Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 04:45

İlin ilk rübündə Azərbaycanın ixrac gəlirləri 23 faiz azalıb


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır? (Arxiv. 2022)

Dövlət Gömrük Komitəsi (DGK) bu ilin ilk rübünə dair xarici ticarət göstəricilərini açıqlayıb. Açıqlanan bilgilərdən Azərbaycanın ixracdan götürdüyü gəlirlərin azaldığı görünür. Belə ki, ötən ilin ilk rübündə Azərbaycanın ixrac gəlirləri 7 milyard 741 milyon dollar olmuşdusa, 2024-cü ilin eyni dövründə bu rəqəm 5 milyard 984 milyon dollara enib. Deməli, ötən illə müqayisədə ilin ilk rübündə Azərbaycanın ixracdan əldə etdiyi vəsait 1 milyard 757 milyon dollar və ya 23 faiz azalıb.

İlk rübdə Azərbaycanın idxala xərclədiyi vəsaitin də həcmi azalıb, ancaq idxaldakı azalma nisbətən daha azdır. Azərbaycan ötən ilin ilk rübündə idxala 4 milyard dollar xərclədiyi halda, bu il eyni rəqəm 3 milyard 711 milyon dollar olub. İdxala xərclənən pullar ötən illə müqayisədə təxminən 300 milyon dollar və ya 8 faizə yaxın azalıb.

İxracdakı azalmanın idxalın azalmasını üstələməsi son nəticədə ticarət saldosunun (ixrac və idxal arasındakı fərq) kəskin azalmasına yol açıb. Ötən ilin ilk üç ayında Azərbaycanın ixrac gəlirləri idxala xərclənən vəsaiti 3.7 milyard dollar qabaqladığı halda, bu il həmin rəqəm 2.2 milyard dollara enib. Başqa sözlə, ticarət saldosu ötən illə müqayisədə təxminən 1.5 milyard dollar və ya 40 faizə yaxın azalıb.

İxracda enerji sektorunun payı artıb

Azərbaycanın ixrac gəlirlərində, hər zaman olduğu kimi, enerji gəlirlərindən yüksək asılılıq qalmaqdadır. Bu il ərzində ixracdan götürülən gəlirlərin 88.74 faizi neft və qaz satışı hesabına əldə edilib. Ötən ilin eyni dövründə bu göstərici 88.22 faiz idi. Belə çıxır ki, son bir ildə ixracda enerji sektorundan asılılıq bir qədər də artıb.

Avropanın qaz ehtiyacı artır, Azərbaycan nə təklif edir?
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

İxracın strukturunda bir məqam da diqqət çəkir. Avropa Birliyi ölkələrinin ixracdakı payı ötən illə müqayisədə 64 faizdən 50 faizə geriləyib. Bunun əsas səbəbi ötən il Azərbaycandan neft alışına görə ilk üçlükdə olan İspaniyanın bu il Azərbaycandan daha az neft almasıdır. İspaniyaya ixrac edilən neftin həcmi ötən illə müqayisədən 605 min tondan 76 min tona enib.

İxrac niyə azalıb?

Bu il Azərbaycanın ixrac gəlirlərinin azalması həm enerji, həm də qeyri-neft sektorunda ixracın aşağı düşməsindən qaynaqlanır. İxrac edilən neftin istər həcmi, istərsə qiyməti azalıb. Ötən ilin ilk üç ayında Azərbaycan 6.8 milyon ton neft ixrac etdiyi halda, bu ilin eyni dövründə cəmi 5.7 milyon ton neft satılıb. Ötən il satılan bir ton neftin orta ixrac dəyəri 627 dollar olduğu halda, bu il eyni rəqəm 623 dollara enib. Həm qiymətin, həm də həcmin azalmasına görə Azərbaycanın neft satışından gəlirləri 4.3 milyard dollardan 3.5 milyard dollara düşüb.

Neftdən fərqli olaraq, təbii qaz ixracı artsa da, qiymətlər ucuzlaşdığından Azərbaycan ötən illə müqayisədə daha çox qaz satdığı halda, daha az pul qazanıb. İlin ilk üç ayında Azərbaycan 4.9 milyard kubmetr təbii qaz ixrac edib. Ötən ilin eyni dövründə bu rəqəm 3 milyard kubmetr idi. Di gəl, ötən ilin ilk rübündə satılan hər min kubmetr qazın orta ixrac qiyməti 769 dollar idisə, bu il həmin göstərici 355 dollaradək geriləyib.

Neft və təbii qazla yanaşı, Azərbaycanın neftdənkənar sektorunda da gəlir azalıb. Son illər bu yöndəki ixracda bəlli artımlar yaşansa da, artıq həmin sektorda da artım öz yerini azalmaya verib. Ötən ilin ilk üç ayında Azərbaycan neftdənkənar sektordan 912 milyon dollar qazandığı halda, bu il həmin rəqəm 674 milyon dollara enib. Başqa sözlə, ölkənin qeyri-neft ixracı 26 faiz azalıb. Qeyri-neft sektoru üzrə azalmanın əsas səbəbi elektrik enerjisi ixracının kəskin azalmasıdır. 2023-cü ildə Azərbaycan elektrik ixracından 281 milyon dollar gəlir götürmüşdüsə, bu il həmin rəqəm 7 dəfə azalaraq 41 milyon dollara enib. Beləliklə, elektrik enerjisinin Azərbaycanın qeyri-neft sektoru ixracında payı 33 faizdən 7 faizə geriləyib.

Azərbaycan makaronu niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Qeyri-neft sektoru ixracını ölkələr üzrə gözdən keçirdikdə bəlli olur ki, ən çox azalma Türkiyəyə gerçəkləşdirilən ixracla bağlıdır. Əgər 2023-cü ilin ilk rübündə Azərbaycan Türkiyəyə 340 milyon dollarlıq qeyri-neft ixracı gerçəkləşdirmişdisə, bu il həmin rəqəm 150 milyon dollara düşüb. Bu il Azərbaycanın ən çox neftdənkənar məhsul göndərdiyi ölkə Rusiya olub. Gürcüstana gerçəkləşdirilən belə ixracda isə gəlir 109 milyon dollardan 59 milyon dollara enib. Unutmaq olmaz ki, Gürcüstan da Azərbaycandan elektrik enerjisi satın alan iki ölkədən biri idi.

İdxalda Çin Rusiyanı qabaqlayıb

Bu ilin ilk rübündə Azərbaycanın xarici ticarət göstəriciləri ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri idxalda ilk yeri tutan ölkənin adının dəyişməsidir. Son dövrlər Azərbaycanın idxalında Rusiya ilk yeri tutsa da, 2024-cü ildə, hələlik, ən çox idxal Çindən baş tutub. Ötən illə müqayisədə Azərbaycanın Çindən idxalı 26 faiz çoxalaraq 589 milyon dollardan 744 milyon dollara yüksəlib. Eyni dövrdə Rusiyadan gerçəkləşdirilən idxal həcmi 796 milyon dollardan 662 milyon dollara geriləyib. Hazırda Çinin Azərbaycanın idxalındakı payı 20 faiz, Rusiyanın payı 18 faizdir. Türkiyə 15 faizlik payla üçüncü yerdədir.

Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi ölkələrin ilk üçlüyü isə ötən illə müqayisədə dəyişməz qalıb. Bu il ərzində Azərbaycan ixrac gəlirlərinin 33 faizini İtaliya, 16 faizini Türkiyə, 11 faizini İsrail hesabına təmin edib.

XS
SM
MD
LG