Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:55

Yerevan Əliyevin bəyanatını 'Ermənistanın işlərinə kobud müdaxilə' sayır


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

"Ermənistan Konstitusiyası və ona dəyişikliklər Ermənistanın daxili işidir. Biz onunla bağlı hələ 2018-ci ildə başlanan daxili müzakirələrə rəsmi Bakının qarışma cəhdlərini ölkəmizin işlərinə kobud müdaxilə kimi qiymətləndiririk".

Azərbaycan prezidenti İlham Əliyevin açıqlamasına cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə deyilir.

Əliyev iyunun 6-da Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament sədrləri ilə görüşdə demişdi ki, "Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil"

Yerevan vurğulayır ki, bu cür söhbətlər sülh prosesini torpeda edir və Azərbaycan rəhbərliyinin sülhə nail olmaqda səmimiyyətinə şübhə yaradır.

"... Danışıqların aparıldığı sülh sazişində aydın şəkildə qeyd olunub ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birlərinə qarşı ərazi iddiaları yoxdur. Sülh sazişi layihəsində həmçinin razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz", - Ermənistan XİN-in açıqlamasında bildirilir.

Nazirlik hesab edir ki, tərəflərin bütün narahatlıqlarını aradan qaldırmağın ən aydın, birbaşa yolu Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh səhifəsini açacaq sazişin imzalanmasıdır: "Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün yetişib. Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması, imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir".

Daha əvvəl də Bakı bildirirdi ki, sülh sazişi layihəsinin müzakirəsinin əvvəlindən Ermənistan tərəfini "Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə Konstitusiyada və müxtəlif qanunlarda əksini tapmış qəsdlərə son qoymağa çağırıb". Prezident Əliyev bunu sülh sazişinin imzalanması üçün ilkin şərt hesab edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə bugünlərdə Milli Assambleyada bəyan edib ki, iki ölkənin konstitusiyaları hüquqi müstəvidə uzunmüddətli sülhün bərqərarı üçün problem ola bilməz.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da buna etiraz edib: "Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdi reallıqdan uzaqdır və qəbuledilməzdir".

Azərbaycan XİN: “Bu Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz.”

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab verib.

Cavab açıqlamada vurğulanıb ki, onun bəyanatı, əslində, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.

XİN hesab edir ki, əsas problem, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına istinad edən Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi, siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır:

“Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz.”

Əliyevə spiker Simoyan da cavab verib

Yaxşı olardı ki, Azərbaycan prezidenti Sumqayıt və Bakı qətliamlarından danışaydı.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 7-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib:

"Hər şeydən əvvəl biz həmin soyqırım haqqında danışmalıyıq. Əgər biz sülhə doğru gediriksə, sülh istəyən tərəf belə şeylər danışmaqdansa, sülhə mane olan məsələlərdən danışmalıydı”.

Prezident İlham Əliyev mayın 29-da Xocalı qətliamı barədə danışarkən demişdi ki, Ermənistan özü bunu etiraf etməli və Azərbaycandan üzr istəməlidir:

“Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi – o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”.

İlham Əliyevin Minsk qrupunun buraxılmasına dair bəyanatından danışan Simonyan deyib ki, Minsk Qrupunun mənası artıq itib və sülh müqaviləsinin imzalanması bu məsələni avtomatik həll edəcək.

Ermənistan Milli Məclisinin spikeri vurğulayıb ki, hər dəfə iki ölkə razılaşmalar əldə edəndə, Əliyev sülh prosesinə hücum edir.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsinin bir ayın ərzində imzalana biləcəyini demişdi.

Simonyan bu barədə suala cavab verərkən deyib:

"Biz artıq bizim üçün və Azərbaycan üçün problematik olan əksər sualların cavablarının olduğu mərhələyə çatmışıq”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG