Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:57

Azərbaycan hər min nəfərə düşən avtomobil sayına görə regionda sonuncudur


Maşın bazarı açıldı: 'Mayasından ucuz veririk, satılmır'
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Maşın bazarı açıldı: 'Mayasından ucuz veririk, satılmır'

2000-ci illərin ortalarından Azərbaycan böyük neft gəlirlərinə qucaq açdı. Bu dövrdə, məsələn, 2005-ci ildə ölkədə toplam 612 min avtomobil vardı. Ard-arda iki devalvasiyanın baş verdiyi və sosial-iqtisadi durumun kəskinləşməyə başladığı 2015-ci ildə bu say artıq 1 milyon 323 minə yüksəlmişdi. Bu göstəricilər cəmi 10 il ərzində ölkədəki avtomobillərinin sayının 2.2 dəfə və ya 700 mindən çox artması demək idi.

Di gəl, 2015-ci ildən bəri Azərbaycanda avtomobillərin sayındakı artım sürəti səngiyib. Başlıca səbəb - milli valyutanın xarici valyutalar qarşısında dəyər itirməsinə görə xaricdə istehsal olunan maşınların qiymətlərinin iki dəfəyə yaxın artması və devalvasiyadan sonra insanların gəlir və qənaətlərinin azalması idi. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, son illər Azərbaycanda bir çox vergi dərəcələri və vətəndaşlardan toplanan digər vəsaitlərdə də ciddi artım qeydə alınıb. Bu artımlar avtomobillə bağlı xərclərə də aiddir. Məsələn, 2014-cü ilədək Azərbaycanda mühərrikin həcmi 2 min kubsantimetrədək olan avtomobilin idxalı üçün hər kubsantimetrə görə 15 qəpik aksiz vergisi tələb edilirdi. 2014-cü ildə həmin məbləğ 20 qəpiyə, 2019-cu ildə isə 30 qəpiyə yüksəldildi. Bu, beş il ərzində aksiz vergisinin iki dəfə artırılması deməkdir.

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Eyni artım mühərrikinin həcmi 3 min kubsantimetrədək olan avtomobillər üçün də keçərlidir. Belə ki, 2014-cü ilədək mühərrikin həcmi 3 min kubsantimetrədək olan avtomobilin idxalı üçün 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsinə görə isə hər kubsantimetr üçün 1 manat aksiz vergisi ödənilirdisə, 2019-cu ildə bu göstəricilər artıq müvafiq olaraq 600 və 5 manata yüksəlmişdi. Yəni, 2014-cü ilədək mühərrikinin həcmi 3 min kubsantimetr olan avtomobil üçün 1 min 300 manat aksiz vergisi tələb edilirdisə, artıq bu rəqəm 5 min 600 manata yüksəlib.

Dövlət Statistika Komitəsinin minik avtomobillərinin orta illik qiyməti ilə bağlı statistik məlumatından da qiymət artımını görmək mümkündür. Qurumun məlumatına görə, 2016-cı ildə Azərbaycanda minik avtomobillərinin orta illik qiyməti 24 min 373 manat olub. Ötən il həmin göstərici 34 min 874 manata yüksəlib. Bu dörd il ərzində minik avtomobillərinin orta illik qiymətinin 43 faiz artması deməkdir.

Cədvəl: 2005-2019-cu illərdə Azərbaycanda rəsmi qeydiyyatda olan minik avtomobillərinin sayı

İl

Avtomobil sayı

Əhalinin hər min nəfərinə düşən avtomobil sayı

2020

1 milyon 264 min

125

2019

1 milyon 214 min

123

2018

1 milyon 171 min

119

2017

1 milyon 147 min

118

2016

1 milyon 137 min

11

2015

1 milyon 130 min

119

2014

1 milyon 100 min

117

2013

1 milyon 49 min

113

2012

959 min

104

2011

871 min

96

2010

816 min

91

2009

759 min

86

2008

700 min

79

2007

617 min

71

2006

549 min

64

2005

479 min

56

Cədvəldən görünür ki, 2010-cu ildə Azərbaycanda minik avtomobillərinin sayı 5 il əvvələ görə 70 faiz artıb. 2015-ci ildə isə 2010-cu illə müqayisədə artım göstəricisi 38 faiz olub. Ötən ilə gəlincə, artıq 5 il əvvəllə müqayisədə minik avtomobili sayındakı artım göstəricisi cəmi 12 faiz həddindədir. Sonuncu rəsmi məlumata görə, ölkədəki avtomobillərin 86 faizə yaxını məhz minik avtomobilləridir. Bunların da 95 faizi şəxsi minik avtomobilləridir.

Cədvəl: 2019-cu ilin göstəricilərinə görə, Azərbaycanda avtomobillərin növlər üzrə bölgüsü

Nəqliyyat vasitəsinin növü

Say

Toplam avtomobillər arasında xüsusi çəkisi

Minik avtomobilləri

1 milyon 214 min

85.6%

Yük avtomobilləri

151 min

10.6%

Avtobuslar

31 min

2.2%

Xüsusi təyinatlı avtomobillər

12 min

0.9%

Digərləri

11 min

0.8%

Cəmi

1 milyon 418 min

100%

Maraqlıdır ki, 2016-2019-cu illərdə ölkədə yük avtomobillərinin sayı 9 min ədəd artıb. Həmin müddət ərzində ölkədəki avtobusların sayı isə, əksinə, 200 ədəd azalıb.

Azərbaycan hər min nəfərə düşən avtomobil sayına görə region ölkələrindən geri qalır

Azərbaycanda əhalinin hər min nəfərinə düşən avtomobil sayının az olması da diqqət çəkən göstəricilər arasındadır. Məsələn, Avropa Birliyi (AB) ölkələrində əhalinin hər min nəfərinə 569 avtomobil düşür. AB-də bu göstərici üzrə ən aşağı nəticəyə malik Latviyanın da (hər min nəfərə 342 ədəd) göstəricisi Azərbaycandan üç dəfəyə yaxın yüksəkdir. Azərbaycan əhalinin hər min nəfərinə düşən avtomobil sayına görə nəinki inkişaf etmiş Avropa ölkələrindən, elə region ölkələrindən də geridədir. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının 2018-ci ili əhatə edən məlumatına görə, əhalinin hər min nəfərinə düşən minik avtomobillərinin sayı Belarusda 334, Rusiyada 324, Gürcüstanda 261 (2016-cı ilin məlumatı), Qazaxıstanda 209, Türkiyədə 152 ədəd olduğu halda, Azərbaycanda cəmi 118-dir.

XS
SM
MD
LG