Avropa Şurasının antikorrupsiya monitorinq qurumu - GRECO 2019-cu il üçün hesabatında hökumətləri şəffaflıq sahəsində nümunə olmağa çağırıb.
İyunun 3-də açıqlanmış hesabatda bu qrupa üzv ölkələrin hökumət və dövlət başçılarının - millət vəkilləri, hakim və prokurorlar arasında korrupsiyasının qarşısının alınması üçün gördüyü tədbirlər təhlil edilir.
Təşkilatın baş katibi Marija Pejčinović Burić deyib ki, “korrupsiya vətəndaşların demokratiya və demokratik təsisatlara etimadını sarsıdır”.
Onun fikrincə, məhz buna görə də hökumətlər səmərəli antikorrupsiya tədbirlərini daim tətbiq etməli, şəffaflığı öz fəaliyyətlərinin prioritetinə çevirməlidirlər.
Xanım Burićin sözlərinə görə müxtəlif dövlətlər bu sahədə tərəqqiyə nail olublar, lakin onlar GRECO-nun tövsiyələrinin tam icrasına səy göstərməlidirlər.
Siyasətçi xalqın rəhbəri yox, xidmətçisidir
Bununla belə GRECO-nun sədri Marin Mrčela son illərdə bir çox ölkələrdə dövlət təsisatlarına rəhbərlik edən şəxslər arasında korrupsiyanın geniş yayılmasına dair iddialardan narahatlıq bildirib:
“Heç kim, heç bir dövlət və ya təsisat korrupsiyadan sığortalanmayıb. Buna görə də siyasi mənsubiyyətindən asılı olmayaraq bütün siyasətçilər bu sahədə onlardan gözlənilən nümunəviliyi göstərməlidirlər. Siyasətçinin vəzifəsi xalqı idarə etmək yox, ona xidmət etməkdir”.
GRECO-nun 2019-cu il üçün hesabatında ölkələrin dördüncü qiymətləndirmə dövrəsi üzrə fəaliyyəti dəyərlləndirilir.
Hesabatda qeyd olunur ki, 2019-cu ildə ölkələrin tövsiyələri icra etməsinin vəziyyəti azacıq yaxşılaşaraq 35 faiz təşkil edib.
Bu xüsusilə vurğulanır ki, tövsiyələrin icra edilməsi xüsusilə də parlament üzvləri sahəsində zəif olub və cəmi 26 faiz təşkil edib.
Hakimlər sahəsində antikorrupsiya tövsiyələrinin icrası 36, prokurorluq orqanlarında isə 47 faiz həyata keçirilib.
Siyasətçilərə buna görə etibar etmirlər
GRECO rəhbərinin sözlərinə görə ümumilikdə bu aşağı faizlər “adamların siyasətçilərə niyə bu qədər az inandığını və onlar təmizlik standartlarına cavab vermədikcə daha az inanacağını göstərir”.
Hesabatda deyilir ki, 2012-ci ildə 4-cü qiymətləndirmə dövrəsi başlanandan bəri GRECO-ya üzv ölkələrin yarısında tövsiyələrə uyğun olaraq konstitusiya islahatları həyata keçirilib.
Bu da qeyd olunur ki, 2019-cu ilin sonlarınadək 18 ölkə üzrə hökumət və hüquq-mühafizə orqanlarında korrupsiyanın qarşısının alınması tədbirlərinin nəticələri dəyərləndirilib.
Hesabatda bildirilir ki, 2019-cu ilin sonlarında 15 ölkəyə 4-cü dövrənin tövsiyələrinə əməl edilməməsi ilə bağlı prosedur tətbiq edilib.
Bunların arasında Ermənistan və Türkiyə də var. Belarus hər üç dövrə üzrə tövsiyələrə əməl etməyən yeganə ölkə olaraq qalır.
Azərbaycanda ən az tədbir millət vəkilləri ilə bağlı görülüb
Hesabatda Azərbaycana aid məlumatları sənədin diaqramlar verilən hissəsində görmək mümkündür.
Bu məlumata əsasən Azərbaycanda GRECO-nun antikorrupsiya tövsiyələrinin ən zəif tətbiq olunduğu sahə parlament üzvləridir.
Bu sahədə tövsiyələrin 25 faizi yalnız qismən icra olunubsa, 25 faizi ümumiyyətlə həyata keçirilməyib.
Hakimlər arasında korrupsiya hallarınlın önlənməsi üçün verilən tövsiyələrin 57 faizi tam, 28, 6 faizi isə qismən həyata keçirilib. Tövsiyələrin 14 faizi indiyədək icra olunmayıb.
Müqayisədə daha yaxşı vəziyyət prokurorluq sistemindədir. Hesabata görə Azərbaycanda prokurorlarla bağlı tövsiyələrin 70 faizi tam, 20 faizi isə qismən icra edilib.
Ümumilikdə Azərbaycan üzrə tövsiyələrin 61, 9 faizi yerinə yetirilib.
Ermənistanda GRECO-nun icra edilməyən tövsiyəsi yoxdur. Orada bu tövsiyələrin 37 faizi tam, 62, 5 faizi qismən icra olunub.
Gürcüstanda tövsiyələrin 16, 7 faizinə ümumiyyətlə əməl olunmayıb.