Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:34

azadliq.org-un bloklanmasından şikayət üzrə kommunikasiya başlayıb


AzadlıqRadiosu
AzadlıqRadiosu

Azərbaycanda girişi məhdudlaşdırılmış bir sıra internet resurslarının, o cümlədən AzadlıqRadiosunun Avropa Məhkəməsinə şikayəti üzrə kommunikasiya başlayıb. Bu şikayətlə əlaqədar Strasburqdan Azərbaycan hökumətinə sorğu göndərilib.

Avropa Məhkəməsi bu işdə İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsi ilə yanaşı, 18-ci maddəsinin də pozuntusunu araşdırır. Azərbaycan hökumətinə ünvanlanmış sorğuda buna da cavab istənilir: "Bu işdə dövlət tərəfindən tətbiq edilmiş məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd, yəni həmin maddə ilə nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsəd üçün tətbiq edilibmi?".

18-ci maddə

Konvensiyanın 18-ci maddəsində "Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri"ndən bəhs olunur. Bu maddənin izahı belədir: "Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər nəzərdə tutulduğundan başqa hər hansı məqsəd üçün tətbiq olunmamalıdır". Başqa sözlə, bu maddə dövlətin öz vətəndaşlarının hüquqlarını siyasi məqsədlə məhdudlaşdırmasını qadağan edir.

Azərbaycan Avropa Şurasına ən son daxil olan beş ölkədən biri olsa da, Avropa Məhkəməsi qısa müddətdə üzv ölkələrdən ən çox Azərbaycana qarşı qərarlarda Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıyıb. Azərbaycana qarşı təxminən 15 işdə bu pozuntu tanınıb. Bunların arasında ReAl Partiyasının sədri İlqar Məmmədov, araşdırmaçı-jurnalist Xədicə İsmayılova, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri, hüquq müdafiəçiləri İntiqam Əliyev, Leyla Yunus, Anar Məmmədli, mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmış Bayram Məmmədov və Qiyas İbrahimin işi də var.

"Liderlik davam edəcək"

"Saytların bloklanmasıyla bağlı işlər də qərarların çıxarılmasıyla yekunlaşsa, Azərbaycan Avropa Şurası məkanında Konvensiyanın 18-ci maddəsinin pozuntusu üzrə liderliyini davam etdirəcək", – vəkil Cavad Cavadov belə deyir.

AzadlıqRadiosu ilə yanaşı, bloklanmış bir neçə başqa saytlarla bağlı da Strasburqdan hökumətə analoji sorğular göndərilib.

Xatırlatma

azadliq.org saytı Azərbaycanda 2017-ci ilin martından Baş Prokurorluğun müraciəti ilə bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə hədə yaratdığını bildirib. Amma məhkəmədə bu iddianı müdafiə tərəfi təkzib edib.

Azərbaycan Baş Prokurorluğunun sözügedən müraciətindən əvvəl AzadlıqRadiosu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi ilə birlikdə prezident ailəsinin və onun yaxın çevrəsinin maliyyə fəaliyyətinə dair materiallar dərc etmişdi.

Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə isə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi. AzadlıqRadiosu bu iddiaları qəbul etməyərək bununla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub.

Azərbaycan Prezidenti İlham Əliyev isə insan haqları qrupları və Qərb hökumətlərinin tənqidlərini qəbul etmir. O, belə tənqidləri ölkəyə qarşı "müəyyən dairələr tərəfindən aparılan məqsədli qarayaxma kampaniyası" adlandırır.

XS
SM
MD
LG