Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:56

Azərbaycan XİN Belarusla bağlı mövqeyini belə izah edir


İ.Əliyev və A.Lukaşenko
İ.Əliyev və A.Lukaşenko

XİN bildirir ki, Azərbaycan "Şərq Tərəfdaşlığının bəyanatında Belarusla bağlı bəndi öz qeyd-şərti ilə qəbul edib"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Şərq Tərəfdaşlığı zirvə toplantısının birgə bəyannaməsinə ölkəsinin qeyd-şərti ilə bağlı sualı cavablandırıb.

Leyla Abdullayevə xatırladıb ki, dekabrın 15-də Brüssel şəhərində Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə toplantısı keçirilib və tədbirin yekununda birgə bəyannamə qəbul edilib:

“Bəyannamədə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər əks olunub. Avropa İttifaqının (Aİ) bütün tərəfdaş ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib.”

Sözçünün vurğulamasına görə, Azərbaycan - Aİ yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlanıb.

Leyla Abdullayevanın bildirməsinə görə, Aİ-yə qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur) yekunlaşdırılması alqışlanıb:

“Birgə bəyannamədə, həmçinin pandemiyanın qarşısının alınması, onun nəticələrinin yumşaldılması və aradan qaldırılmasında qlobal həmrəylik, gücləndirilmiş əməkdaşlıq və çoxtərəfliliyə çağırış edilib.”

Azərbaycanın qeyd-şərtləri

Leyla Abdullayevə vurğulayıb ki, Azərbaycan hər zaman Şərq Tərəfdaşlığı proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub. Onun qeyd etməsinə görə, bu prinsip birgə bəyannamənin özündə də əks olunub:

“Burada qeyd olunur ki, ŞT konstruktiv əməkdaşlığa əsaslanır və heç kimə qarşı yönəlməmişdir. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, Aİ üzv ölkələri və tərəfdaş ölkələr üçüncü ölkələrlə münasibətlərində müşahidə olunan çağırış və çətinlikləri ŞT proqramına gətirməməlidirlər.”

Habelə əlavə edilir ki, ŞT proqramı tərəfdaş ölkələrin üçüncü ölkələrlə bu proqramdan kənarda qurduğu yüksək səviyyəli münasibətlərə xələl gətirən siyasət yürütməməlidir.

Leyla Abdullayevə vurğulayıb ki, birgə bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlərin Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması səbəbindən ölkəsi onu yalnız öz qeyd-şərti ilə qəbul edib:

“Yəni, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirib”.

Sözçünün dediyinə görə, Azərbaycanın digər qeyd şərti sözü gedən sənədin texniki əlavəsində “münaqişənin təsirinə məruz qalan ərazilər” ifadəsi ilə bağlı olub:

“Sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcəkdir. Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Bu mövqe isə bilavasitə beynəlxalq hüquqa və dövlətlərin suveren hüquqlarına əsaslanır.”

Dekabrın 15-də Brüssel şəhərində Şərq Tərəfdaşlığının 6-cı Zirvə toplantısı keçirilib və tədbirin yekununda birgə bəyannamə qəbul edilib .

11-ci bənddə nə var?

Azərbaycan Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı (Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Belarus) keçmiş sovet respublikasının Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

ŞT və Belarus arasında əməkdaşlıq isə dayanıb.

Sözü gedən bəyannamənin 11-ci maddəsində Belarusun Şərq Tərəfdaşlığındakı iştirakını dayandırmasından təəssüf ifadə olunur və bildirilirdi ki, bu ölkədə demokratik keçid zəruri şəraiti yaratdıqdan sonra, Minsklə əməkdaşlıq bərpa oluna bilər.

Bu da qeyd olunurdu ki, Avropa İttifaqı Belarus vətəndaşlarını, bu ölkənin vətəndaş cəmiyyətini və müstəqil mediasını dəstəkləməkdə davam edəcək.

XS
SM
MD
LG