Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 08:34

'Azərbaycanda cəzaçəkmə müəssisələrində sıxlıqdır'


Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır" (Arxiv)

Azərbaycanda cəzaçəkmə müəssisəsində 33 məhkumun koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Bu barədə Ədliyyə Nazirliyi rəsmi məlumat yayıb.

Hələ bir müddət öncə, martın əvvəllərində Penitensiar Xidmət koronavirusla bağlı məhbuslarla yaxınlarının görüşünün və onlara sovqat çatdırılmasının dayandırıldığını açıqlamışdı. Üstəlik, cəzaçəkmə müəssisələrində lazımı dezinfeksiya işlərinin aparıldığı bildirilirdi. Bəs onda qapalı müəssisəyə bu infeksiya necə keçib? Rəsmilər, hələlik, bu suala aydınlıq gətirməyiblər.

"Məhbuslar arasında koronavirus infeksiyasına yoluxma gəzinti zamanı, ya da sosial məsafəni gözləmədiklərinə görə baş verə bilər. Daha bir səbəb isə maska taxılmaması və ya dezinfeksiya qaydalarına əməl edilməməsi ola bilər", - tibb sahəsi üzrə professor Adil Qeybulla ehtimal edir.

A.Qeybulla
A.Qeybulla

A.Qeybulla AzadlıqRadiosuna deyib ki, həbsxana təkcə cəza tədbiri yeri deyil, məhbuslar onsuz da azadlıqdan məhrum edilməklə cəzalandırılıblar. O vurğulayıb ki, məhbusların hüquqları da var, həmin hüquqlar təmin olunmalıdır:

"Onlara da şərait yaradılmalıdır"

"Azadlıqda insanlardan tələb edilir ki, sanitar-epidemioloji, sosial izolyasiya tədbirlərinə əməl etsinlər, bu, elə məhbuslara da aid olmalıdır. Təəssüflər olsun ki, yoluxmanın əsasında bu amillər dayanır. Biz Avropa Şurasına üzv dövlətiksə, konvensiyalara imza qoyaraq öhdəlik götürmüşüksə, həbsxanalarda davranış dəyişməli, onların bütün hüquqları tanınmalı, onlara da təhlükəsizlik baxımından azadlıqda olduğu kimi şərait yaradılmalıdır".

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə hesab edir ki, rəsmi olaraq 33 məhbusun koronavirus infeksiyasına yoluxması faktı problemin mövcudluğunu göstərir. O əlavə edib ki, Penitensiar Xidmət (PX) məsuliyyət daşıdığını başa düşür.

"Ya preventiv tədbirlər görülməyib, ya da..."

Onun xatırlatmasına görə, qurumdan bundan əvvəl bəyan edilmişdi ki, lazımı qabaqlayıcı tədbirlər görülür: "Amma yoluxma faktı onu göstərir ki, ya preventiv tədbirlər, ümumiyyətlə, görülməyib, ya da çox məhdud və zəif formada görülüb".

R.Cəfərov
R.Cəfərov

Hüquq müdafiəçisinə görə, daha bir problem cəzaçəkmə müəssisələrindəki sıxlığın aradan qaldırılmamasıdır:​ ​"Avropa Şurasının (AŞ) mötəbər dövlətlərarası təşkilatının 2019-cu il hesabatına görə, Azərbaycan bu quruma üzv dövlətlər arasında məhbus sıxlığına görə Rusiyadan sonra ikinci yeri tutur. Bu onu deməyə əsas verir ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində sıxlıqdır. İndiki koronavirus infeksiyası şəraitində bu sıxlıq ən böyük təhlükələrdən biridir".

O deyib ki, bu ilin aprelində, əsasən, cəzalarının qurtarmasına az qalmış 400-ə qədər məhbus həbsdən azad olunub, amma bu sıxlığın aradan qaldırılması üçün kifayət etmir.


(Prezidentin əfv sərəncamı daxil. Aprelin 6-da verilən sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhbus əfv edilib. Bir çox məhbusların da məhkəmə qərarı ilə vaxtından əvvəl azad olunduğu bildirilir-red.)

"Müstəqil komissiya yaradılmalı"

Hüquq müdafiəçisinin vurğulamasına görə, yeni həbs olunanlar, cəzaçəkmə müəssisələrinə göndərilənlər var, həmin 400 yer çox asanlıqla yenidən dolub. Onun fikrincə, müstəqil komissiya yaradılmalı, PX-nın müəssisələrində yoxlamalar həyata keçirməli, vəziyyət barədə cəmiyyətə obyektiv məlumat verməli və elə vəziyyətə uyğun da peşəkar müdaxilə həyata keçirilməlidir: "İkinci isə, yüngül cinayət törətmiş və həbs müddətinin qurtarmasına az qalmış məhbuslar azad olunmalıdırlar, bunu uzatmaq olmaz".

Bu fikirlərə, hələlik, Ədliyyə Nazirliyi və onun Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

Ə.Nuriyev
Ə.Nuriyev

Amma Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinin monitorinqi üzrə İctimai Komissiyanın üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində koronavirus infeksiyasına yoluxma bir məhbusun yoxlanılması ilə aşkar edilib. Onun sözlərinə görə, həmin məhbus səhhəti ilə bağlı müəssisədən kənara çıxarılıb, qayıdarkən isə yoxlanılıb, hərarət müəyyən edilib, analizlər götürülüb və cavab müsbət çıxıb:

"Qalan məhbuslarda isə belə hal aşkar edilməyib"

"Həmin şəxsin təmasda olduğu şəxslər müəyyən edilib. Beləliklə 13 saylı Cəzaçəkmə Müəssisəsində 33 nəfərdə koronavirus infeksiyasına yoluxma aşkar edilib. Onlar karantinə alınıb. Qalan məhbuslarda isə belə hal aşkar edilməyib".

Onun sözlərinə görə, bu il martın 11-dən cəzaçəkmə müəssisələrində izolyasiya tədbirlərinə başlanıb, bir çox cəzaçəkmə müəssisələrində aparılan monitorinqlər zamanı infeksiyaya yoluxma aşkar edilməyib.

Komissiya üzvünə görə, həm 13 saylı Cəzaçəkmə Müəssisəsində, həm də bütün digər həbsxanalarda test aparılmasını genişləndirmək lazımdır. Onun fikrincə, eyni zamanda, profilaktik tədbir olaraq bu müəssisələrə giriş-çıxışı olan şəxslər hamısı kütləvi testdən keçirilməlidir, izolyasiya tədbirləri sərtləşdirilməlidir.

Ə.Nuriyevə görə də, yüngül cinayətə yol verən və cəza müddətinin bitməsinə az qalmış, xroniki xəstəliyi, koronavirusa yoluxma ehtimalı çox olan məhbusların da vaxtından əvvəl həbsdən azad edilməsi prosesini sürətləndirmək lazımdır. Onun fikrincə, amnistiya və ya yenidən əfv barəsində də düşünmək olar.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 293 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb. Hazırkı dövrədək Azərbaycanda 2 min 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir).

Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.

Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG