Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 15:21

Yerli və Regional Hakimiyyətlər Konqresi Qarabağdakı əməliyyatı pisləyir


Avropa Şurası
Avropa Şurası

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Qarabağ məsələsini təcili müzakirə edərək qətnamə qəbul edib. Qurum Azərbaycanın 19-20 sentyabr tarixlərində Qarabağda apardığı hərbi əməliyyatı və ona qədərki 10 aylıq blokadanı qətiyyətlə pisləyir.

Rəsmi Bakı Qarabağın blokadaya salınması ittihamlarını rədd edir, sentyabrda Qarabağda "antiterror tədbirləri" keçirdiyini bildirir. Bundan sonra regiondakı erməni dəstələrin tərksilah olunması üzrə razılıq əldə olunub. Qarabağdan Ermənistana insan axını başlayıb. Ermənistan rəsmiləri bunu "etnik təmizləmə", "deportasiya" adlandırsa da, Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onları evlərini tərk etməməyə çağırıb.

Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma yaranmış humanitar vəziyyətdən dərin narahatlıq bildirir. Qurum Azərbaycanı durumun daha da pisləşməsinə gətirə biləcək istənilən hərəkətlərdən çəkinməyə çağırır.

Konqres, eyni zamanda, Qarabağdan məcburi köçkünlərin ehtiyaclarına Ermənistan hakimiyyətinin reaksiyasını alqışlayır, Avropa ölkələrinin milli, regional və yerli hakimiyyətlərini bu məsələdə Ermənistanı dəstəkləməyə çağırır.

Qurum Azərbaycan hakimiyyətini regionda qalanlara maneəsiz humanitar yardımın çatdırılmasını təmin etməyə, həmçinin bunu Laçın dəhlizini tam açmaqla gerçəkləşdirməyə çağırır.

Qarabağ təmsilçilərini azad etmək çağırışı

Konqresin rəsmi saytında yerləşdirilmiş qətnamə layihəsində qurum Azərbaycanı Qarabağın bütün təmsilçilərini, o cümlədən yerli "rəsmiləri" azad etməyə çağırır.

Sentyabr əməliyyatından sonra Qarabağdakı separatçı rejim özünü buraxdığını elan edib. Separatçıların liderləri saxlanaraq Bakıya gətirilib. Onlara terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələr yaratma və digər ittihamlar irəli sürülüb və bəzilərində hətta ömürlük həbs nəzərdə tutulub.

Bundan öncə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağda apardığı hərbi əməliyyatı pisləyib, Azərbaycanın Dağlıq Qarabağda münaqişənin dinc yolla həlli öhdəliyi olduğunu vurğulayıb. Hesabat Azərbaycanı erməni əhalinin Qarabağa qayıdışını təmin etməyə və onların hüquqlarını qorumaq istəyini göstərməyə çağırıb. Azərbaycan XİN isə AŞPA-nın bu qətnaməsini və tövsiyəsini qətiyyətlə rədd edib, şiddətlə qınayıb.

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq Ermənistan və Azərbaycan sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG