Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:00

Banklar iqlim dəyişikliyi ilə bağlı nə düşünür?


Mərkəzi Bank
Mərkəzi Bank

Mərkəzi Bank Azərbaycanın maliyyə sektorunun iştirakçıları (banklar, sığorta və investisiya şirkətləri) arasında "Dayanıqlı maliyyə" üzrə sorğu keçirib. Dayanıqlı maliyyə ESİ (ekoloji, sosial, idarəetmə) amillərinin maliyyə institutları tərəfindən qərarvermə prosesində nəzərə alınmasını ifadə edir.

Hər beş bankdan biri bu anlayışları əhəmiyyətli saymır

Sorğunun nəticələrinə görə, ölkədəki bankların 54 faizi ölkənin maliyyə bazarlarında iqlim dəyişiklikləri və ESİ prinsiplərinin idarəedilməsini orta əhəmiyyətli sayır. Bankların 25 faizi bu anlayışları yüksək əhəmiyyətli, 21 faizi aşağı əhəmiyyətli hesab edib. Başqa deyimlə. ölkədəki hər beş bankdan biri iqlim dəyişiklikləri ilə ekoloji amilləri öz fəaliyyətlərində önəmli saymır. Sorğuya qatılan bankların yarısı öz daxili fəaliyyətlərində dayanıqlı maliyyə, yaşıl maliyyə, ESİ prinsipləri kimi anlayışları müəyyənləşdirdiyini bildirib. Bankların tən yarısında isə bu tip fəaliyyətlər, ümumiyyətlə, gerçəkləşdirilməyib.

Sorğu nəticələrindən bəlli olur ki, maliyyə qurumlarının 73 faizinin fikrincə, bu anlayışların az diqqətə alınmasının başlıca səbəbi məlumatlılığın aşağı olmasıdır. Digər əsas səbəblər sırasında kadr potensialının adekvat səviyyədə olmaması (52 faiz), tənzimləmə çərçivəsinin mövcud olmaması (48 faiz) və nəzarət orqanının bunu tələb etməməsi (23 faiz) göstərilib.

Ölkədə fəaliyyət göstərən maliyyə qurumları dayanıqlı maliyyə sahəsində sadəcə aşağıdakı işləri gördüklərini bildiriblər:

- ağacəkmə kampaniyalarında iştirak;

- günəş panellərinin quraşdırılmasının maliyyələşdirilməsi;

- hibrid avtomobillərin sığortalanması;

- tullantıların təkrar emalı;

- qadın sahibkarların dəstəklənməsi.

İqlim dəyişikliklərinin riskləri qiymətləndirilirmi?

Mərkəzi Bankın sorğusundan məlum olub ki, ölkədəki bankların 46 faizi iqlim dəyişiklikləri və ESİ prinsiplərini öz risk dəyərləndirmələrinə daxil etmir.

Araşdırma çərçivəsində Mərkəzi Bank banklardan 2021 və 2022-ci illər üzrə enerji istehlakı, su sərfiyyatı və kağız istifadəsi üzrə də bilgi toplayıb. 2021-ci il illə müqayisədə ötən il üç bank enerji tükədilməsini, beş bank su sərfiyyatını və səkkiz bank kağızdan istifadəni azaldıb. Lakin bütövlükdə bank sektorunda enerji istehlakı, su sərfi və kağızdan istifadə artıb.

Qadınların idarəetmədə payı azdır

Mərkəzi Bankın açıqladığı hesabatda bank sektorunda çalışan işçilərlə bağlı bilgilərə də yer verilib. Həmin bilgilərdən aydın olur ki, Azərbaycanda bank sektorunda çalışan şəxslərin 71 faizi 40 yaşından kiçikdir. Bank sektorunda çalışanlar arasında qadınların payı isə 38 faizdir. Ancaq yuxarı və orta idarəetmə səviyyəsində qadınların payı kəskin aşağıdır. Banklardakı orta səviyyəli idarəedicilərin 17 faizi, yuxarı səviyyəli idarəedicilərinsə cəmi 11 faizi qadındır. Bank işçiləri arasında əlilliyi olan şəxslərin payı cəmi 1.5 faizdir.

XS
SM
MD
LG