Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:00

Azər Rəşidoğlu: 'Əli İnsanova qarşı bu addım gözlənilən idi'


Əli Insanov
Əli Insanov

►"Güman edirəm, yaxın zamanlarda Azərbaycanda protest elektoratına liderlik edəcək şəxslərin təqibi davam edəcək"

“Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu həbsdəki keçmiş səhiyyə naziri Əli İnsanova qarşı daha üç maddəylə cinayət işi açılması haqda fikirlərini AzadlıqRadiosu ilə bölüşüb:

– Əli İnsanovun həbs müddəti bu ilin oktyabrında başa çatmalı idi. Həbsdə olduğu 11 ildə o, hakimiyyətə əfv edilməsi üçün müraciət etməyib. Bu baxımdan, onun protest elektoratı arasında nüfuzu xeyli dərəcədə artmışdı. Klanlararası savaşın şiddətləndiyi bir vaxtda onun azadlığa çıxması hakimiyyətin maraqlarına uyğun deyildi. Digər tərəfdən, qarşıdan referendum gəlir və Əli İnsanovun həbsinin əlavə maddələrlə uzadılması narazı elektoratın, ictimai fəalların gözünün odunu almaq və hədə-qorxu gəlmək kimi qəbul edilə bilər. Nədənsə, hakimiyyət bu referendumdan xeyli narahatdır. Qərbi Azərbaycan klanının liderinin həbsinin belə alçaldıcı maddələrlə uzadılması həmin o təşvişdən xəbər verir. Güman edirəm, yaxın zamanlarda Azərbaycanda protest elektoratına liderlik edəcək şəxslərin təqibi davam edəcək, hətta onların bir qismi həbs edilə bilər.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

– Azər bəy,Əli İnsanovun nüfuzu, potensialı bəzən çox şişirdilmirmi? O hakimiyyəti də həbsə düşdükdən sonra tənqid etməyə başladı.

– Söhbət kiminsə “müqəddəs ata” statusuna iddiasından getmir. Sadəcə olaraq, cəmiyyətdə narazılıq var. Ənənəvi müxalifət liderlərinin protest elektoratına birləşdirici fiqur kimi rəhbərlik etməsi imkansızdır. Əli İnsanov ətrafında vaxtilə Heydər Əliyevlə birgə işləmiş və bu gün hakimiyyətdən narazı, maraqları zədə almış insanlar birləşə bilər. Bu da böyük bir maliyyənin protest elektoratına axması deməkdir. Maliyyəsiz heç bir qurum, hərəkat uğur qazana bilməz. Bu baxımdan. vaxtilə Heydər Əliyevlə çiyin-çiyinə dayanmış insanların maliyyəsinin protest elektoratına yönəlməsi ciddi amilə çevrilə bilərdi. Əli İnsanov müsbət şəxsiyyətdir, ya deyil? Belə bir dilemma dayanmır. Sadəcə, birləşdirici fiqur kimi irəli çıxa bilərdi. Onun səhiyyə naziri işlədiyi dövrdə nə qədər narazılıq vardısa, 11 ildə sınmaması mübariz insan simvolunu yaradıb. Əli İnsanov prezidentliyə namizədliyi verilib-verilməməsindən asılı olmayaraq, aralıq müddət üçün müxalifəti birləşdirə bilərdi. Eyni zamanda, az əvvəl dediyim kimi, Heydər Əliyevin yaxın ətrafında olan insanları birləşdirəcək insan idi. Buna görə də Əli İnsanova qarşı bu addım gözlənilən idi. Referenduma qədər ciddi proseslər baş verəcək. Bu həm müxalifət və ictimai fəalların həbsi, həm də bəzi məmurların qara siyahıya düşməsi ilə sonuclanacaq. Hakimiyyət narahatdır, odur ki, potensial liderləri indidən sıradan çıxarmaq istəyir.

Buna da bax: Əli İnsanov: “Heç bir təhdid məni çəkindirə bilməz”

– Referendumun keçirilməsində məqsəd nədir?

– Görünən odur ki, İlham Əliyev parlamentə etibar etmir. Parlament də oliqarxlardan ibarətdir, onların maraqlarına xidmət edən orqana çevrilib. Hakimiyyət zəifləyəcəyi anda parlamentin hansı qərar çıxaracağı, kimin tərəfində duracağı bəlli deyil. Güman edirəm, referendumdan sonra prezident parlamenti buraxacaq və yeni parlament seçkiləri keçiriləcək. Digər yandan, baş nazirlik uğrunda mübarizə xeyli ciddiləşmişdi. Prezident bu yolla baş nazirlik postu uğrunda mübarizəni başqa müstəviyə keçirdi. İndi referendumdan sonra təsis olunacaq vitse-prezidentlik postlarına kimlərin təyin ediləcəyi hamının marağındadır. Hansı klanın nümayəndəsi birinci və ya ikinci vitse-prezident olacaq? Yeni bir sistem dəyişikliyi ortaya qoyulur. Və İlham Əliyev bu dəyişikliyə etiraz edəcək hər kəsi sıradan çıxarmağı qarşısına məqsəd qoyub. Hələlik buna da nail ola bilir.

XS
SM
MD
LG