Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 15:05

Xarici aviaşirkətlər Azərbaycan bazarına niyə gəlmir?


Təyyarə biletlərini ucuzlaşmağa kim qoymur? AZAL-ın bitməyən monopoliyası
Gözlə

No media source currently available

0:00 0:09:52 0:00

Təyyarə biletlərini ucuzlaşmağa kim qoymur? AZAL-ın bitməyən monopoliyası

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi keçirilib. İclasa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov da qatılıb. O öz çıxışında xarici aviaşirkətlərin Azərbaycan bazarına niyə daxil olmamasına da toxunub. Nazir müavini bildirib ki, xarici aviaşirkətlərdə Azərbaycan bazarına maraqsızlığın başlıca səbəbi sərnişin axınının yetərsizliyindən və viza rejimindən qaynaqlanır: "Dünyada bütün hava yolları, eyni zamanda, AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki məntəqə arasında sərnişin axınına baxır. Əgər bu yoxdursa, heç bir halda ora təyyarə uçuşlarının olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır. Vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir".

R.Hümbətov çıxışında AZAL-ın təklif etdiyi xidmətlərin dəyəri tez-tez narazılıq və mübahisə doğurduğundan qiymət siyasətinə də toxunub. Nazir müavini bilet qiymətləri məsələsində günahı hökumətdə görür: "Qiymətlərə təsir edən birinci amil yanacaq məsələsidir. Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə, indi yanacaq dünya qiyməti ilə alınır, AZAL-a heç bir güzəşt yoxdur".

Nazirlik rəsmisinin fikrincə, qiymətlərə təsir göstərən digər amil təyyarənin alınma və saxlanma xərcləridir. Təbii ki, yardımçı işçilər, pilot, xidmət də qiymətlərə təsir edir.

Azbüdcəli hava yolu şirkətləri niyə Azərbaycanda qiymətləri yüksəldir?

Azərbaycanda uçuş biletlərinin bahalığı hansı sosial kəsimdən olsa da, toplumda hər kəsi narahat edir. Bu məsələ ilə bağlı şikayətlər tez-tez gözə çarpır. Özəlliklə dövlətə məxsus hava yolu şirkəti – AZAL-ın bazarda hegemon mövqeyə sahib olması qiymət bahalığının əsas səbəbi kimi göstərilir. Açıqlanan rəsmi göstəricilər də AZAL-ın bazarda hegemon mövqeyə sahib olduğunu təsdiqləyir. Ötən il qeydə alınan göstəricilərə görə, Azərbaycanın hava limanlarında 36 min reys gerçəkləşib. Onun 18 mini AZAL-ın uçuşlarıdır. Bu o deməkdir ki, ölkədə gerçəkləşən reyslərin yarısı AZAL-ın, yarısı da 36 fərqli şirkətin payına düşüb. Sırf beynəlxalq reyslərlə sərnişindaşımada AZAL-ın payı 41 faizdir. Di gəl, bir məqam da ayrıca diqqət çəkir: Baha qiymətlər təkcə AZAL-da deyil, digər hava yolu şirkətlərində də gözə çarpır. Qəribə burasıdır ki, həmin hava yolu şirkətləri digər ölkələrdə biletləri daha ucuz qiymətə satır. O şirkət rəsmilərinin bu məsələyə dair Azərbaycan mediasına açıqlamalarından belə bəlli olur ki, bunun səbəbi elə AZAL ilə bağlıdır.

Bakıdan Avropaya uçan azbüdcəli "Wizzair" şirkəti bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycandan uçuşların baha olması Bakı hava limanından istifadənin baha başa gəlməsindən qaynaqlanır: "Hava limanı xidmətlərinə görə "Azərbaycan Hava Yolları"na ödədiyimiz xidməthaqqı Gürcüstanla müqayisədə altı-səkkiz dəfə bahadır. Ermənistanla müqayisədə isə Azərbaycandan həyata keçirilən uçuşlar 20-40 faiz baha başa gəlir".

Azərbaycana uçuşlar gerçəkləşdirən "Pegasus" şirkətinin nümayəndəsi də öz açıqlamasında qeyd edib ki, "Avropa ölkələri, eləcə də yaxın qonşu ölkələrlə müqayisədə "Azərbaycan Hava Yolları"nın təklif etdiyi qiymətlər daha yüksəkdir. Bu da dolayısı ilə biletlərin satış qiymətinin artmasına gətirib çıxarır". Deməli, hökumət rəsmiləri AZAL-ın qiymətlərinin bahalığını yanacaq qiymətlərinə güzəşt edilməmsinə bağlasa da, ölkədə aviasiya xidmətləri düzgün tənzimlənməyib və əsas səbəb də budur.

Turist axını niyə yetərli deyil?

Azərbaycanda viza siyasətinin turizm xidmətlərinin inkişafını dəstəkləməməsini uzun müddətdir müstəqil ekspertlər də dilə gətirirlər. Azərbaycan hökuməti son illər bəzi ərəb ölkələri ilə viza rejimini ləğv edib və ya sadələşdirib. Ancaq hələ də dünya ölkələrinin ən çox turist gətirmək istədiyi regionlardan biri olan Avropa İttifaqı ölkələrinə viza rejimi tətbiq edilir. Məhz bu üzdən Azərbaycana səfər edən Avropa İttifaqı ölkəsi vətəndaşlarının sayı region ölkələri ilə müqayisədə aşağıdır. Viza rejimi və dolayısıyla birbaşa uçuşların sayca çox olmaması, eləcə də yüksək qiymətlər avropalı turistlərin Azərbaycana marağını azaldır.

Naxçıvana uçuşlar zərərlə gerçəkləşdirilir

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini R.Hümbətov Bakıdan Naxçıvana uçuşlarla bağlı da fikirlər səsləndirib. Nazir müavini bildirib ki, AZAL uçuş apardığı istiqamətlərdən yalnız Naxçıvanda zərərlə fəaliyyət göstərir. Nazirlik rəsmisi vurğulayıb ki, Naxçıvan istiqamətində uçuşlara dövlətdən subsidiya ayrılır, amma bu subsidiya dəyən zərərin altıda biri belə deyil. Bilməyə dəyər ki, bu ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına aviareyslərə tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün AZAL-a 10 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Hazırda Naxçıvana uçuşun (bir istiqamətdə) qiyməti 60 manatdır. Biletin qiyməti ötən ilin iyununda 50 manatdan 60 manata yüksəldilmişdi.

XS
SM
MD
LG