Obama Erdoğanla şəxsi görüşdən imtina etdi
ABŞ prezidenti Barack Obama türkiyəli həmkarı R.T. Erdoğanın sammit çərçivəsində şəxsi görüş təklifini rədd edib. Bunu Wall Street Journal yazır. Türkiyə prezidenti martın 31-də baş tutacaq nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gedəcək. ABŞ prezidentinin sözcüsü iki liderin görüşünə zərurətin olmadığını bildirib.
"Erdoğanla görüşün baş tutmamasını hörmətsizlik kimi qəbul etmək lazım deyil, çünkü Barack Obama Türkiyədə keçirilən G20 sammitində Türkiyə prezidenti ilə görüşüb, fevral ayında isə liderlər arasında telefon danışığı baş tutub" - deyə Ağ Evdən bildirilib.
Rusiya prezidenti Putinə qarşı sensasiyalı informasiya hücumu planlaşdırılır
Maraqlıdır ki, bunu prezidentin mətbuat katibi Dmitriy Peskov bildirib. Belə çıxır ki, Kreml həmin materialları önləmək istəyir. Peskovun sözlərinə görə, Kreml yaxın günlərdə qərb KİV-dən yeni təxribat gözləyir. Sifarişli informasiya Putin və onun ətrafını hədəf alacaq.
Peskov bildirib ki, həmin informasiya Putin, onun ailəsi, uşaqlıq dostları, prezidentin bəzi biznesmenlərlə əlaqəsi, hansısa offşor şirkətlərlə bağlı olacaq.
Peskov həmçinin hədələyib ki, yalan faktlar, prezidenti nüfuzdan salmağa yönələn məlumat yayan KİV məhkəməyə veriləcək.
9 yaşlı qız Dəniz Qoşunları üçün testi verdi
Cəmi 25 kq çəkisi olan 9 yaşlı amerikalı qız ABŞ Hərbi Dəniz Qüvvələri üçün fiziki hazırlıq testi olan 24 saatlıq BattleFrog BFX24 testini verib.
New York Post yazır ki, Floridadan olan Milla Bizzotto 24 saata 57,6 km qaçıb, 8 km üzüb, 25 maneəni aşıb. O, yarış vaxtı cəmi 4 saat yatıb.
Lənkəran Dövlət Universitetinin rektoru işdən azad olundu
Prezident İlham Əliyev Asəf Daşdəmir oğlu İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə A. İsgəndərov təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.