Erməni tərəfi itkilər haqda yeni məlumat verib
Dağlıq Qarabağın erməni ordusu itkilər haqda yeni məlumatını açıqlayıb: aprelin 1-dən 20 hərbçi ölüb, 72-sı yaralanıb, 26 nəfər itkin düşüb.
Erməni tərəfi 7 tank itirib. Erməni ordusu Dağlıq Qarabağın cənubunda 5, şimalında 3 mövqe itirib. (AzadlıqRadiosunun erməni xidməti)
Minsk qrupu nə deyəcək?
Aprelin 5-də ATƏT-in Minsk qrupu həmsədrləri Vyanada toplaşır. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
Aprelin 4-də ABŞ-ın Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov telefonla danışıblar. Tərəflər regionda toqquşmaların bərpasından narahatlıq bildiriblər.
Aprelin 2-dən cəbhə xəttində toqquşmalar başlanıb. Rəsmən Ermənistan 20, Azərbaycan 15 hərbçisini itirib, yaralılar var.
Ağdamda məktəb Qrad atəşinə tutulub
Ağdamın bəzi kəndlərində indi atışma yoxdur, sakitçilikdir, bir avtomat səsi də eşidilmir. Bunu Çəmənli kəndinin sakinləri AzadlıqRadiosuna deyirlər.
Onların sözlərinə görə, dünən (aprelin 4-də) axşam saatlarında güclü atışma başlayıb, camaat kənddən çıxıb.
Qarşı tərəfdən atılan mərmilər Xındırıstan, Çəmənli, Üçoğlan və digər kəndlərdə dağıntılar törədib, mülki şəxslər arasında ölən və yaralananlar var, - sakinlər deyirlər.
Müqdafiə nazirliyi Xankəndinə zərbədən danışır
Müdafiə nazirliyinin yaydığı məlumatda deyilir: "qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi."