi də tanınan Trans-Xəzər Nəqliyyat Dəhlizidir (TCTC). Bu dəhliz Rusiyadan yan keçməklə Çini Mərkəzi Asiya və Qafqaz vasitəsilə Avropaya birləşdirən 6 min 500 kilometrlik ticarət marşrutudur.
Rusiyanın Ukraynaya qarşı müharibəsiylə Mərkəzi Asiyada geosiyasi tarazlığın dəyişdiyi və Çinin regionda iqtisadi ekspansiyasının baş verdiyi bir vaxtda sözügedən sammit regionda mövqeyini gücləndirmək istəyən Aİ üçün dönüş nöqtəsidir.
Lakin analitiklər deyir ki, Aİ-nin Mərkəzi Asiyaya marağı ilə bağlı regionda hələ də suallar var.
Berlində fəaliyyət göstərən Karneqi Rusiya Avrasiya Mərkəzinin tədqiqatçısı Temur Umarov AzadlıqRadiosuna deyib: "Mərkəzi Asiya Aİ-nin daha geniş iştirakını istəyir, lakin, eyni zamanda, region liderlərinin böyük gözləntiləri yoxdur".
Onun sözlərinə görə, indiyə qədər Aİ yetərli maliyyə vəsaiti ayırmayıb və bu səbəbdən Mərkəzi Asiya ölkələri Avropanı Rusiyadan və Çindən asılılığı azaltmağa kömək edəcək üçüncü əsas tərəfdaş kimi görmür.
Aİ niyə Mərkəzi Asiya ilə əlaqələrini genişləndirmək istəyir?
2023-cü ildən etibarən Qərb liderləri dövlət səfərləri çərçivəsində Mərkəzi Asiyaya axın edirlər. Onlar Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müharibəsi nəticəsində açılan iqtisadi və siyasi fürsət pəncərəsindən yararlanmağa çalışırlar.
Mərkəzi Asiya hökumətləri Moskva ilə güclü əlaqələri saxlasalar da, digər ölkələrlə də münasibətlərini şaxələndirmək üçün səylərini sürətləndiriblər. Dünyanın ən böyük karbohidrogen ehtiyatlarından və kritik xammaldan bəzilərini özündə cəmləşdirən region yeni tərəfdaşları cəlb etmək və mövcud əlaqələri dərinləşdirmək üçün səylərini gücləndirib.
Nəticə etibarilə, son illərdə Brüssellə yanaşı, Fransa, Almaniya kimi ayrı-ayrı Avropa ölkələri də Mərkəzi Asiyada diplomatik əlaqələrini genişləndirib. Eyni zamanda, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər Yaxın Şərq ölkələri də regiondakı mövcudluqlarını artırıb.
Lakin regionda ən dərin əlaqələri Çin qurub. Pekin Mərkəzi Asiyanın aparıcı ticarət tərəfdaşı və ən böyük xarici investoruna çevrilib. 2024-cü ildə Çin lideri Si Cinpin və onun regiondakı həmkarlarının iştirakı ilə mühüm sammit keçirilib.
Regionun ən böyük ticarət tərəfdaşı olan Çin ilə Mərkəzi Asiya arasındakı ikitərəfli ticarət son illərdə davamlı olaraq artıb və 2024-cü ildə 94.8 milyard dollarlıq rekord səviyyəyə çatıb.
Aİ və beş Mərkəzi Asiya dövləti 2023-cü ildə əlaqələrini genişləndirmək üçün yol xəritəsi imzalayıblar. Bunun ardınca 2024-cü investorlar forumu keçirilib və bu forumda Aİ "Orta Dəhliz" ticarət marşrutunun inkişafı üçün 10 milyard avro ayıracağını vəd edib.
"Global Gateway" Çin ilə rəqabət apara bilərmi?
Aİ-nin Mərkəzi Asiyaya artan marağı qismən özünün yeni enerji təchizatını təmin etmək və kritik minerallara çıxış əldə etmək ehtiyacından irəli gəlir. Ancaq bu maraq həm də regionun Moskvadan tarixi asılılığını azaltmasına kömək etməklə bağlıdır.
"Aİ-nin Mərkəzi Asiyaya yanaşmasının əsas elementlərindən biri bu regionla və bu region vasitəsilə əlaqələnməni inkişaf etdirməkdir", - Avropa Xarici Əlaqələr Şurasının proqram direktoru Mari Dümolen AzadlıqRadiosuna bildirib.
Ukraynada başlanan genişmiqyaslı müharibədən bəri, "Orta Dəhliz" marşrutu yeni investisiyalar cəlb edib. Bununla da illərlə xərclər və sərhəd problemləri səbəbindən qaçılan bu yollarda, dəmiryol və gəmilərlə daşınan yüklərin miqdarı artıb.
Lakin sözügedən ticarət yolu hələ də kifayət qədər infrastrukturun olmaması və əsas limanlarda məhdud imkanlar səbəbindən Rusiyadan keçən ənənəvi Şimal marşrutuna alternativ ola bilməyib.
Aİ-Mərkəzi Asiya sammiti həm də bütün bu təşəbbüslərə yeni təkan vermək məqsədi daşıyır.
"Global Gateway" strategiyasının gələcəyi ilə bağlı hesabatın müəllifi Ceykob Mardell deyib ki, Aİ-nin bu infrastruktur proqramı Brüsselə Mərkəzi Asiyada özü haqda daha çox müsbət fikir formalaşdırmağa və regionda daha fəal bir oyunçuya çevrilmək imkanı verir.
""Global Gateway" "Bir kəmər, bir yol" təşəbbüsünə birbaşa cavab olmaya bilər, lakin bu, "Bir kəmər, bir yol"un yaratdığı dəyişən mühitə cavabdır", - Mardell AzadlıqRadiosuna bildirib.