Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:55

Vətəndaşın nəqliyyatdan şikayəti: 'Yayda istidən bişirik, qışda donuruq'


Avtobuslarda basabas nə vaxt bitəcək?
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Avtobuslarda basabas nə vaxt bitəcək? (Arxiv. 2021)

İyulun 1-dən avtobuslarda və metroda gediş haqqı 10 qəpik bahalaşaraq 50 qəpik olub. Bakı-Sumqayıt istiqamətində avtobusda gediş haqqı isə 60 qəpikdən 70 qəpiyə yüksəlib. Amma qiymət artımından sonra keyfiyyətdə heç bir dəyişikliyin olmadığı bildirilir. Şikayətlərə görə, periferiyada fəaliyyət göstərən avtobuslarda kondisionerlər işləmir, sıxlıq davam edir.

"Nə kondisioneri var, nə də isitmə sistemi"

Bakıda yaşayan Bahar Əliyeva deyir ki, "Əhmədli qəsəbəsi - Sabunçu vağzalı" marşrutu üzrə işləyən 62 nömrəli avtobusların vəziyyəti heç də ürəkaçan deyil: "İllərdir köhnə avtobuslarla gedib-gəlirik. Nə kondisioneri var, nə də isitmə sistemi. Yayda istidən bişirik, qışda donuruq. Yol gedəndə də elə bilirsən, bu dəqiqə avtobus dağılacaq. Qiymət 10 qəpik qalxıb, amma nəyə görə qalxdığını bilmirik. Elə eyni vəziyyət qalıb".

Sosial şəbəkələrdə metro stansiyalarında da bəzi qatarlarda kondisionerin işləmədiyi, sıxlığın olması ilə bağlı şikayətlər eşidilir.

"Kondisioner üçün qatar tamamilə sökülməlidir"

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Turan"a bildirib ki, yayda sərnişinlərin sayı azalıb: "İş günlərində 760 min sərnişin daşıyan metropoliten, dünənki (16 iyul) statistikaya görə, 530 min sərnişin daşıyıb".

Metroya girmək bir dərddir, qatara minmək də bir ayrı dərd: Günahkar kimdir?
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

B.Məmmədov qeyd edib ki, buna uyğun olaraq Bakı Metropoliteni yay hərəkət qrafikinə keçir: "Səhər saat 7-dən 10-a qədər və axşam - saat 17:30-dan 21:30-a qədər "28 May" – "Həzi Aslanov" istiqamətində 2 dəqiqə 30 saniyəlik interval tətbiq olunur. Həmin intervalda sıxlığı tənzimləmək üçün metropoliten ehtiyat qatarlardan rahat istifadə edə bilir. Qışda bu interval 2 dəqiqədir. Günün qalan saatlarında heç nə dəyişmir".

Onun sözlərinə görə, köhnə nəsil qatarlarda kondisioner sistemini tətbiq etmək texniki cəhətdən mümkün deyil: "Bakı Metropoliteni bununla bağlı araşdırmalar aparıb, istehsal müəssisəsinin müvafiq rəyini də almışıq. Bu, faktiki olaraq yeni vaqonun istehsal prosesinə bərabər olur. Bir vaqona soyutma sisteminin quraşdırılması üçün o, tamamilə sökülməli, havalandırma, elektrik xətləri dəyişməlidir. Bu da o deməkdir ki, vaqonun konstruksiyası dəyişir, bu isə qəti qadağandır".

B.Məmmədov vurğulayıb ki, Bakı Metropoliteninin 61 qatarı var, onlardan 23-ü yeni nəsil qatarlarıdır: "Yaxın üç il ərzində 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i məhz yaxın bir ildə xəttə buraxılacaq. Bu da o deməkdir ki, köhnə vaqonlarda kondisionerin olmaması problemi mərhələ ilə öz həllini tapacaq".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) vurğulanıb ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır: "Son bir ildə yalnız Bakıda 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusun alınaraq Bakıya gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır".

Ərşad Hüseynov
Ərşad Hüseynov

"10 qəpik keyfiyyəti qaldıracaq gücündə deyil"

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun AzadlıqRadiosuna deməsinə görə, ölkədə qiymət artımı olsa da, keyfiyyətdə dəyişiklik yoxdur: "Hazırda Bakıda 2 minə yaxın avtobusun olduğunu deyirlər. Bu, azdır. Həm də bunların 1 mini 15-20 ilin avtobuslarıdır. Normal ictimai nəqliyyatdan danışırıqsa, yeni avtobusların sayı 3 min olmalıdır. Sürücülər də dəqiq qrafiklə işləməlidir".

Metroya gəlincə, Ə.Hüseynov hesab edir ki, Bakı Metropoliteni mümkün olan bütün potensialı ilə işləyir: "Amma yenə də məlumatlar var ki, bəzi vaqonlarda kondisioner yoxdur, sadəcə havalandırma sistemi var, o da qızmar yayda dolu vaqonda sərinliyi təmin etmir. Vaqon parkının xeyli hissəsi köhnəlib və yenilənməyə ehtiyac var. Eyni zamanda, sıxlığın aradan qaldırılması üçün xətlər bir-birindən ayrılmalıdır".

Onun fikrincə, bütün bunlar böyük investisiya tələb edir: "Qiymətin 10 qəpik qaldırılması keyfiyyəti qaldıracaq gücündə deyil. Ona görə də bu sahənin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir".

XS
SM
MD
LG