Avropanın bir neçə ölkəsində polis “cihadçı şəbəkəyə” aidlikdə şübhəli bilinən 17 fərdin təqibinə başlayıb.
İtaliyada 6, Britaniyada 4, Noprveçdə 3 şübhəli saxlanıb. Polis bəzi başqa şübhəlilərin İraqa və ya Suriyaya getmiş ola bildiyini güman edir.
İtaliyanın Ansa xəbər agentliyinin məlumatlına görə, şübhəlilər beynəlxalq terrorçu təşkilat yaratmaqda ittiham olunurlar.
Mollanın azad edilməsi əməliyyatı
Bəzi məlumatlara görə, sözü gedən şəbəkə Norveçdə həbsdə olan Molla Krekarın azad edilməsi əməliyyatını planlaşdırırmış. Bu əməliyyat zamanı intiharçı bomba partlayışı törədilməliymiş. Terrorçu əməliyyatın təfərrüatları az istifadə olunduğu üçün “qaranlıq internet” adlanan platformalarda müzakirə olunurmuş. Belə görünür ki, İtaliya polisi plan quranların izinə elə internetdə düşüb.
Əsl adı Najmaddin Faraj Ahmad olan Krekar İraq kürdüdür.
Norveçdə daha bir neçə şübhəli şəxs həbs olunub. Onlardan üçü Norveçdə və Avropanın başqa ölkələrində terrorçu basqınlar hazırlamaqda şübhəli bilinirlər.
Sözü gedən şübhəlilərin İtaliyaya ekstradisiya ediləcəkləri gözlənilir.
17 şübhəlidən 13-ü saxlanıb
Ənsar əl-İslam islamçı qruplaşmasının iraqlı kürd təsisçisi Krekar son illərdə bir neçə dəfə həbsxana cəzası çəkib.
O son dəfə ötən yanvar ayında Fransanın satuirik “Charlie Hebdo” jurnalı redaksiyasındakı qətliamı alqışladığı üçün məhkum edilmişdi.
Avropada keçirilmiş antiterror əməliyyatına – Birləşmiş Krallıqda, Norveçdə, Finlandiyada, Almaniya və İsveçrədə keçirilən əməliyyatlar daxil idi.
Barələrində həbs sanksiyası verilmiş 17 nəfərdən 13-ü saxlanıb.
Onların hamısı “sünni-kürd mənşəli terrorçu təşkilat” hesab olunan “Rawti Shax” qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər.
Bəzi şübhəlilərin yerlərini müəyyənləşdirmək mümkün olmayıb və onların İraq və Suriyada cihadçılara qoşulduqları güman edilir.
Qaçqın kimi gəlib, təhlükəyə çevrilib
Krekar Norveçə 1991-ci ildə qaçqın kimi pənah gətirib.
O 2012-ci ildə rəsmiləri və başqa şəxsləri təhdid etdiyinə görə məhkum edilib.
2015-ci ildə isə bir televiziya müsahibəbəsində “Charlie Hebdo” jurnalındakı qətliamı təriflədiyinə görə təkrar məhkum olunub.
Norveç hökuməti 2003-cü ildən bəri Krekarı “ölkəyə milli təhlükə” təşkil etdiyinə görə deportasiya etməyə çalışır.
Lakin insan haqları zəminində onun öz vətəni İraqa göndərilməsi mümkün olmayıb. Vəkilləri deyirlər ki, onu vətənində ölüm cəzası gözləyə bilər.