Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:36

Məhkəmə Məmməd İbrahimə "yox" dedi


Məmməd İbrahim
Məmməd İbrahim

►"Həbs müddətinin uzadılması üçün maddi və prosessual əsaslar yoxdur"

Noyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin şikayətinə baxılıb.

Apellyasiya şikayəti Məmməd İbrahimin barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına dair Nərimanov Rayon Məhkəməsinin noyabrın 13-də çıxardığı qərardan verilmişdi.

ŞİKAYƏT TƏMİN EDİLMƏYİB

AXCP sədrinin müşaviri sentyabrın 30-da saxlanılıb və oktyabrın 3-də onun barəsində ilkin istintaq dövrü üçün iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həbs qərarı sentyabrın 30-dan hesablandığına görə müddət noyabrın 30-da başa çatırdı. Lakin noyabrın 13-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında həbs müddətinin daha bir ay - dekabrın 30-na qədər artırılmasına qərar verib.

Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılarkən Məmməd İbrahim özü də iştirak edib. Həm o, həm də vəkili Yalçın İmanov çıxış edərək, Nərimanov Rayon

Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu deyiblər.

"Həbs müddətinin uzadılması üçün maddi və prosessual əsaslar yoxdur", - deyə Yalçın İmanov bildirib.

Lakin Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNACAQ

Yalçın İmanov AzadlıqRadiosuna deyib ki, prosedura görə, qətimkan tədbiri ilə bağlı şikayət vermək üçün ölkədaxili son instansiya apellyasiya məhkəməsidir. Ona görə də yaxın vaxtlarda Məmməd İbrahimin həbsilə bağlı Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub.

Buna da bax: “Bir gün bu bina uçacaq, altında qalacağıq”

Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Təxminən bir ay sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılıb. Ona CM-nin 221.2.2-ci maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məmməd İbrahim isə ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG