Bu il sentyabrın 1-dən Azərbaycanın Türkiyə vətəndaşlarına vizanı aradan qaldıracağı gözlənir. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün Twitter səhifəsində məlumat bölüşüb.
M.Çavuşoğlunun bildirməsinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində deyib.
XİN də təsdiq edir
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) də təsdiq ediblər.
«Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir. Bu baxımdan, Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir», - Azərbaycan XİN mətbuat xidmətinin açıqlamasında bildirilir.
Türkiyə hökuməti hələ 2007-ci ildən bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşlarını viza tələbindən azad edib.