Çexiya ilə qarşılaşmadan öncə yerli futbol şərhçiləri Azərbaycanın yığmasının bu oyundan bir xal qazanmasını «möcüzə» adlandırırdılar. Ancaq, onların diliylə desək, «möcüzə baş verdi». Azərbaycanın futbol yığması Dünya Çempionatının seçmə oyunları çərçivəsində qrupdakı növbəti rəqibi ilə oyunda qapısından qol buraxmadı və oyunu heç-heçə başa vurdu. Davamı gələcəkmi? Yoxsa ilk iki oyundakı qələbə, son oyundakı heç-heçə bir təsadüf idi?
«Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli cavab verir:
– Mən bunu təsadüf kimi qiymətləndirmirəm. «Təsadüf» o halda deyə bilərdik ki, oyunboyu komandalardan biri üstün olsun, aşkar hücum etsin, o biri statik oynasın. Amma belə olmadı. Azərbaycan yığması çox inamlı təsir bağışladı, xüsusən də ikinci hissədə. Mən şəxsən yığmamızın üçgünlük fasilədən sonra belə yaxşı oynayacağını təsəvvür etmirdim. Evdə Norveçlə çətin oyun keçirmişdi və bundan sonra da səfərə çıxmışdı. Bu mənada belə bir nəticəni təsadüf saymaq olmaz. Üç oyuna yeddi xal nəticədir artıq. Xüsusən də son oyundan sonra. Əvvəlki iki qələbəni təqvimlə bağlamaq mümkün idi bəlkə də, tutalım, San-Marinonu udmaq elə də ciddi uğur deyildi, Norveçi evdə udmuşduq. Amma artıq Çexiyadan bir xal almaq müəyyən nəticədir. Hərçənd, Dünya Çempionatına qatılmaq perspektivi baxımından, xoş xəyallar qurmaqdan ötrü noyabrın 11-də Şimali İrlandiya ilə oyunu gözləmək lazımdır. Bu oyun da evdə yox, səfərdə baş tutacaq. Həmin oyunda ən azı uduzmamalıyıq. Turnir cədvəlində ən yaxın izləyicimiz Şimali İrlandiyadır. Bu, 6 xallıq oyun olacaq, onu nəzərə almalıyıq.
– Azərbaycanın Şimali İrlandiya ilə oyundan xal qazanmaq imkanı varmı?
– Hesab edirəm ki, Şimali İrlandiyadan da xal almaq olar. Hər halda, Azərbaycan yığması Norveç və Çexiyayla oyunlarda göstərdi ki, artıq atletik futbol, yəni texnikalı futboldan fərqli üslub ortaya qoyan komandalarla da oynamağı bacarır. Həm də iştah diş altındadır. Uşaqlarda artıq özünə inam artıb. İlk üç oyunda qol buraxmadan oynayıblar, iki qələbə, bir heç-heçə var. Səhv etmirəmsə, Avropada qol buraxmayan dörd yığmadan biri Azərbaycandır. Təbii, bunlar özünə inamı artırır və böyük uğura səsləyir. Yenə də deyirəm, nəyəsə ümid etmək üçün Şimali İrlandiyadan xal almaq lazımdır, bundan sonra şirin xəyallar qurmaq olar.
– Şimali İrlandiyadan xal almaq boyundan hündürə tullanmaq sayıla bilərmi, yoxsa realdır?
– Ona qalsa, Çexiyadan xal almaq da çətin idi. Şimali İrlandiya, təxminən, Çexiya ilə bərabər səviyyəli yığmadır. Azərbaycan istəsə, xal ala bilər. Potensial var. Bu potensialı bir qədər də artırmalıdır. Demirəm, Şimali İrlandiyadan üç xal ala bilərlər, amma səfərdə bir xal da böyük nəticədir. Azərbaycan yığması evdə daha inamlı təsir bağışlayır, daha üstün olur. Ona görə səfərdən hansı xalla qayıtsaq, bizim üçün qənimətdir.
– Son uğurlar Berti Vogts-dan sonra gələn Robert Prosinečki-nin uğurlarıdır, yoxsa artıq Azərbaycan yığması da yavaş-yavaş səviyyəsini artırmağa başlayıb?
– Müxtəlif amillər var. Təbii ki, burda baş məşqçi Robert Prosinečki-nin də əməyi var. Yığmamız yenimərhələyə faktiki onun rəhbərliyi altında başlayıb. Bu mərhələylə bağlı toplanışlar, yoldaşlıq görüşləri onun başçılığı altında keçirilib. Belə demək mümkünsə, artıq komandanı, futbolçuları tanıyır, buna görə də heyətlə bağlı müxtəlif dəyişikliklərə, rotasiyalara əl ata bilir. Bir tərəfdən Prosinečki-nin xidmətidirsə, digər tərəfdən də oyunçuların təcrübəsi artıb. Artıq «Qarabağ» üç ildir, «Qəbələ» iki ildir ardıcıl Avroliqanın qrupuna düşür, bu komandalarda hər nə qədər legionerlər olsa da, azərbaycanlı oyunçular da yetərincədir və yerli futbolçuların beynəlxalq oyun təcrübəsi artır, daha intensiv oynamağa başlayırlar. Bütün bunlar da uğuru şərtləndirən səbəblərdən bir neçəsidir.
– Mahir bəy, gəlin bir az da irəli gedək, Azərbaycan yığmasının qrupdan çıxmaq imkanı varmı?
– Birinci dövrə bitməyib. Qrupda altı komanda var. Onlardan, heç olmasa, beşi ilə oynayaq ki, qrupdan çıxmaq perspektivləri haqda düşünək. Şimali İrlandiyadan sonrakı rəqibimiz Almaniyadır və ondan xal almağı nadir yığmalar bacarır. Amma Şimali İrlandiyadan xal alarıqsa, qrupdan çıxmaq xəyalları qura bilərik. Bu gün üçünsə bu haqda danışmaq tezdir.