Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:45

Azərbaycan Avropa Şurasından çıxarılır, ya özü çıxır? [Video]


Azərbaycan Avropa Şurasından qovulur ya özü çıxır?
Gözlə

No media source currently available

0:00 0:14:36 0:00

Azərbaycan Avropa Şurasından qovulur ya özü çıxır?

«Biz nəyə görə burdayıq?». Bu sualı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qaldırıb. O, oktyabrın 9-da AŞPA-nın payız sessiyasında çıxış edib. S.Seyidov bildirib ki, müsəlman ölkəsinin təmsilçisi kimi Azərbaycan təzyiq altındadır:

«Burada bəzi parlamentarilərin, eləcə də Avropa Şurasının baş katibinin bir sıra üzv ölkələrə qarşı verdikləri çox aqressiv və dözümsüz bəyanatlar bir sual yaradır: Biz nəyə görə burdayıq? Biz müsəlman ölkəsi olaraq, Avropa dəyərlərinin inkişafına hər zaman töhfə vermişik. Amma nədənsə ən çox təzyiq bizə qarşı olur. Biz özlərini Roma papasından daha çox katolik kimi aparan bəzi Avropa siyasətçilərinin əsassız təzyiqlərini qəbul etmək fikrində deyilik. İstədiyimiz odur ki, təşkilatın bütün üzv ölkələrinə eyni adekvat münasibət sərgilənsin. Amma biz hətta AŞPA daxilində separatizm cərəyanlarını görürük və bu bizi bir sual ətrafında da düşünməyə vadar edir: nədən biz bu təşkilatdayıq? Bu sualın cavabı hələlik açıqdır».

Pedro Agramunt
Pedro Agramunt

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının ilk plenar iclasının əsas müzakirə mövzusu AŞPA-ya yeni prezidentin seçilməsi olub. AŞPA-ya sədrlik etmiş Pedro Agramunt oktyabrın 6-da istefa verib. Bu ilin aprelində AŞPA Bürosu onu iclasa gəlmədiyinə, Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfər etdiyinə və Bashar Assad-la görüşü haqqında açıqlama vermədiyinə görə vəzifəsinin icrasından kənarlaşdırmışdı.

«Azərbaycanın dostu» kimi tanınan Agramunt-un adı həm də keçmiş müavini Luca Volonte ilə birgə korrupsiya qalmaqalında hallandırılır. AŞPA-da korrupsiya iddialarının araşdırılması üzrə müstəqil qrup yaradılıb.

«3 milyard» araşdırması…

Sentyabrın 4-də isə OCCRP - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin yaydığı «Azərbaycanın pulyuyan maşını» adlı silsilə araşdırmalarda iddia olunur ki, Azərbaycan hakimiyyəti bəzi siyasətçiləri pulla ələ alıb. Prezident Administrasiyasının rəsmiləri bu ittihamları rədd edir, bu iddiaları qərəzli, Azərbaycanı sevməyənlərin böhtanı adlandırırlar.

Lakin adı korrupsiya ittihamında hallanan Avropa siyasətçilərindən bəziləri istefa verib, onlara qarşı öz ölkələrində araşdırmalar aparılır.

Bolqarıstan Baş Prokurorluğu isə UNESCO prezidentinin həyat yoldaşı, siyasətçi Kalin Mitrev-lə bağlı araşdırmaya başlayıb. AŞPA-nın bugünkü sessiyasında çıxış edən parlament üzvləri vurğulayıblar ki, korrupsiya, siyasətçilərin pulla ələ alınması kimi hallar bütövlükdə Parlament Assambleyasının nüfuzuna zərbədir.

İlqar Məmmədov
İlqar Məmmədov

Oktyabrın 27-də isə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla bağlı qətnaməni müzakirəyə çıxaracaq. Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsi məsələsini, Avropa Məhkəməsinin hökmünün icra olunmamasını Avropa Məhkəməsi qarısında qaldırmaq niyyətindədir. Söhbət REAL Hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı Avropa Məhkəməsinin hökmündən gedir.

İlqar Məmmədov həbsdən yazır

Elə bir neçə gün öncə İ.Məmmədov da həbsxanadan göndərdiyi mesajında bu məsələlərə toxunub:

«Azərbaycan hakimiyyəti Avropa Şurası ilə münasibətlərinin pisləşməsində AŞ-nın baş katibi cənab Yagland-ı günahlandırır. Hakimiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanın AŞ-dan çıxarılma sanksiyası ilə bağlı qərarı baş katib Yagland deyil, AŞ-nın üzvü olan 46 ölkənin təmsilçiləri verib. Son 16 il ərzində Azərbaycan hakimiyyəti bu ölkələrlə doğru-dürüst münasibət qura bilməyib. Çünki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir».

AŞPA-nın oktyabrın 9-da keçirilən iclasında Azərbaycandan olan başqa nümayəndə Rəfael Hüseynov isə vurğulayıb ki, Azərbaycana qarşı böyük bir tənqid qarşısındadır:

«Özəlliklə, son bir neçə aydır Azərbaycana qarşı ciddi bir hücum var. Biz dərindən baxdığımızda, bu tənqidlərin gerçək olmadığını görürük. Çox təəssüflər olsun ki, Avropa Şurasının da bu hücumlarda iştirakını görürük».

Thorbjørn Jagland
Thorbjørn Jagland

«Laundromat» araşdırmasındakı ittihamlardan sonra Avropa Şurasının baş katibi Thorbjørn Jagland Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycanın bu qurumdan çıxarılması proseduruna başlanmasına çağırmışdı.

Prezident İlham Əliyev isə bu günlərdə bildirib ki, Azərbaycan AŞ-ı tərk etsə belə, bu, faciə olmayacaq.

Azərbaycan Avropa Şurasından çıxsa...

Azərbaycan 16 ildir Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən, üzərinə götürdüyü əsas öhdəliklərdən biri də insan haqları və azadlıqlarının qorunmasıdır. Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq, onlardan soruşmuşuq ki, sizcə, Azərbaycan Avropa Şurasının üzvü olandan bəri insan haqlarının vəziyyətində nə dəyişiklik olub?

Azərbaycan Avropa Şurasının üzvü olandan bəri insan haqlarının vəziyyətində nə dəyişiklik olub?
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Oktyabrın 11-də AŞPA-nın Plenar iclasında Azərbaycanla bağlı iki məruzənin müzakirəsi gözlənir. Bu, «Azərbaycanda demokratik təsisatların fəaliyyəti» və «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı məruzələrdir.

Bakıda bir neçə millət vəkili dalbadal müsahibələr verərək, Azərbaycanın AŞPA-dan çıxması ilə Bakının heç nə itirməyəcəyini əsaslandırırlar. Azərbaycanın AŞPA-nı tərk edəcəyi, yaxud oradan qovulması ilə rəsmi Bakının nələr itirib-itirməyəcəyi müzakirə mövzusu olsa da, bir şey aydındır ki, bu halda Azərbaycan vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququ olmayacaq.

XS
SM
MD
LG