Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 02:49

Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda ittiham edir


Yerasxda zədələndiyi deyilən avtomobil
Yerasxda zədələndiyi deyilən avtomobil

Azərbaycan mövqelərinin vurulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, iyunun 13-də iki istiqamətdə mövqeləri hədəf seçilib.

Nazirliyin açıqlamasına görə, saat 19:15 radələrində “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri” Şuşa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Məlumatda vurğulanır ki, “qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

AMN daha əvvəl isə bildirmişdi ki, saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.

“Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür” - nazirlik əlavə edirdi.

'Xankəndi ilə danışıqlara hələ də Vardanyan mane olur'. Bakı və Yerevan arasında DEBAT #Izahla
Gözlə

No media source currently available

0:00 0:20:29 0:00

Ermənistan: Zavodun tikintisi atəşə tutulub

Bundan əvvəl, iyunun 13-də Ermənistanın Müdafiə Nazirliyi xəbər vermişdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Yerasx (Arazdəyən-red) istiqamətində Ermənistan ərazisini atəşə tutması nəticəsində mülki avtomobilə və bir başqa obyektə ziyan dəyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun nazirliyə istinadla bildirmişdi ki, Azərbaycan hərbçiləri Yerasx istiqamətində yerləşən Ermənistan mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutublar.

Ermənistan XİN məlumat verir ki, Azərbaycan Yerasxda xarici kapitalın cəlbi ilə tikilməkdə olan metallurgiya zavodunu atəşə tutmaqla Ermənistanın beynəlxalq aləmdə tanınmış sərhədlərinə, insan haqlarına və beynəlxalq hüquqa etinasızlıq nümayiş etdirir.

Nazirlik bildirib ki, Yerasx kəndindəki Barekamutyun metallurgiya zavodunun tikilməsi Azərbaycanı “bərk narahat edib”.

Rəsmi Bakı bildirib ki, bu ərazidə razılaşdırılmamış fəaliyyətlə Ermənistan beynəlxalq ekoloji standartları pozur.

Azərbaycan XİN-in reaksiyası

Azərbaycan Xarici İşlər Nazirliyi də öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

Qurum “Azərbaycanın Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəfə alması barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını” qəbul etmədiyini vurğulayır.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma bununla belə bölgədə tez-tez atəşkəs pozuntusuna aid xəbərlər yayılır və buna görə tərəflər bir qayda olaraq bir-birlərini günahlandırırlar.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG