Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:08

Azərbaycan qazının Avropaya nəqli başlandı


Şahdəniz 2-nin platformaları
Şahdəniz 2-nin platformaları

Azərbaycan Transadriatik qaz kəməri (TAP) ilə qazın Avropa İttifaqına nəqlinə başlayıb.

Bu kəmər Avropa İttifaqının Rusiya qazından asılılığının azaldılmasına xidmət edən layihələrdən biridir.

Dekabrın 31-də Xəzərdəki nəhəng Şahdəniz 2 yatağından çıxarılan qazın İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə başlanıb.

Bu barədə məlumatı Azərbaycanın dövlət neft şirkəti SOCAR verib.

Şirkətin başçısı Rövnəq Abdullayev bu hadisəni “tarixi gün” adlandırıb:

“Bəziləri bu layihəyə şübhə ilə yanaşırdılar. Amma indi missiya gerçəkləşdi. Avropa qazı Avropaya gəldi”.

878 kilometrlik TAP kəməri Cənub Qaz Dəhlizinin bir hissəsidir. Onun 7 il davam edən tikintisi 30 milyard dollara başa gəlib.

Bu dəhlizə Azərbaycanın ən böyük qaz yatağı Şahdəniz 2 ilə birlikdə Xəzər dənizi ilə Qərbi Avropanı birləşdirən 3500 kilometrlik kəmərlər daxildir.

Azərbaycan qazı Avropaya Gürcüstan və Türkiyədən keçən kəmərlərlə çatdırılır.

Azərbaycan Avropanın qaz bazarına ildə 10 milyard kubmetr təbii qaz nəql etməyi planlaşdırır.

Və Belarusun neft təchizatı

Təhlilçilər bildirirlər ki, Azərbaycan qazı Rusiya qazı ilə rəqib sayılır, amma Avropa bazarında Moskvanın dominant mövqeyinə o qədər də təsir göstərməyəcək.

Rusiya Avropanın qaza olan ehtiyacının üçdə birini təchiz edir. Moskva bu il Türkiyə də daxil Avropaya 170 milyard kubmetr qaz ixrac edib.

Rusiya 2021-ci ildə bu rəqəmi 183 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Rusiya hazırda Baltik dənizinin dibi ilə Almaniyaya qaz nəql etməli olan ŞimalAxını 2 kəmərinin tikintisini başa çatdırmağa çalışır.

ABŞ sanksiyaları tikintinin başa çatdırılmasını ən son mərhələdə əngəlləyib.

Bu kəmər tikintisinin əleyhinə olan Vaşinqton bildirir ki, kəmər ABŞ-ın Avropadakı NATO müttəfiqlərini Rusiyadan asılı vəziyyətə salacaq.

SOCAR dekabrın 31-də bunu da bildirib ki, Belarusa neftin nəqli üçün bu ölkənin dövlət neft şirkəti ilə uzunmüddətli saziş imzalayıb.

Belarus illərdir ki, neft və qazın qiymətinə görə onun əsas təchizatçısı olan Rusiya ilə mübahisədədir.

XS
SM
MD
LG