Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:39

Bir AXCP fəalının 30 sutka aldığı, ikisinin isə cərimələndiyi deyilir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzovun 50 manat cərimələndiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Nicat Abdullazadə məlumat verib. Abdullazadənin sözlərinə görə, o və Ceyhun Novruzov barələrində Səbail Rayon 8-ci Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ( xırda xuliqanlıq) ilə protokol tərtib olunub:

"Biz, yəni mən, Ceyhun Novruzov və Əlizamin Salayev Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişidik, yemək sifariş vermişdik. Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı. Ceyhun və Əlizamin bəyin alkoqol qəbul etdiyi bildirildi. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Ceyhun Novruzovu 50 manat məbləğində cərimələdilər, Əlizamin Salayevi isə məhkəməyə apardılar".

AXCP-dən verilən məlumata görə, Əlizəmin Salayev isə Səbail rayon Məhkəməsində İXM-nin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirli sayılaraq 30 sutka həbs edilib.

Bu açıqlamalara da, hələlik, Daxili İşlər Nazirliyindən və Səbail rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvünün yoxa çıxdığı bildirilirdi.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

Onun sözlərinə görə, Nicat Abdullazadə və Ceyhun Novruzovdan 4 saatdan çoxdur heç bir xəbər tuta bilmirlər:

"Mobil nömrələrə zəng çatsa da və sosial şəbəkələrdə status" aktiv" kimi görünsə də cavab vermirlər. Çox güman ki, saxlanıblar".

Partiyadan həmçinin bildirilib ki, AXCP-nın digər üzvü Elzamin Salayev məhkəməyə aparılıb:

"O, yaxınlarına zəng vuraraq saxlandığını və məhkəməyə aparıldığını bildirib. Deyib ki, çox güman ki, inzibati qaydada həbs olunacaq. Lakin hansı məhkəməyə aparıldığını və nədə ittiham olunduğunu çatdırıb deməyə imkan tapmadı".

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

AXCP-nin onlarla fəalı ötən il polisin qanuni əmrinə tabe olmamaq və başqa ittihamlarla inzibati qaydada həbs edilib.

Bundan başqa, bu partiyanın daha bir neçə üzvü son illər müxtəlif ittihamlarla uzunmüddətli həbs edilib.

Partiya həbsləri onların dinc siyasi fəaliyyətləri ilə izah edir.

Amma rəsmilərin fikricə, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə, həbs edilmirlər.

XS
SM
MD
LG