Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

Seçkidə namizədlər və boykot qərarı


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

AXCP seçkini yenə boykot edir

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar prezident seçkisini boykot etmək qərarını verib.

Bu barədə dekabrın 16-da onun VII (X) qurultayında qərar qəbul edilib.

"Partiyadaxili müzakirələrdən sonra seçkiləri boykot etmək qərarı verildi. Qərarı qurultay nümayəndələrinin mütləq əksəriyyəti dəstəkləyib, yalnız iki iştirakçı əleyhinə səs verib", - AXCP-dən bildiriblər.

Partiya bu qərarını ölkədə azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə izah edib.

"Biz azad, ədalətli, demokratik seçkilərin tərəfdarıyıq və həmişə belə ədalətli yarış tələb edəcəyik. Lakin biz "seçkilər" adlı saxtalaşdırılmış məzhəkədə, bu "demokratiya" imitasiyasında iştirak etməyəcəyik", - partiyanın sədri Əli Kərimli qurultayda deyib.

AXCP bundan əvvəlki növbədənkənar prezident seçkisini də eyni arqumentlər ilə boykot etmişdi.

AXCP qurultayı
AXCP qurultayı

Dekabrın 15-də başqa bir müxalif qüvvə- Müsavat Partiyası da seçkilərdə iştirak etməyəcəyini açıqlamışdı. Onlar isə vurğulayıb ki, hakimiyyət yumşalmaya gedərsə, seçkilərə qatıla bilərlər.

Azərbaycan rəsmiləri isə deyirlər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımi şərait yaradılıb.

Namizədlər...

Öz növbəsində, hakim Yeni Azərbaycan Partiyası (YAP) hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürüb.

O cümlədən, son günlər Böyük Quruluş Partiyasının sədri deputat Fazil Mustafa, Sosial Araşdırmalar Mərkəzinin sədri deputat Zahid Oruc və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də prezidentliyə namizədliklərini irəli sürdüklərini açıqlayıblar.

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi.

Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

AXCP, Müsavat kimi müxalifət partiyaları isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər.

Azərbaycanda son prezident (2018) və parlament (2020) seçkiləri də vaxtından əvvəl - növbədənkənar keçirilib. Hakimiyyət bunu islahatların sürətləndirilməsi məqsədilə izah edib. Müxalifət isə iddia edir ki, Azərbaycanda, hələlik, gerçək islahatlar aparılmayıb.

XS
SM
MD
LG